Polis məntəqəsindən başlayan uğursuzluq - VİDEO
Bizi izləyin

İdman

Polis məntəqəsindən başlayan uğursuzluq - VİDEO

İspaniya kubokunda ilk yarımfinalçı dünən gecə saatlarında məlum oldu. Bir həftə əvvəl “Nou Kamp”da minimal hesablı qələbə qazanan (1:0) “Barselona” Madridə nisbətən rahat yollanmışdı.

Publika.az xəbər verir ki, “Atletiko”nun cavab oyununda asanlıqla təslim olmayacağını güman edilirdi. Amma olmadı. Gözlənilənlər özünü doğrultmadı. Madridlilər uğursuz bir gün yaşadı. İlk dəqiqələrdə vurulan qol sadəcə görüntü idi.

Nə baş verdisə, birinci hissədə baş verdi. Fernando Torres 1-ci dəqiqədə Maskeranonu məharətlə aldadaraq kubok yarışında son 40 ilin ən erkən qolunu vurdu. “El-Ninyo” erkən qol üzrə ixtisaslaşmaqdadır. Ötən mərhələdə “Real”ı 46-cı saniyədə məyus edən Torres “Barsa”nı daha tez həyəcanlandırdı. Amma bir neçə dəqiqədən sonra kataloniyalıların İspaniyanın paytaxtına məğlub olmağa gəlmədikləri üzə çıxdı. İlk hissədə azarkeşlər 5 qol izlədi. Hakim səhvləri də oldu, verilən və verilməyən penalti də oldu. “Atletiko”nun kapitanı Qabinin fasilədə qırmızı vərəqə alması oyunun “sınma nöqtəsi” oldu. Ikinci hissədə say üstünlüyündən istifadə edən qonaqlar istədiyi kimi oynadı. Dieqo Simeonenin yetirmələri isə meydanda aciz görünürdü.

Son dəqiqələrdə əsəblərinə hakim olmayan Arda Turanın butsunu kənara atması diqqət mərkəzinə düşdü. “Atletiko” matçı 9 nəfərlə başa vurdu. 84-cü dəqiqədə Mario Suares Messiyə qarşı kobudluğa görə Qabinin yanına getdi.

Bir sözlə, həmin gün “Atletiko”nun günü deyildi. Uğursuzluq hələ oyundan əvvəl simptomlarını göstərmişdi. Belə ki, “Atletiko”nun zədəli müdafiəçisi Kristian Ansaldi oyuna gələrkən polis tərəfindən saxlanılıb. Maşının sənədləri qaydasında olmadığı üçün futbolçu şöbəyə aparılıb.

“Barselona”nın yarımfinalda rəqibi “Vilyarreal” - “Xetafe” cütünün qalibi olacaq. Kataloniyalılar kuboku qazanmağa ən real namizəd sayılır.

İspaniya kuboku, 1/4 final

Atletiko - Barselona 2:3 (ilk oyun - 0:1)

Torres, 1. Raul Qarsiya, 30-p - Neymar, 9; 41. Miranda, 38-a/q.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm