Qışdan kim “sağ” çıxıb? - Rəqabətsiz turda prinsipiallıq axtararkən
Bizi izləyin

İdman

Qışdan kim “sağ” çıxıb? - Rəqabətsiz turda prinsipiallıq axtararkən

Azərbaycan Premyer Liqasında qış fasiləsi başa çatır. Yanvarın 30-da 3-cü dövrəyə - 19-cu turun oyunlarına start veriləcək.

“Qarabağ” əlini ağdan-qaraya vurmadı

Uzunmüddətli hazırlıqdan sonra komandaların oyun keyfiyyətinin o qədər də yüksək olmayacağı dəqiqdir. Xətlərarası əlaqənin istənilən səviyyədə olmaması, rəsmi oyun təcrübəsinin çatışmaması komandaların meydandakı çıxışına istər-istəməz təsir edəcək. Ancaq bütün hallarda “qışdan kim necə çıxıb” sualına da müəyyən aydınlıq gələcək. Əslində qış “transfer pəncərəsi” dönəmində Azərbaycan klubları o qədər də fəal olmayıb. Futbol azarkeşlərini isə əsasən avrokuboklara iddialı olan komandaların transfer siyasəti daha çox maraqlandırır. Bu baxımdan yanaşsaq, “fasilə dönəmində “Neftçi” və “Qarabağ” əlini ağdan-qaraya vurmayıb. “Qarabağ” hələ ki, transfer gerçəkləşdirməyib. “Netçi” isə heyətə ancaq yerli futbolçuları cəlb edib. Avrokuboklara iddialı olan digər 2 klub - “İnter” və “Qəbələ” isə fəal olub. Xüsusən də Qəbələ təmsilçisi. Yeni baş məşqçi Roman Qriqorçuk keçmiş tələbələrini “Qəbələ”yə gətiribsə, “İnter” Hollandiya çempionatında çıxış etmiş 2 legionerlə güclənib.

“İnter”i “bəllilik”...

“Güclənib” dedik. Amma “İnter”in həqiqətən də güclənib-güclənmədiyinə bu tur bələd ola bilməyəcəyik. Çünki “bankirlər”i ciddi rəqib gözləmir. 19-cu turun açılış qarşılaşmasında “İnter” çempionatın autsayderlərindən olan “Sumqayıt”ı qəbul edəcək. “Bankirlər” üçün bu qarşılaşma “asan gəzinti” sayılmalıdır. Ancaq bir məqamı nəzərə almağımız vacibdir. Kaxaber Tsxadadzenin mövsümün sonunda klubdan ayrılacağı bəllidir. Bu bəllilik futbolçuların oyun kondisiyasına təsir edə bilər. Edə bilərsə, onda “İnter” autsayder qarşısında büdrəyə də bilər.

“İnter” Sumqayıtın eyniadlı təmsilçisi ilə 11-ci dəfə qarşılaşacaq. Əvvəlki qarşılaşmalarda paytaxt təmsilçisi məğlub olmayıb. Cəmi 1 qol vurub, 2 xal qazanan “gənclik şəhəri” təmsilçisi səfər oyunlarında məğlubiyyətdən qaça bilməyib.

İnter - Sumqayıt: 10 oyun, 8 qələbə, 2 heç-heçə, top fərqi 17:1.

“Neftçi”ni motivasiyasızlıq yıxa bilər

Turun daha bir qarşılaşması yanvarın 31-də keçiriləcək. Bu oyundan da hansısa prinsipiallıq gözləməyə dəyməz. AZAL - “Neftçi” oyununun iştirakçıları müxtəlif statuslardadır. “Təyyarəçilər”in aclıqdan qanadları sallanıbsa, “Neftçi” maliyyə çətinliklərinə rəğmən, hələ də iddiasını qoruyur. Aylardır məvacib ala bilməyən “ağ-qaralar”ın futbolçularının hansı əhval-ruhiyyədə olduğu məhz AZAL-la oyunda bəlli olacaq. Fikirləri alacaqları pulda qalan futbolçular qanadı qırıq “təyyarə”nin də “havalanmasına” bais ola bilərlər. Motivasiyasızlıqla. “Neftçi” rəhbərliyi bu amili nəzərə alıb, müəyyən addım atmalıdır. Yaxşı olardı ki, oyun ərəfəsində futbolçulara olan borcun bir qismi ödənilsin. Ödənilsin ki, “Neftçi”dəki böhran dərinləşməsin.

Paytaxt derbisində “Neftçi” üstün olsa da, “ağ-qaralar” son 4 səfər duelindən yalnız birində qalib gəlib. AZAL isə son 11 qarşılaşmadan yalnız 1-də qapısını toxunulmaz saxlamağa nail olub.

AZAL - Neftçi: 23 oyun, 4 qələbə, 7 heç-heçə, 12 məğlubiyyət, top fərqi 18:40.

Cənublu gənclərin yolu rəvan olacaq?

Turun daha iki qarşılaşması fevralın 1-də keçiriləcək. Bu oyunlarda da ciddi rəqabət gözlənilmir. Zaqatalada “Simurq” “Xəzər Lənkəran”ı qəbul edəcək. Zaqatalalılar qışdan “sağ çıxıbsa”, heyətini qoruyubsa, lənkəranlılar strategiyasını tam dəyişib. Bahalı futbolçulardan qurtulan cənublular gənclərlə yola davam edəcək. Bu yolun rəvan olub-olmayacağı elə “Simurq”la qarşılaşmada bilinəcək. Zaqatala təmsilçisi turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb və rəhbərlik avrokuboklara iddialı olduğunu bildirib. Bu iddianın ciddi anlam kəsb etməsi üçün “Xəzər Lənkəran”ın gəncləri məğlub edilməlidi. Əks-təqdirdə mövsümün sonunda “Simurq”un nəsibi “üç badam” və “bir Zaqatala qozu” olacaq.

Zaqatala təmsilçisi əvvəlki 10 ev oyununda cəmi 1 dəfə qalib gəlib. Lakin “Simurq” son 5 qarşılaşmada meydanı qolsuz tərk etməyib. “Xəzər Lənkəran” əvvəlki oyunların yarısında qalib gəlməklə, böyük üstünlüyə malikdir.

Simurq - Xəzər Lənkəran: 20 oyun, 3 qələbə, 7 heç-heçə, 10 məğlubiyyət, top fərqi 22:30.

“Bakı”nın “Qəbələ”yə müqavimət göstərmək üçün halı olacaq?

Fevralın 1-də Bakıda baş tutacaq qarşılaşmanın iştirakçıları da fərqli statusda olacaqlar. “Bakı” maliyyə problemlərini fasilə müddətində də həll edə bilmədi. Əksinə, komandanı bir neçə futbolçu tərk etdi. Nurlan Novruzovu isə Yaşar Seyidovun şantajı müqabilində komandada saxlamaq mümkün oldu. Düşərgəsində belə əhval-ruhiyyə olan “Bakı”nın “Qəbələ”yə müqavimət göstərmək üçün halı olacaq? Əslində bu sualdan da çox, ““Qəbələ” “Bakı”ya qalib gəlməsə, durumu necə olacaq” sualı daha aktualdı. Yeni baş məşqçi və ukraynalı legionerlər. Buyurun, səviyyənizi “Bakı”nın cor-cocuqları ilə oyunda göstərin!

“Bakı” son 8 qarşılaşmada qalib gələ bilməyib. Amma ümumi hesabda paytaxt təmsilçisi daha çox qələbə qazanıb. Qəbələ son 5 səfər oyununda məğlub olmayıb, rəqibinə cəmi 2 xal verib.

Bakı - Qəbələ: 26 oyun, 12 qələbə, 6 heç-heçə, 8 məğlubiyyət, top fərqi 29:25.

Natiq

Azərbaycan Premyer Liqası, 19-cu tur

30 yanvar

16:00 İnter - Sumqayıt (İnter Arena)

31 yanvar

15:00 AZAL - Neftçi (AZAL Arena)

1 fevral

17:00 Simurq - Xəzər Lənkəran (Zaqatala şəhər stadionu)

14:00 Bakı - Qəbələ (“Bakı” FK-nın təlim-məşq bazasının stadionu)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm