• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Şahin Diniyev: “Birinci katib məni göstərərək baş məşqçimizdən kim olduğumu soruşmuşdu”

  • İdman
  • 26 Yanvar 2015 18:36
  • 697 Baxış
Şahin Diniyev: “Birinci katib məni göstərərək baş məşqçimizdən kim olduğumu soruşmuşdu”

Azərbaycanlı futbolçuların və məşqçilərin ölkə xaricində karyera qurmaq arzuları çox vaxt uğursuzluqla nəticələnib. Xaricə yollanan futbolçularımız getdiyi kimi geri dönürsə, məşqçilərimiz son illərdə ölkə xaricinə, demək olar, çıxa bilmir. Ölkə xaricində həm futbolçu, həm də məşqçi kimi çalışmış azsaylı mütəxəssislərimizdən biri də Şahin Diniyevdir.

Həmişə səmimiliyilə seçilən Şahin bəy ölkə xaricində həm futbolçu, həm də məşqçi kimi karyerasının necə başlamasından və futbolçularımızın, mütəxəssislərimizin xaricdə uğur qazana bilməməsinin səbəblərindən danışıb.

• İlk dəfə Moldovadan dəvət aldım. O da İsgəndər Cavadovun vasitəsiylə. O vaxtlar Cavadov da “Nistru”da oynayırdı. Mən isə “Kəpəz”də oynayırdım. Həmin dövrdə komandayla aramda yaranan bəzi problemlərə görə Gəncədən ayrılmaq qərarına gəldim. Sovet dövründə hətta ittifaq daxilində olsa belə, başqa ölkənin klubuna keçidə böyük maneələr var idi. Ancaq buna baxmayaraq, komandadan ayrıldım. Bir növ acıq elədim. Amma bundan sonra bilmirdim nə edim. Çünki mövsümün ortasında ayrılmışdım.

Təxminən iyul-avqust ayları idi. Bu zaman mənə zəng gəldi. İsgəndər Cavadov mənə dedi ki, bilet al, gəl Kişinyova. Mən də onun dediyi kimi etdim. Orda məni çox yüksək səviyyədə qarşıladılar. Kişinyova çatar-çatmaz mənə ayrıca ev ayırdılar. O vaxt bizdə peşəkar futbol yox idi deyə, Moldovada belə qarşılanmağım məni bir qədər yaxşı mənada təəccübləndirdi. Səhəri gün komandanın sürücüsü gəlib məni komandanın (Nistru) bazasına apardı. SSRİ dövründə "Nistru"nun bazası ittifaqda ən gözəl bazalardan biriydi.

Komandanın baş məşqçisi də Əhməd Ələsgərov idi. Mənimlə dərhal müqavilə bağladılar. Orda məndən bircə kəlmə soruşdular: burda oynamaq istəyirsən? Necə oynadığımı heç soruşmadılar da. Yəqin mən getməmişdən əvvəl İsgəndər Cavadov haqqımda bütün məlumatları moldovalılara vermişdi. Çünki İsgəndər mənim oyunuma bələd idi. Onunla təxminən 3-4 ay Gəncədə bir yerdə oynamışdıq. Məşqlərdə də özümü yaxşı tərəfdən göstərdim. Bircə problem o idi ki, çempionat oyunlarında məni iştirak ərizəsinə sala biləcəklər, ya yox? O vaxtlar bir sovet vətəndaşının başqa respublikada işləməsi problem yaradırdı. Həmin ölkə sovet respublikası olsa belə. Onda Gəncədəki baş məşqçimiz Müzəffər Qasımov çox insani bir davranış edərək, mənim kağızımı verdi ki, komandadan rahat ayrıla bilim. Ancaq bu hərəkəti onun özünə problem yaratdı. Bildiyim qədəriylə məhz bu hərəkətinə görə sonra onu komandadan uzaqlaşdırdılar. Mənə bu köməyi etdiyinə görə ömür boyu ona minnətdaram.

Moldovaya əlimdə kağızla gəlsəm də, məsələyə Moskvada da baxılmalı idi. Bu müddətdə komanda ilə məşqlərimi davam etdirdim. Komandanın heyətində “Styaua”ya qarşı oyunda forma da geyindim. O vaxtlar “Styaua” Avropanın ən güclü klublarından biri idi. Çox güclü heyətləri vardı. Ancaq biz həmin vaxt rumınlara 4:2 hesabıyla qalib gəlmişdik. Səhv etmirəmsə, İsgəndər Cavadov həmin oyunda iki qol vurmuşdu. Mən də həmin oyunda forma geyinmişdim. Sol yarımmüdafiəçi mövqeyində oynamışdım. Oyunum da pis alınmamışdı. Hamı alqışlamışdı. Həmin vaxt maraqlı bir hadisə də oldu. O vaxt bizim oyunumuzu izləyən Moldovanın birinci katibi məni göstərərək baş məşqçimizdən (Əhməd Ələsgərov) kim olduğumu soruşmuşdu. Ələsgərov da qara olduğuma görə, zarafatla “burda universitetdə oxuyur, özü Kamerundandı” demişdi. Sonra “komandaya yoxlamaq üçün götürmüşük” deyəndə, birinci katib “tez götürün, nə lazımdısa edərik” deyib. Ancaq sonradan Əhməd müəllim sadəcə zarafat etdiyini demişdi (gülür). Daha sonra bizi Moskvaya çağırdılar. Orda məndən harda oynamaq istədiyimi soruşdular. Mən “Nistru”da oynamaq istədiyimi dedim. Azərbaycan tərəfdən Moskvaya gəlmiş nümayəndə dedi ki, “sən “Neftçi”də oynamalısan, səni komandaya çağıracaqlar”. Orda yeganə cavabım bu oldu ki, neçə ildi oynayıram, elə indi “Neftçi”yə çağırılası oldum? Təbii ki, bunların hamısı mənim Moldova klubuna keçməyimə əngəl olmaq, məni fikrimdən yayındırmaq üçün deyilirdi. Mənim ilk legioner həyatım məhz belə başladı.

“Yaxınlaşıb bilet uzatdılar və dedilər hər şey hazırdır”

• İsrailə getməyim bir az təsadüfi oldu. "Terek"də oynayırdım, yay ayları idi. Bir axşam qapımızı döydülər. Qapını açdıqda bir neçə qalstuklu adamın dayandığını gördüm. Onlar “sizinlə danışmaq istəyirik” dedilər. Məndən soruşdular ki, "xaricdə oynamaq istəyirsən?". Bunu əvvəl zarafat kimi qəbul etdim. Çünki həmin dövrdə xaricdə oynayacağımı ağlıma gətirmirdim. Onlardan bunun bir zarafat olduğunu soruşdum. Dedilər ki, “zarafat deyil, bizə sadəcə cavab lazımdır”. Mən “hə” cavabı verdim. Bundan sonra onlar çıxıb getdilər. O gün baş verənlər mənə yuxu kimi gəlirdi. Onlarla olan söhbəti ciddi qəbul etmədim. Bir müddət sonra Sankt-Peterburqun "Dinamo" klubuyla oynamaq üçün Piterə yollanmışdıq. Oyundan çıxan kimi gördüm evimə gələn həmin adamlar məni çöldə gözləyirlər. Mənə yaxınlaşıb bilet uzatdılar və dedilər hər şey hazırdı: “Sabah Moskvaya, ordan da Təl-Əvivə gedəcəksən”. O vaxtlar "Terek"də məşqçi, sonradan isə Çeçenistanda idman və gənclər naziri olan Haydar Alxanova yaxınlaşıb, mənə belə bir təklif gəldiyini dedim. Alxanov mənim yaxın dostumdu. O vaxtlar mən "Terek"də ilin oyunçusu seçilmişdim. Komandanın əsas üzvlərindən biri idim. Ancaq Alxanov mənə belə cavab verdi:

“Uğurlu olsun. İnşallah, komandaya düşə bilərsən. Qayıdası olsan, komandamızın qapısı həmişə sənin üzünə açıqdı". Sonralar o, mənə dedi ki, “həmin vaxt sənin əlinə düşmüş bu cür şansı səndən ala bilməzdim”.

Mənimlə yanaşı, Vidadi Rzayevə də təklif gəlmişdi. Hər ikimiz İsrailə getdik. Bizi oteldə yerləşdirdilər. Bizi bir neçə komandaya aparırdılar. Biletimizin müddəti 10 günlük idi. Bu müddətdən sonra geri qayıtmalı idik. Bu müddətdə müxtəlif komandalarda baxışda olduq. Sonunda klublardan biri məni transfer etməkdə maraqlı olduğunu bildirdi. Biz onda Vidadiylə belə qərara gəlmişdik ki, "Terek"ə geri qayıdaq. Səhəri gün saat 7-də Moskvaya uçmalıydıq. Menecerlər yenə mənimlə danışmağa gəldilər. Mən hər dəfə onlarla danışdıqda bir az çətin şərtlər qoyurdum ki, razılaşmasınlar. Çünki geri qayıtmaq istəyirdim. Ancaq nə məbləğ deyirdimsə, razılaşırdılar. Saat 5-də oteldən çıxmalı idik. 5-in yarısı gəlib daha artıq məbləğ təklif etdilər. Mən yenə razılaşmırdım, lakin onların dediyi bir söz fikrimi dəyişməyə səbəb oldu. Onlar mənə dedilər ki, “səni bizə məsləhət görən şəxs səni bura öz puluyla göndərib. Həm də bu pulu borca götürüb və sən razılaşmasan, onu pis vəziyyətdə qoyacaqsan”. Çox pis oldum. Moskvaya qayıtmamışdan əvvəl onların təklif etdiyi müqaviləyə qol çəkdim. Sonra yenə İsrailə qayıtdım.

İlk komandam İsraildə mübarizə aparan ərəb klubuydu (Hapoel Tayibe). Bu klubda ərəb və yəhudi futbolçular bir yerdə oynayırdılar. Baş məşqçiləri yəhudi idi. Tayibe şəhəri özü isə ərəb şəhəriydi. Bu klub birinci divizionda oynayırdı. Orda oynadığım zaman birinci dövrədən sonra birinci divizionun simvolik komandasına düşdüm. Orda olduğum müddətdə bir dəfə də olsun futbolçular arasında ayrı-seçkiliyin yaşandığını görmədim. Şəxsən özüm ora gedəndə mənə çox böyük hörmət edirdilər. Baxmayaraq ki, mənim müsəlman olduğumu bilirdilər. Ordakı dostlarımın da çoxu yəhudilər idi. Daha sonra isə İsrailin əsas liqasından da təklif gəldi. Daha doğrusu, bir neçə təklif var idi. Mən onlardan "Beytar"ın (Təl-Əviv) təklifini qəbul etdim. Ordakı çıxışım da yaxşı alınmışdı. Sadəcə, zədəm mənə daha artıq oynamağa imkan vermədi və ölkəyə qayıtmalı oldum. Amma biz orda özümüzü yaxşı tərəfdən göstərdik. Daha sonra ora Samir Ələkbərovu da dəvət etdilər. O vaxt mən Azərbaycana qayıdanda "Dinamo"ya sadəcə məşq üçün gəlmişdim. Sonradan Novruz Əzimov dedi ki, bizə oyunlarda da kömək elə. Çempionatda "Dinamo"nun heyətində çox az oynadım. Belimdə olan ağrılar oynamağıma imkan vermirdi. Buna görə də karyeramı çox tez - 31 yaşımda bitirməli oldum.

“Nə qədər yalvardım, xeyri olmadı”

• "Terek"ə məşqçi kimi yollanmağımda orda futbolçu kimi çıxışımın böyük rolu oldu. Orda çoxlu dostlarım var. Ailəmə faciə üz verdikdən sonra həyatdan soyumuşdum. Özüm də müalicə alırdım. Bədənimin bir çox yerində qırıqlar var idi. Bu vaxt "Terek"də əvvəllər məşqçim işləmiş, həmin dövrdə isə Çeçenistanın idman və gənclər naziri olan Haydar Alxanov məni Rusiyaya çağırdı. O, məndən ordakı sanatoriyada müalicəmi davam etdirməyimi istədi. Əvvəllər qəbul etməsəm də, onun israrı nəticəsində Rusiyaya yollanmalı oldum. O vaxt Kislovodskda müalicə aldığım zaman mənə dedi ki, yenidən "Terek"i yaratmaq istəyirik. O vaxtlar Çeçenistanda müharibə getdiyindən, klubun bazası Kislovodskda qərarlaşmışdı. Alxanov mənə dedi ki, “klubun 4 futbolçusu qalıb, formalarını itirməmək üçün sən hələlik onları məşq elətdir. Biz Moskvadan məşqçi dəvət etmişik. O gələndə komandanı ona təhvil verərsən”. Razılaşdım. Səhəri gün daha iki futbolçu qoşuldu. Bir neçə günə futbolçuların sayı get-gedə artmaqda davam elədi. Artıq 11 gündən sonra mən və köməkçim 40 (!) futbolçuya məşq keçirdik. Futbolçuların sayının durmadan artdığını və yeni məşqçinin də gəlmədiyini görüb, Alxanovdan moskvalı məşqçinin niyə hələ də gəlmədiyini soruşdum. O isə moskvalı məşqçinin bizə Soçidə qoşulacağını dedi. O vaxt ona dedim ki, mən komandanın məsuliyyətini üzərimə götürə bilmərəm. Çünki o vaxt mənim yetərincə məşqçi təcrübəm yox idi. O, belə olduğu halda, mənə ikinci məşqçi kimi qalmağı təklif etdi. Bununla razılaşdım.

Çempionat başlayana qədər Moskvadan gələcək məşqçini gözləyirdim. Rəhbərliyim altında 25 futbolçu var idi. O vaxt da kubokda oyunumuz vardı. Kubokun ilkin mərhələsində İnquşetiyanın "Anquş" (Nazran) klubuyla düşmüşdük. Bu klublar arasında olan münasibət isə sovet dövründəki "Ararat"la "Neftçi" arasında olan münasibət kimiydi. Yəni əzəli rəqiblər idi. O vaxtlar komandanın düşərgəsinə İqor Netto gəlmişdi. Sevindim ki, nəhayət, komandaya məşqçi gəldi. Netto üç gün idi məşqlərə baxırdı. Axşam Netto, mən və Alxanov yığışıb oturduq. Netto Alxasova dedi ki, “sən niyə baş məşqçi axtarırsan? Sizin baş məşqçiniz var. Düz üç gündü onun (Şahin Diniyevi nəzərdə tutur) məşqlərinə baxıram. Hər bir şeyi qaydasında edir. Məncə, sizə məşqçi lazım deyil”.

Bunu heç gözləmirdim. Bilmədim onu necə yola gətirim. Dedim “İqor Aleksandroviç, siz nə danışırsız, mən komandanı çalışdırmağa hazır deyiləm”. O isə cavabında “hər şey qaydasındadır. Sən hələ cavansan, təcrübə toplamalısan. Sənin məşqlərinə əsasən deyə bilərəm ki, hər şey yaxşı olacaq”.

Nə qədər yalvardım, xeyri olmadı. Məcburən komandanı "Anquş"la oyuna mən çıxardım. O oyunda 1:0 qalib gələrək mərhələni keçdik. Bundan sonra artıq məni buraxmaqdan söhbət belə gedə bilməzdi.

Ümumiyyətlə, "Terek"lə yollarım üç dəfə kəsişib. Birinci dəfə futbolçu kimi bu klubda çıxış etmişəm. İkinci dəfə klubun yenidən yaradılmasında iştirak etdim. Üçüncü dəfə isə kluba Premyer Liqada çıxış edərkən qoşuldum. Onda da Alxanov vasitəsiylə komandaya gəldim. "Terek"in ikinci komandasına başçılıq edirdim. Daha sonra əsas komandanın məşqçiləri istefaya göndərildikdən sonra klubu Premyer Liqadakı son 5 oyuna çıxarmaq mənə tapşırıldı. O vaxt mənə rəhbərlikdən bildirdilər ki, son 5 oyunda yerli futbolçuların oynamasını istəyirik. Onsuz da o vaxt klubun Premyer Liqadakı son 5 oyununun heç bir əhəmiyyəti qalmamışdı. Yəni bu oyunları udsaq da, uduzsaq da mövqeyimizdə elə bir dəyişiklik olmurdu. O vaxtlar komandanın oyunlarında ikinci komandadan bir çox oyunçuya şans verdim. Hətta "Spartak"la (Nalçik) oyunda 8-9 yerli futbolçuya güvənmişdim.

"Terek"dən gedişim həmişə şəxsi məsələlərə görə olub. Yəni bu komandada həmişə rahat çalışmışam. Hətta bir dəfə komandanı tərk edərkən klub mənim rəhbərliyim altında son 5 oyunun hamısında qalib gəlmişdi.

Yerli futbolçu və məşqçilər

• Azərbaycanlı məşqçilərin və futbolçuların xaricdə özünü göstərə bilməməsinin əsas səbəbi bizim futbol ölkəsi olmamağımızdır. Futbolda brend olan ölkələr var. Məsələn, bir futbolçudan və ya məşqçidən hansı ölkədən olduğunu soruşanda, “Braziliya və ya Almaniya” cavabı alındıqda həmin oyunçunun və ya məşqçinin səviyyəsindən asılı olmayaraq, bu ona əlavə xal qazandırır. Bizdə isə belə deyil. Bizim Avropada heç bir uğurumuz yoxdur. Yəni futbol ölkəsi sayılmadığımızdan, buranın futbolçu və mütəxəssislərinə o qədər inanmırlar.

Digər səbəb isə futbolçulara xaricdə verilən pulla ölkədəkinin arasında elə bir fərq olmamasıdır. Hətta Azərbaycanda futbolçuların daha çox qazanmaq şansı olur, nəinki xaricdə. Belə olan halda, futbolçular xaricdə oyanmaqdansa ölkə daxilində - doğma vətəndə oynamağa üstünlük verirlər. Ancaq ölkədə perspektiv üçün çalışan futbolçular da var.

Komanda.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR