• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bir ildə 4 sevgili dəyişən kim, quşun ölümündən depressiyaya düşən kim...

  • İdman
  • 26 Yanvar 2015 19:43
  • 6 386 Baxış
Bir ildə 4 sevgili dəyişən kim, quşun ölümündən depressiyaya düşən kim...

Məşhur idmançılar karyerası ilə yanaşı, özəl həyatıyla da gündəmdən düşmürlər. Biri sevgilisindən ayrılır, biri ikinci yarısını tapır, biri dostuna xəyanət edir və s...

Şəxsi həyatla bağlı mətbuatın gündəmini zəbt edən sonuncu böyük hadisə Kriştiano Ronaldonun İrina Şeykdən ayrılması oldu. Məqam düşmüşkən, bu dəfə qalmaqallı sevgi münasibətlərindən və sevgililərini əlcək kimi dəyişənlərdən danışacağıq.

Bu Ronaldo dünyada model-zad qoymayıb

Uzun zaman İrina Şeyklə can deyib, can eşidən portuqaliyalı ulduz futbolçu Ronaldonun “sevgili siyahısı” çox genişdir. Hətta bir ildə 4-5 dəfə sevgili dəyişdiyi vaxtları da olub.

2002-ci ildə Ronaldo özündən 9 yaş böyük andorralı model Jordana Jardellə olan münasibətinə görə mətbuatın gündəmindən düşmürdü. Jardeldən ayrılan ulduz futbolçu Karina Ferro adlı bir xanımla sevgili oldu. Bu sevgi münasibəti 2002-ci ildən 2005-ci ilə qədər davam etdi. Elə bu dönəm Ferronun da model olaraq məşhurlaşmasına səbəb olmuşdu.

Bundan sonrakılar sırayla belə davam edir - Daniele Aqiar (2005), İzabel Fiquer (2005), Diana Çaves (2006), Nuria Bermudez (2006) (Bermudez keçmiş “Fənərbaxça”lı Quizanın həyat yoldaşıdır), Soraya Çaves (2006), Merçe Romero (2006), Lusiana Abreu (2007), Qemma Atkinson (2007), Bipaşa Basu (2007), Karina Bakki (2007), Karolina Patrosinio (2007), Lusia Qarsia (2008), Maria Şarapova (2008), Niki Qazian (2008), Paris Hilton (2009) və s... Siyahını uzatmaq da olar. Amma kifayətdir. Uzun sözün qısası, Ronaldo Avropada model-zad qoymayıb.

Qeyd edək ki, son 5 il idi ki, İrina Şeyklə bərabər idi. Futbolçunun sevgilisinin bir aktyor tərəfindən əlindən alındığı iddia olunur.

Ronaldinyo bu sahədə də istedadlıdır

Futbol əfsanəsi Ronaldinyo da “əlcək dəyişən kimi sevgili dəyişən idmançılar” siyahısında ilk pillələrdə dayanır. O da hər il yeni sevgili ilə mətbuatın gündəmində olub.

Hətta 2008-ci ildə PSJ-nin keçmiş baş məşqçisi Luis Fernandes də kitabında onu “şorgöz” biri olaraq qeyd etmişdi. Fernandes bildirib ki, Ronaldinyo komandanın təlim-məşq bazasında otağına qadınları çağırırdı.

Külbaş Eşli, bir şəkilə görə ailəsini dağıdıb

İngiltərə milli komandasının keçmiş üzvü və “Roma” klubunun oyunçusu Eşli Koul da belələrindəndir. O, İngiltərədə gözəlliyi və xarici görünüşü ilə hamının diqqətini cəlb edən Çeril Koylla evlidir. Buna baxmayaraq, Eşlinin gözü başqa yerlərdədir. Belə ki, Eşli 2012-ci ildə öz çılpaq şəkillərini Bruk Hili adlı modelə e-mail vasitəsilə göndərmək istəyib, bu zaman həyat yoldaşı meseleden agah olub. Məhz bu hadisədən sonra cütlük boşanmağa qərar verib. Bu onun ilk xəyanəti olmayıb. Koul həyat yoldaşını 5 dəfə müxtəlif xanımlarla aldadıb.

Boşandıqdan sonra onun adı hər ay müxtəlif xanımlarla gündəmdə olub.

Arxadan vurulan zərbə, baş rolda - Terri

“Çelsi”nin təcrübəli müdafiəçisi Con Terri evlidir. Və onun Toni adlı xanımla olan evliliyindən əkiz övladı var. Onun “şorgöz” kimi gündəm yaratmasına səbəb millidəki komanda yoldaşı Ueyn Bricin həyat yoldaşı Vanessa Perronsel ilə bərabər olması ilə başlayıb. Buna görə İngiltərə millisinin üzvü Con Terridən yığmanın kapitanlıq sarğısı alınmışdı.

Səbrsiz Kan...

Almaniya yığmasının və "Bavariya" klubunun əfsanəvi qapıçılarından sayılan Oliver Kan da adını bu "qara siyahı"ya yazdırıb. Belə ki, veteran qapıçı o zaman hamilə olan həyat yoldaşını 21 yaşındakı parti qızı Verena Ketlə aldatmışdı.

“Fenomen”in unudulmaz transseksual biabırçılığı

Futbolun “Fenomen”i braziliyalı Ronaldo da dəfələrlə sevgili dəyişib və iki dəfə evli olub. Bundan əlavə onun adı “seks qalmaqalı”nda da hallanıb. Belə ki, Ronaldo bir gün sevgilisini evinə ötürdükdən sonra bir neçə qadınla birlikdə oteldəki otağına qayıtmışdı. Ronaldo otağına gətirdiyi “qadınlar”ın əslində transseksual olduğunu bilən kimi onları otaqdan qovmağa başlayıb. “Qadın”lar isə bu xəbərin mətbuata sızmaması üçün məşhur futbolçudan müəyyən məbləğdə pul tələb etmişdilər. Rio polisi Ronaldonun hadisənin əsl mahiyyətini onlara danışdığını bildirmişdilər. Futbolçu özü isə bu səhvin yükünü ömür boyu içində yaşadacağını təəssüflə qeyd etmişdi.

Allah boy verib, amma...

NBA-nın ulduz basketbolçularından Kobi Brayant Koloradodakı villasında 2003-cü ildə 19 yaşlı Katelin Faber adlı gənc qıza təcavüz etməkdə günahlandırılmışdı. Bundan sonra NBA ulduzunun karyerasında sürətli eniş başladı. Üstəlik, milyonluq sponsor müqavilələrini də əldən qaçırtdı. İdmançı günahsız olduğunu sübut etmək üçün dünyanın ən məşhur vəkillərini tutdu. Bir müddət çəkən məhkəmə prosesi sonda Kobinin lehinə qərar verdi.

Bu durum idmançının psixologiyasına da təsirsiz ötüşmədi. Ancaq tez zamanda özünü toparlayan 198 sm boya malik idmançı meydanlara qayıdıb, yenidən uğurlarını təkrarlamağı bacardı.

“Şorgöz” Sərgən

Türkiyə futbolunun unudulmaz adamı Sərgən Yalçının da sevgili siyahısı qabarıqdır. Onun üçün həmişə bu fikir bildirilib: “Möhtəşəm futbola vida etdi, amma gözəl xanımlara əsla...”

Demək olar ki, hər ay müxtəlif gözəllərlə adı çəkilən Sərgən Yalçının sevgililərindən biri özündən 17 yaş kiçik olub. Bu da mətbuatın gündəmindən düşmürdü. Bəziləri tərəfindən qınağa çəkilsə də, bəziləri də Sərgən olduğu üçün bu durumu normal sayırdı.

Sonuncu sevgililərindən biri də “Muhteşem Yüzyıl” və “Karadayı” seriallarında rol alan Melike İpek Yalova idi. Ancaq bu sevgidən də yorulan Sərgən özünə yenisini tapır. Onun növbəti eşq macərasının Almeida Abazi olduğu deyilir. Almeyda “Miss Globe Dünya” gözəllik yarışının qalibidir.

Rinqin “qızıl oğlan”ı striptizlə də məşğul olub?

Rinqin “qızıl oğlanı” Oskar de la Hoyya da şorgözlükdə adını zirvəyə yazdırıb. O, hazırda evlidir. Amma evlilik dönəminə qədər bir çox gözəllərlə gündəm olmağı bacarıb. Ən biabırçı hadisə isə “striptizçi” bir qızla çəkilmiş fotolarının yayılmasından sonra oldu. Belə ki, məşhur basketbolçu bərabər olduğu xanımın “iş paltarı”nı geyinərək şəkil çəkdirib. Bundan sonra 22 yaşlı qadın onu şantaj etməyə başlayıb. Bəzi şəkilləri mətbuata ötürən həmin xanım istədiyini əldə etməsə, başqa şəkilləri də üzə çıxaracağını demişdi.

Sədaqətsiz milyarder

Saniyədə 148 dollar qazanan qolfçu Tayger Vuds hədsiz sədaqətsizliyi ilə də tanınır. Onun müxtəlif qadınlarla şəkilləri mətbu orqanların manşetini bəzəyib. Xanımlarla açıq-saçıq şəkilləri isə müxtəlif qadınlar tərəfindən ortaya çıxarılıb.

Bir çox sevgilisi olan qolf ustası yalnız bir dəfə evlənib. O, 2004-2010-cu illərdə İsveç model Elin Nordegren ilə evli olub. Bu evlilikdən Sam Aleksis və Çarlie Aksel adlı iki övladı dünyaya gəlib. Hazırda Lindsey Vonn ilə sevgilidir. Mətbuat üçün də çox maraqlıdır ki, bu münasibət nə yaxşı uzun müddətdir davam edir.

Taysonun başı daşdan-daşa dəyib

Boksun əfsanəsi Mayk Tayson bir zamanlar “şorgöz”lər siyahısında idi. Evli olduğu müddətdə müxtəlif qadınlarla könül əyləndirmişdi. Amma özü də xəyanətə uğrayıb. Çox gənc yaşda model bir xanımla ailə quran Mayk həyat yoldaşı tərəfindən Bred Pittlə aldadılmışdı. Pitt o zaman bu dərəcədə məşhur deyildi. Bundan əlavə “Dəmir Mayk”ın adı “seks qalmaqalı”na da qarışıb.

İndianapolisdəki otel otağında 18 yaşlı Desire Vaşinqton adlı gənc bir qızı zorlayaraq həbs olunmuşdu. Məhkəmə Taysonu 6 illiyə azadlıqdan məhrum etdi və daha sonra şərti-cəza müqabilində müddəti 4 ilə qədər endirdi.

Boksu 2005-ci ildə buraxdıqdan sonra quşlara hədsiz marağı olan Mayk göyərçin ferması yaratdı. Günlərin bir günü, sevgilisi “qısqanclıq zəminində” Maykın ən çox sevdiyi quşu öldürüb, bişirib və yeyib. Araları dəydiyi üçün sevgilisinin bu yolla əl atdığını öyrənən Tayson həmin anları belə şərh edib:

“Mətbəxdə oturub yemək yeyirdi. Sonra mənə dedi ki, "göyərçinini yeyirəm, ləzzətlidir... Məncə sən də yeməlisən” dedi. Yaşadığım ağrını təsvir etmək imkansızdır. O an onunla olan münasibətimi bitirdim, amma hadisə səbəbindən uzun müddət depressiya müalicəsi gördüm”.

Son bir neçə ildir, özünə yığılan Tayson hazırda ikinci dəfə evlənib və həyat yoldaşını çox sevdiyini bildirib.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR