• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Bərəkətsiz “bazarlıq” - Yaya qışda hazırlaşmaq lazımdır!

  • İdman
  • 26 Yanvar 2015 15:59
  • 4 053 Baxış
Bərəkətsiz “bazarlıq” - Yaya qışda hazırlaşmaq lazımdır!

Azərbaycan Premyer Liqasında çıxış edən klublar III dövrənin hazırlıqlarını davam etdirirlər. Komandalar hazırlıqlarla yanaşı, qış “transfer pəncərəsi” zamanı heyəti də gücləndirir, müəyyən mövqelərdəki boşluqları aradan qaldırmağa cəhd edirlər.

Avropaya gedəcək “dördlük” bəllidir

Çempionatın III dövrəsinin hazırlıq planı bir tərəfə, avrokuboklarda iştiraka iddia edən klublar həm də yayı fikirləşməlidirlər. Avrokuboklar üçün mübarizə planı indidən cızılmalıdır ki, yayda uğursuzluq olmasın. Azərbaycanda həmişə belə olub: klublar yalnız çempionat bitdikdən, avrokuboklara vəsiqə əldə etdikdən sonra heyətlə bağlı boşluqları doldurmağa cəhd ediblər. Bu da bir çox hallarda effektli olmayıb. Çünki yay transferi dönəmində heyətə cəlb edilən futbolçular avrokuboklar başlayana qədər adaptasiya oluna bilmədiklərinə görə, ümidləri doğrultmayıblar. Bəs, bu il necə olacaq? Avrokuboklara iddialı olan klublar yenə də eyni səhvi təkrarlayacaqmı? Əslində bu mövsüm çempionatın başa çatmasını gözləmədən də Azərbaycanı avrokuboklarda hansı komandaların təmsil edəcəyini müəyyənləşdirmək olar. “Bakı”, “Sumqayıt”, AZAL və “Simurq”un büdcəsi Avropaya getməyə imkan vermir. Bahalı legionerlərini yola salıb, gənclərə güvənəcəyini bəyan edən “Xəzər Lənkəran”ın da avrokuboklardan imtina etdiyi bəllidir. Qalır 4 komanda. Böyük ehtimalla Azərbaycanı avrokuboklarda “Qarabağ”, “Neftçi”, “İnter” və “Qəbələ” təmsil edəcək.

“Qarabağ”ın transferə ehtiyacı yoxdur?

İndi isə məhz bu komandaların “transfer pəncərəsi” açılandan sonra heyəti gücləndirmək üçün hansı addımlar atdığına diqqət yetirək. Son çempion, Avroliqanın qrup mərhələsində çıxış etmiş “Qarabağ” hələ ki, heç bir transfer həyata keçirməyib.

“Qarabağ”ın transferə ehtiyacı yoxdur? Əlbəttə ki, var. Elə avrokubok oyunlarında biz bunun şahidi olduq. Qurban Qurbanov zədələnən və cəzalanan futbolçuların yerini doldurmaqda böyük çətinliklə üzləşdi. Eyni problemlər yayda da yaşana bilər. “Qarabağ”ın xüsusən də legioner futbolçulara ehtiyacı var. Nəzərə almaq lazımdır ki, AFFA limit məsələsinə yenidən baxmağı planlaşdırır. 6+5 sisteminin ləğv olunacağı dəqiqdir.

Azərbaycanda səviyyəli yerli futbolçuların qıt olduğunu nəzərə alsaq, avrokuboklarda uğurlu çıxış etmək üçün legionerlərə güvənmək lazım gəlir. Düzdür, qış transfer pəncərəsi zamanı səviyyəli legioner tapmaq müşkül olur. Özü də Qurban Qurbanovun futbolçu seçimindəki meyarına uyğun gələn futbolçu. Bu amili nəzərə alsaq, “Qarabağ”ın hələ də transfer etməməsini anlamaq olar. Ancaq bütün hallarda “Köhlən atlar” heyəti gücləndirməlidir. Bu il futbol ictimaiyyəti “Qarabağ”dan daha böyük uğur gözləyir. Yayın hazırlığını qışda görməklə, bu uğurun təməlini möhkəm qoymaq olar.

“İnter” rəhbərliyi indidən bəhanə hazırlayır?

Hazırda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşmış “İnter” 2 legioner, 1 yerli futbolçunun transferini həyata keçirib. Və bu transferləri ciddi keçid hesab etmək olar. Əfran İsmayılov Azərbaycanda sayılıb-seçilən futbolçulardan hesab olunur. Legionerlər - Ruben Şaken və Yusuf Fentiçin Hollandiya çempionatından gəlməsi isə təmtəraqlı səslənir. Hər halda, bu futbolçuların Hollandiyadan Azərbaycana papağı günə vermək üçün gəlib-gəlmədiklərini çempionat oyunlarında biləcəyik. Ancaq “İnter”in ən böyük dərdi futbolçu yox, baş məşqçi problemidir. Kaxaber Tsxadadze Gürcüstan millisi ilə müqavilə imzalayıb. Onun çempionat başa çatandan sonra “bankirlər”i tərk edəcəyi dəqiqdir. Avrokuboklar ərəfəsində komandaya gələcək yeni baş məşqçinin isə öz oyun fəlsəfəsi olacaq. Bu da futbolçulara əlavə problemlər yaradacaq. Yeni oyun sisteminə alışmaq üçün oyunçulara müəyyən vaxt lazımdır. Avrokuboklar ərəfəsində keçiriləcək təlim-məşq toplanışında bu problemləri aradan qaldırmaq olacaq? Güman ki, yox. Deməli, uğursuzluq olacağı təqdirdə yeni baş məşqçinin də, “İnter” rəhbərliyinin də alibisi olacaq: “Məşqçimiz təzə idi, ona görə alınmadı”. Bu bəhanəni aradan qaldırmaq üçün gedəcəyi məlum olan Tsxadadzenin yerinə elə indi yeni baş məşqçi təyin etmək olmazdı? Təbii ki, olardı. Peşəkar amillər nəzərə alınsaydı. Amma görünən odur ki, “İnter” rəhbərliyini peşəkar yox, digər amillər maraqlandırır.

“Neftçi” gələcəyi düşünmür

Turnir cədvəlinin 3-cü pilləsində qərarlaşmış “Neftçi”nin də yayda avrokuboklarda iştirak edəcəyinə şübhə etmək olmaz. “Ağ-qaralar” artıq 3 transfer həyata keçirib. Hər üçü də yerli transfer. Ancaq “Neftçi” avrokuboklarda uğurlu çıxış etmək istəyirsə, mütləq legioner gətirməlidir. Özü də nəzərə almaq lazımdır ki, “ağ-qaralar”ın heyətində olan legionerlərin bir çoxunun səviyyəsinin avrokuboklara uyğun gəlmədiyi də bəllidir. Bunu son iki mövsümdəki oyunlar sübut edib. “Netçi” heyətdə olan bir neçə legioneri yola salmalı, onların əvəzinə yeni futbolçular transfer etməliydi. Amma əvəzində “ağ-qaralar” Türkiyənin aşağı dəstəsində özünü sübut edə bilməyən Rəhman Hacıyevi, “Xəzər Lənkəran”da hücumçudan çox müdafiəçi təsiri bağışlayan Rauf Əliyevi transfer edib. Bu transferlərin heç birini gələcəyə hesablanmış addım saymaq olmaz. “Ağ-qaralar”ın gerçəkləşdirdiyi transferlərdə ağ yox, qara yolun izi görünür.

“Qəbələ”də məsuliyyət bölgüsü məlumdur

Güman ki, Azərbaycanı avrokuboklarda təmsil edəcək 4-cü komanda “Qəbələ” olacaq. Əyalət təmsilçisi çempionatın ilk yarısını uğursuz başa vurdu və hazırda turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Elə bu uğursuzluğu nəzərə alan klub rəhbərliyi baş məşqçi dəyişikliyinə əl atdı. Qeyd edək ki, bu dəyişiklik vaxtında həyata keçirildi. Ukraynalı mütəxəssis Roman Qriqorçukun transferlər etmək, komandanı qurmaq üçün kifayət qədər vaxtı oldu. Rəşad Sadiqovu nəzərə almasaq, “Qəbələ”nin yeni transferləri Ukraynadan gəlib. Yəqin ki, Qriqorçukun yaxşı tanıdığı futbolçulardır. Bu, onu göstərir ki, “Qəbələ” rəhbərliyi məşqçiyə transfer məsələsində tam sərbəstlik verib: kimi istəyirsən al, amma nəticə ver. Qriqorçukun və onun güvəndiyi futbolçuların səviyyəsinə bələd olmaq üçün avrokubok oyunlarını gözləməyə lüzum qalmayacaq. Çempionatın 2-3 oyunundan sonra hər şey bəlli olacaq. Uğursuzluq olacaqsa, Qruqorçuk keyfiyyətsiz futbolçulara, “Qəbələ” rəhbərliyi isə Qriqorçukun özünə görə məsuliyyət daşıyacaq.

Maliyyə vəziyyəti sabit olmayan digər komandaların transfer siyasətinə diqqət ayırmağı lazım bilmədik. Əslində o komandaların heç bir transfer siyasəti yoxdur. Bu komandalardan gedənlərin və gələnlərin olması isə peşəkar yox, kosmetik xarakter daşıyır.

Natiq Muxtarlı

Klubların yanvar ayında reallaşdırdığı transferlər

Qarabağ

Gedənlər: İnnosent Emeqara.

Gələnlər: yoxdur.

İnter

Gedənlər: Mirzağa Hüseynpur.

Gələnlər: Əfran İsmayılov (Xəzər Lənkəran), Yussef Fenniç (Zvolle, Hollandiya), Ruben Şaken (Feyenoord, Hollandiya).

Neftçi

Gedənlər: Emil Balayev (Ayntraxt F, Almaniya), Nicat Qurbanov (AZAL, icarə), Elçin Sadıqov (Bakı, icarə), Elnur Allahverdiyev.

Gələnlər: Aqil Məmmədov (Bakı), Rəhman Hacıyev (Bakı), Rauf Əliyev (Xəzər Lənkəran).

Simurq

Gedənlər: Lukas Tresnak, Məhərrəm Hüseynov.

Gələnlər: Elnur Abdullayev (Xəzər Lənkəran), Xuan Alvarado (Erqotelis, Yunanıstan).

Xəzər Lənkəran

Gedənlər: Oğuz Çətin (baş məşqçi), Deyan Blajevski (Vardar, Makedoniya), Rəşad Sadiqov (Qəbələ), Elnur Abdullayev (Simurq), Əfran İsmayılov (İnter), Aleksandr Şemonayev (AZAL), Rauf Əliyev (Neftçi), Uğur Pamuk (Sumqayıt), Tieqo de Xesus (Şapekoense, Braziliya), Fernando Qabriel (Persepolis, İran), Manuel Skarlatake, Qalin İvanov, Cahangir Həsənzadə, Vanderson Skarduelli, Orxan Əliyev (Sumqayıt, icarə).

Gələnlər: Elbrus Məmmədov (baş məşqçi).

Qəbələ

Gedənlər: Dorinel Muntyanu (baş məşqçi), Tərzin Cahangirov (Sumqayıt, icarəyə), Yazalde Pinto.

Gələnlər: Roman Qriqorçuk (baş məşqçi), Rəşad Sadiqov (Xəzər Lənkəran), Aleksey Qay (Çernomorets, Ukrayna), Dmitri Bezotosnı (Çernomorets, Ukrayna), Ruslan Abışov (Rubin, Rusiya, icarə), Ruslan Fomin (Çernomorets, Ukrayna).

AZAL

Gedənlər: Adil Nağıyev (Zirə, icarə), Təmkin Xəlilzadə, Asif Mirili, Tural Nərimanov, Tomi Kostadinov, Orxan Səfiyaroğlu, Con Kordoba.

Gələnlər: Ruslan Nəsirli (Araz Naxçıvan), Azər Məmmədov (Araz Naxçıvan), Aleksandr Şemonayev (Xəzər Lənkəran), Nicat Qurbanov (Neftçi, icarə), Valeri Kutsenko (Dauqava, Latviya), Aqil Nəbiyev (Araz Naxçıvan).

Sumqayıt

Gedənlər: Tərlan Əhmədli (Zirə, icarə), Ramazan Abbasov (Bakı), Tagim Novruzov (Bakı), Ceyhun Cavadov (Rəvan, icarə müqaviləsi bitib), Fərid Quliyev, Şəhriyar Xəlilov, Kiyan Sultanpur.

Gələnlər: Uğur Pamuk (Xəzər Lənkəran), Tərzin Cahangirov (Qəbələ, icarə), Pərdis Fərcad-Azad (klubsuz), Orxan Əliyev (Xəzər Lənkəran, icarə).

Bakı

Gedənlər: Aqil Məmmədov (Neftçi), Rəhman Hacıyev (Neftçi), Yure Travner (Ridinq, İngiltərə), Elvin Əliyev (Rəvan), Risto Ristoviç (Larisa, Yunanıstan), Lukas Mario Horvat, Cəmşid Məhərrəmov (Adanaspor, Türkiyə).

Gələnlər: Ramazan Abbasov (Sumqayıt), Tagim Novruzov (Sumqayıt), Kamil Nurəhmədov (Rəvan), Murad Hüseynov (Daqdizel, Rusiya), Elçin Sadıqov (Neftçi, icarə).

Qeyd edək ki, “transfer pəncərəsi” fevralın 2-dək davam edəcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR