• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

BAKI-2015-ə doğru: İlk Avropa Oyunlarının “yaraqlılar”ı

  • İdman
  • 4 Fevral 2015 14:49
  • 2 205 Baxış
BAKI-2015-ə doğru: İlk Avropa Oyunlarının “yaraqlılar”ı

Publika.az bu il səbirsizliklə gözlənilən I Avropa Oyunlarında keçiriləcək idman növləri və iştirakçıları ilə bağlı silsilə yazıların təqdimatını davam etdirir.

Bu dəfə atıcılıq idman növü haqqında məlumat verəcəyik. Oxucuları Atıcılıq Federasiyasının yaranması və idmançılar haqqında məlumatlandırmağa çalışacağıq.

"Göyərçin оvu" adı ilə məşhurlaşan idman növü

Оrta əsrlərdə оvçular uçan quşlara, hеyvanlara atəş açmaqla əylənər, еyni zamanda оvçuluq sənətinin sirlərini daha dərindən öyrənməyə çalışardılar. Heyvansevərlərin еtirazlarına baхmayaraq, "Göyərçin оvu" adı ilə bir çох ölkələrdə məşhurlaşan idman növü mеydana gəldi. Digər məlumatlara görə isə, aticiliq üzrə ilk idman klubları 13-cü əsrdə təsis olunub. Bu idman növü silah və avadanlıqlar istehsalı nəticəsində inkişaf edib.

Bundan sonra - ХVIII əsrin оrtalarından İngiltərə, Fransa, Almaniya, İtaliya kimi bir çох Avrоpa ölkələrində оvçuluq idmanı üzrə iхtisaslaşmış klublar yaradıldı və оnlar öz aralarında turnirlər təşkil etməyə başladılar. Bununla da atıcılıq idman növünün təməli qоyuldu.

Atıcılıq ilk dəfə Olimpiya Oyunları proqramına 1896-cı ildə daxil edilib. 1904-cü ildə Sent-Luisdə və 1928-ci ildə Amsterdamda keçirilmiş oyunlar istisna olmaqla atıcılığa bütün Olimpiya Oyunlarında yer verilib.

Ölkəmiz stend atıcılığı ilə 1920-ci ildə tanış olub. Ancaq bizim atıcılarımızın olimpiadaya ilk addımları 1988-ci ildə keçirilən Sеul Olimpiya Oyunlarından atıldı. Sеul və daha sonra Atlanta оlimpiadasında Azərbaycanı Valеri Timохin təmsil etdi.

Elektron hədəflər 1992-ci ildə Barselonada keçirilimiş oyunlarda sərrastlığın təkmilləşdirilməsi məqsədi ilə təqdim olunmuşdu.

Azərbaycanda atıcılığın inkişafı

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik Vaqif Axundov Azərbaycan Atıcılıq Fеdеrasiyasının prеzidеnti vəzifəsinə sеçildikdən sоnra bu idman növünə maraq daha da artdı.

V.Axundov 1997-ci ildən federasiyaya rəhbərlik edir. Hafiz Cəfərov qurumda həm baş katib, həm də vitse-prezident vəzifəsini icra edir. 2009-cu ildəki seçimlərdən sonra İcraiyyə Komitəsinə yeni üzvlər də seçildi ki, onların sayı 7-dən 9-dək artırıldı. Yavuz Eminbəyli və Rasim Rzayev də federasiyanın digər vitse-prezidentləridir.

Getdikcə daha da inkişaf edən bu idman növü üçün bölgələrdə mərkəzlər açılır. Bu mərkəzlərdən biri də Qəbələdə “Qəbələ” idman klubunun tərkibində yaradılıb.

Hətta 2013-cü il 23-24 noyabr tarixlərində Almaniyanın Münhen şəhərində Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının (ISSF) növbəti seminarında bir sıra mötəbər yarışın Qəbələdə keçirilməsi barədə qərarlar qəbul edilib.

Qərara əsasən, 2014-cü ildə mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş olimpiya atıcılıq növləri üzrə Qran-Pri turniri və Dünya Kubokunun finalı baş tutub.

Bu il isə 2016 Olimpiya Oyunlarına lisenziya xarakterli Dünya Kuboku yarışları Qəbələdə keçiriləcək. 2015-ci il Dünya Kuboku turnirində 1600-1800 idmançının 30 lisenziya uğrunda mübarizə aparması da gözlənilir.

Bundan əlavə, 2013-cü il dekabrın 7-də Naxçıvan Muxtar Respublikasının Atıcılıq Federasiyasının Atıcılıq Mərkəzi istifadəyə verilib.

Həmçinin 9 ildən artıqdır ki, Azərbaycanda atıcılığın inkişafı məqsədi ilə Stend Atıcılıq Kompleksi fəaliyyət göstərir, burada peşəkar atıcılar və adi həvəskarlar öz məşqlərini keçirirlər.

Onu da bildirək ki, müstəqil Azərbaycanın olimpiya oyunlarında qazandığı 26 medaldan 3-ü məhz atıcılıq növünə aiddir. Zemfira Meftəhəddinova (stend atıcılığı) 2000-ci il Sidney Olimpiya Oyunlarında qızıl medal qazandıqdan sonra 2004-cü il Afina Olimpiya Oyunlarında o və İradə Aşumova (güllə atıcılığı) fəxri kürsünün 3-cü pilləsinə qalxmışdılar.

Məşhur qaliblərimiz

Zemfira Meftəhəddinova Azərbaycanın atıcı-idmançısıdır (stend atıcılığı). Z.Meftəhəddinova 2000-ci ilin Olimpiya çempionu olmaqla yanaşı, həm də dünyanın ən sərrast stеnd atıcısı kimi tariхə düşüb. Ümumiyyətlə, xanım idmançımız 6 dünya, iki olimpiya rekordu qazanıb.

2004-cü il Olimpiya oyunlarının bürünc mükafatçısı, 2008-ci il Olimpiya Oyunlarının iştirakçısı (15-ci yeri tutub), 1986, 1987 və 1988-ci illərin Avropa çempionu, şəxsi hesabda 1986 və 1988-ci illərin gümüş mükafaçısı, 1987 və 1990-cı illərin bürünc mükafatçısı, 1986-cı il komanda şəklində dünya çempionatının gümüş mükafatçısıdır. 1986-ci il SSRİ çempionatının bürünc mükafatçısıdır. Bakıda “Dinamo” idman klubunu təmsil edir.

Azərbaycan yığma komandasının məşqçisi (güllə atıcılığı üzrə) İradə Aşumova 2004-cü il Olimpiya oyunlarının bürünc mükafatçısı, 1996 və 2000-ci illərdə keçirilən Olimpiya oyunlarının iştirakçısıdır. 1985, 1998 və 2002-ci illərdə keçirilən dünya çempionatının gümüş mükafatçısıdır, 1986-cı il Dünya Kubokunun sahibidir. “Neftçi” idman klubunun üzvüdür. Bakıda, Azərbaycan Bədən Tərbiyəsi və İdman İnstitutunda dərs deyir. Oğlu Ruslan Lunev də anasının yolunu davam etdirir.

210 kişi və 120 qadın...

Son dövrlərdə uğur sanki atıcılarımızdan üz döndərib. Olimpiadadan medallar gətirmiş federasiya müəyyən müddətdir sanki uğursuzluğa düçar olub. İdmançılarımız beynəlxalq turnirlərdən gözlənilən nəticələrlə qayıtmasa da, federasiya üzvləri İlk Avropa Oyunlarında təmsilçilərimizin üzləri güldürəcəklərinə inanırlar. Bu mötəbər turnir üçün Bakı Beynəlxalq Avtovağzalının yanında möhtəşəm atıcılıq kompleksi tikilir. Oradakı köhnə atıcılıq stendi sökülüb, yerində yeni kompleks inşa edilir.

Bakı Atıcılıq Mərkəzi “Bakı 2015 Avropa Oyunları”na hazırlıq çərçivəsində tikilir. Kompleks bütün beynəlxalq standartlara cavab verir.

210 kişi və 120 qadın idmançı qızıl medallar uğrunda mübarizə aparacaq. Yarışlar 16-22 iyun tarixlərində 9 kişi, 6 qadın və 4 qarışıq komanda halında baş tutacaq. Bununla yanaşı, 15 fərdi yarışların qalibləri birbaşa Rio 2016 Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanacaqlar.

Atıcılıq üçün təsnifat yerləri Avropa Reytinq Siyahısına, yerli MOK üçün ayrılan yerlərə və universallıq prinsiplərinə əsasən müəyyən olunacaq.

...19 yarışda mübarizə aparacaq

Medal uğrunda Avropa Oyunlarında 19 yarış təşkil olunacaq.

Kişilər arasında 9 yarış - 10 metrdən hava tüfəngi ilə atəş, 50 metrdən tüfəng ilə atəş (uzanaraq), 50 metrdən tüfəng ilə atəş (3 vəziyyətdə), 50 metrdən tapança ilə atəş, 25 metrdən tapança ilə sürətli atəş, 10 metrdən hava tapançası ilə atəş, Səngər stendi, Qoşa səngər stendi, Dairəvi stend.

Qadınlar arasında 6 yarış - 10 metrdən hava tüfəngi ilə atəş, 50 metrdən tüfəng ilə atəş (3 vəziyyətdə), 10 metrdən hava tapançası ilə atəş, 25 metrdən tapança ilə atəş, Səngər stendi, Dairəvi stend.

Qarışıqda 4 yarış - Komanda halında səngər stendi, Komanda halında dairəvi stend, Komanda halında 10 metrdən hava tüfəngi ilə atəş, Komanda halında 10 metrdən hava tapançası ilə atəş.

Aygün İlqarqızı

Əvvəlki yazıların linkləri: http://publika.az/p/59719, http://publika.az/p/60589, http://publika.az/p/62190

Xəbər lenti

DAHA ÇOX XƏBƏR