Mayda “zəlzələ” gözlənilir - Möhtəşəm “dördlük” qoca mogikana qarşı
Bizi izləyin

İdman

Mayda “zəlzələ” gözlənilir - Möhtəşəm “dördlük” qoca mogikana qarşı

Mayın 29-da FİFA prezidenti postuna seçkilər keçiriləcək. Son illər ali futbol qurumu ilə bağlı yayılan korrupsiya və rüşvət xəbərləri FİFA-nın nüfuzuna ciddi zərbə vurub. İndi əksəriyyət FİFA-da rəhbər dəyişikliyinə ehtiyac olduğunu deyir. Xüsusən də UEFA. UEFA-nı müxalifət hesab edən FİFA prezidenti Jozef Blatter isə hələ özünə layiqli rəqib olmadığını iddia edir. Amma mayın 29-da keçiriləcək seçkilərdə Blatterin rəqibi olacaq. Özü də dördü birdən. Əvvəlcə onların sayının 5 olacağı deyilirdi. Ancaq son anda məşhur fransız David Jinola namizədliyini geri götürdü. Ancaq mübarizəni davam etdirmək niyyətində olan “dördlük” sıradan şəxslər sayılmır. Onlar dünya futbolunda söz sahibi olmaqla yanaşı, böyük nüfuza malikdilər.

Publika.az bu yazıda FİFA prezidenti postuna seçkilərdə iştirak edəcək namizədlər barədə məlumat verəcək. Qoca mogikan - Blatter və onunla mübarizə aparacaq “dördlük” barədə.

Zepp Blatter (78 yaş, İsveçrə) - İmtiyazlardan könüllü imtina onun dəyərlərinə xas deyil

Ahıl yaşda olmasına baxmayaraq, dünya futbolunun hazırkı rəhbəri işgüzar çarpışmadan imtina etmək və hakimiyyəti itirmək niyyətində deyil. O, indiki statusa yüksəlmək üçün həddindən artıq uzun və ağır yol keçib. İmtiyazlardan könüllü surətdə imtina etmək onun dəyərlərinə xas xüsusiyyət deyil. Maraqlıdır ki, karyerasının başlanğıcında Blatterin futbola heç bir bağlılığı olmayıb. Əvvəlcə səyahət agentliyində ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis kimi çalışıb. Fəaliyyət göstərdiyi ilk idman təşkilatı isə xokkey federasiyası olub. Zepp FİFA-nın strukturuna 1975-ci ilin yayında düşüb. O vaxtdan bu günə, ən aşağıdan ən yuxarıya qədər, uzun bir yol keçib. Futbolun inkişafı üçün proqram direktoru vəzifəsindən prezident postuna qədər. 1998-cu ildə isveçrəli FİFA prezidenti postunda braziliyalı Joao Avelanjı əvəzləyib. Sonradan daha 3 dəfə bu vəzifəyə seçilib. 9 dünya çempionatının təşkilində iştirak edib - 4 dəfə ali futbol qurumunun prezidenti kimi.

Jerom Şampan (56 yaş, Fransa) - Belə fəal müsyönün ideyaları olmasaydı...

Jerom Şampan ixtisasca diplomatdır. Uzun illər FİFA prezidenti Blatterin silahdaşı olub. İndi isə ona “əlcək atmaq” həvəsinə düşüb. 1998-ci ildə Fransada keçirilən dünya çempionatının təşkilat komitəsində olmaq, ona futbol aləmi ilə münasibətlər qurmağa imkan verdi. Elə bu münasibətlər sayəsində də FİFA-da işə düzəldi. İlk vaxtlar Şampan təşkilatda prezident müşaviri kimi fəaliyyət göstərdi. Ardınca - baş katib, prezidentin səlahiyyətli nümayəndəsi və nəhayət, beynəlxalq əlaqələr departamentinin direktoru postu. FİFA-nı 2010-cu ildə tərk etdi. Fələstin, Kosovo, Türkiyə və Şimali Kipr futbol federasiyalarına məsləhətçi kimi tövsiyələr verdi. Çox təəccüblü olardı - belə fəal müsyönün dünya futbolunda islahatlar aparmaq üçün ideyaları olmasaydı...

Mixael van Praq (67 yaş, Hollandiya) - FİFA-da vəziyyətin pisləşməsindən narahat olan adam

Ata və oğul van Praq holland futbol ictimaiyyəti arasında çox məşhurdur. Hər ikisi 14 il “Ayaks”da prezident postunda oturub. Birlikdə 4 Çempionlar Kuboku toplayıblar. Mixael klub futbolundan 2003-cü ildə ayrılıb. Bundan sonra 5 il milli futbol federasiyasına rəhbərlik edib. FİFA prezidenti vəzifəsinə namizədliyini irəli sürməsini UEFA İcraiyyə Komitəsinin üzvü belə izah edib: “Mən FİFA-da vəziyyətin pisləşməsindən çox narahatam. Təşkilatda etimad əlaqəsi tamamilə itib. Məhz bu amil bir çox insanların futbola etinasız münasibətini formalaşdırıb”.

Əli Bin Əl-Hüseyn (39 yaş, İordaniya) - Onun haqqında belə deyirlər: hərtərəfli şəxsiyyətdir!

Yəqin ki, prezidentliyə namizədlər arasında ən ekzotik şəxsdir. İordaniya Kralı Hüseynin oğlu Əli, Böyük Britaniya və ABŞ-ın ən yaxşı məktəblərində əla təhsil alıb. Vaxtilə ümumi əsaslarla orduda xüsusi dəstəyə daxil olub. 2011-ci ildə İordaniya Futbol Assosiasiyasının prezidenti Asiyadan FİFA-nın vitse-prezidenti seçilib. Bununla da onun dünya futbolunda fəal iştirakı başlayıb. Əl-Hüseyn qadın futbolçuların hicab bağlamasını qadağan edən qərarın ləğv olunması üçün böyük təşəbbüs göstərib. Maykl Qarsiyanın FİFA-nın vəzifəli şəxslərinin korrupsiyaya qurşanması ilə bağlı hazırladığı qalmaqallı hesabatın dərc olunmasının təşəbbüskarlarından biri də İordaniya şahzadəsi olub. 39 yaşlı Əli İordaniya silahlı qüvvələrində briqada general-mayorudur. Onun haqqında belə deyirlər: hərtərəfli şəxsiyyətdir!

Luiş Fiqu (42-ci yaş, Portuqaliya) - Bu brendə reklam bazarında indi də yüksək tələbat var

Müasir futbolun ən ziddiyyətli şəxsiyyətlərindən biri. 2000-ci ilin yayında Luiş Fiqu “Barselona”dan “Real”a keçdi - dünyanı lərzəyə salan qalmaqalla. Bu keçidlə o dövr üçün dünyanın ən bahalı futbolçusu oldu. Artıq həmin ilin qışında “qızıl top”u qazandığına görə, təbrikləri qəbul edirdi. Sözsüz, onun futbolçu karyerası uğurlu alındı. İndi isə yeni vəzifədə nailiyyət əldə etməyi düşünür. Onun müəyyən təşkilatçılıq təcrübəsi də var. Luiş 2014-cü ildə doğma Lissabonda keçirilən Çempionlar Liqasının finalının rəsmi səfiri olub. 2018-ci ildə keçiriləcək dünya çempionatını birgə təşkil etmək istəyən Portuqaliya və İspaniyanın güvəndiyi şəxslərdən biri də o idi. “Fiqu brendi”nə reklam bazarında indi də yüksək tələbat var. Bu bazardan əldə olunan vəsaitin bir hissəsi kimsəsiz uşaqlara yardım fonduna verilir. Şübhəsiz, Blatterin “aparat oyunları” ilə rəqabət aparmaq keçmiş futbolçuya çətin olacaq. Amma şübhə yoxdur ki, onun ərizəsi FİFA-nın konqresinə ictimaiyyətin marağını artıracaq.

Natiq

Oxumağa davam et
Reklam
Reklam

Gündəm