Qışda reallaşan bahalı transferlər: yeni “Boni-M” işbirliyi, “fil, üstündə bülbül” və almanların bədxərcliyi
Bizi izləyin

İdman

Qışda reallaşan bahalı transferlər: yeni “Boni-M” işbirliyi, “fil, üstündə bülbül” və almanların bədxərcliyi

Yeni ilin ilk günlərindən açılan “transfer pəncərəsi” fevralın 3-də bağlandı. “Böyük beşlik” çempionatlarında xeyli maraqlı keçidlər baş tutdu. Amma əvvəlki illərlə müqayisədə maliyyə baxımından geriləmə hiss olunur. Bu da yəqin ki, bütün dünyanı bürüyən iqtisadi böhranla bağlıdır. Pulsuz keçidlər arasında da diqqət çəkənlər oldu. Elə Fernando Torresin “Atletiko”ya qayıtmasını xatırlatmaq kifayətdir. Və yaxud Martin Edeqardın “Real”a transferi böyük marağa səbəb oldu.

Ən bahalı transferlər isə İngiltərə Premyer Liqasında qeydə alındı. Reytinqin qalibi Xuan Kuadrado oldu. “Çelsi” onu Londona gətirmək üçün böyük miqdarda pul və üstəlik, bir futbolçu da verib.

Publika.az ən bahalı qış transferlərini təqdim edir. Qiymətlər transfermarkt.de saytından götürülüb.

9. Kevin Kampl

Haradan: Zalsburq (Avstriya)

Hara: Borussiya D (Almaniya)

Qiyməti: 12 milyon avro

“Borussiya”nın ilk dövrədəki çıxışından heç kim razı qalmadı. Hərçənd Bundesliqada sonuncu pillədə qərarlaşan Yürgen Kloppun yetirmələri Çempionlar Liqasında pley-offa yüksəlməyi bacarıb. Qış “transfer pəncərəsi” dövründə də dortmundlular sakitliyi son günlərə qədər qorudu. Bir neçə futbolçunun, o cümlədən Andre Şürrle və Xese Rodrigesin adı “sarı-qaralar”la yanaşı hallansa da, yekunda “Zalsburq”dan Kevin Kamplın transferi gerçəkləşdi. 24 yaşlı sloveniyalı futbolçunun “Borussiya”nı nə dərəcədə gücləndirəcəyini söyləmək çətindir. Hər halda, pulu qənaətlə xərcləməyi xoşlayan Dortmund klubu 12 milyon avrosundan elə-belə keçməz.

Kampl cari mövsümdə Avstriya Bundesliqasında 18 oyunda iştirak edib, 5 qol vurub və 7 məhsuldar ötürmə verib. İndi sloveniyalı Bundesliqanın daha yüksək səviyyəlisində səviyyəsini göstərməyə çalışmalıdır.

8. Manolo Qabbyadini

Haradan: Sampdoriya (İtaliya)

Hara: Napoli (İtaliya)

Qiyməti: 12,5 milyon avro

Son illərdə İtaliyada bu futbolçudan çox danışılır. A seriyasının yaşadığı böhranlı illərdən sonra burada müntəzəm qol vuran istənilən hücumçuya xüsusi diqqət yetirilir. Düzdür, hələ ki, İmmobile və Çerçi nümunələri italyan forvardların yalnız daxili bazarda yaxşı məhsul olduğunu deməyə əsas verir. Hərçənd “Napoli” risq edərək Qabbyadiniylə gücləndi.

A seriyasının birinci dövrəsində Manolo uğurlu çıxış edən “Sampa”nın vacib mexanizmlərindən biri idi. Genuya klubunun bu gün Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparmasında onun aktivindəki 7 qol və 1 məhsuldar ötürmənin də rolu var.

Qabbyadini artıq yeni komandasında qol hesabını açıb. “Kyevo”yla qarşılaşmada onun vurduğu qol “Napoli”yə səfər qələbəsi (2:1) qazandırmışdı.

7. Lukas Silva

Haradan: Kruzeyro (Braziliya)

Hara: Real (İspaniya)

Qiyməti: 14 milyon avro

Braziliya çempionatını yaxından izləyənlər onu çoxdan tanıyır. İki il ardıcıl ölkə çempionatının ən yaxşıları arasında göstərilən Lukas Braziliyanın olimpiya millisində də oynayır. Silvaya Avropada tələbat böyük idi. “Real”la yanaşı, “Çelsi”, “Mançester Yunayted”, “İnter” və başqa nəhəng klublar da onunla maraqlanırdılar. “Kruzeyro” yetirməsini satmaq niyyətində də deyildi. Ancaq “Real”ın təklifinə yox demək ağılsızlıqdır. Bunu Lukas da yaxşı anlayırdı. Madriddə hələ ki, onu ehtiyat oyunçular skamyası gözləyir. Amma əsas heyətə düşmək üçün Lukasın istedadı kifayət qədərdir. Sadəcə xarakter göstərmək lazımdır.

6. Seydu Dumbiya

Haradan: ÇSKA (Rusiya)

Hara: Roma (İtaliya)

Qiyməti: 14,4 milyon avro

Rusiya Premyer Liqası ən yaxşı oyunçularından birini itirdi. Çoxları hətta Dumbiyaya görə verilən 14 milyon avronun az olduğunu düşünür. Amma onun yaşını və oynadığı çempionatı da unutmamalıyıq. 27 yaşlı Seydunun ÇSKA-yla müqaviləsi gələn ilin yayında başa çatacaqdı. Həm də fil dişi sahilili hücumçu zədəyəmeyllidir. Bəlkə də bu transferdə ruslar ikiqat qalib gəldi. Amma onun yerini doldurmaq çətin olacaq. Vaqner Lavın qaytarılması da gündəmdədir.

5. Qabriel Paulista

Haradan: Vilyarreal (İspaniya)

Hara: Arsenal (İngiltərə)

Qiyməti: 15 milyon avro

“Arsenal” bu transferlə hamını təəccübləndirdi. Baş məşqçi Arsen Venger müdafiəçi alınacağına söz vermişdi. Azarkeşlər “Borussiya”da çıxış edən Matts Hummelsi arzulayırdı. Yerli mətbuat isə “Vest Hem”dəm Uinston Ridin adını hallandırırdı. Yekunda “Emireyts”ə Paulista gəldi. Qiyməti də az deyil - 15 milyon avro. 24 yaşlı müdafiəçi “Vilyarreal”a 3,3 milyon avroya başa gəlmişdi.

4. Entso Peres

Haradan: Benfika (Portuqaliya)

Hara: Valensiya (İspaniya)

Qiyməti: 25 milyon avro

Onu hələ dünya çempionatından sonra “Benfika”dan “oğurlamaq” istəyirdilər. Lissabon klubu Entsonu buraxmadı. Amma “Qartallar” avrokubok mövsümünü başa vurduğu üçün onu saxlamağın mənası da yoxdur. Peresin cari mövsümdə avrokuboklarda oynadığını nəzərə alsaq, onun potensial alıcılarının sayı məhdud idi. “Valensiya” da bu fürsətdən yararlandı. Bu keçid “Yarasalar”a 25 milyon avroya başa gəldi. “Benfika” isə 2011-ci ilin yayında onu 2,4 milyon avroya almışdı. Gələn kimi “Valensiya”nın əsas heyətində möhkəmlənən argentinalı futbolçu 5 oyuna çıxıb və bir məhsuldar ötürməylə yadda qalıb.

3. Andre Şürrle

Haradan: Çelsi (İngiltərə)

Hara: Volfsburq (Almaniya)

Qiyməti: 32 milyon avro

Onun “Çelsi”dən gedəcəyi gözlənilən idi. Joze Mourinyo almanın oyunundan o qədər də razı deyildi. Cari mövsümdə Premyer Liqada cəmi 14 oyun keçirən Andre ümumilikdə 436 dəqiqə (orta hesabla hər oyunda yarım saat) meydanda olub. O, yalnız Liqa Kuboku oyunlarında əsas heyətdə yer alıb.

Şürrleni bir çox klub heyətində görmək istəsə də, “Volfsburq” daha istəkli tərpəndi. Bu, “Canavarlar”ın tarixində ilk, Bundesliqada isə Xavi Martines və Mario Getsedən sonra üçüncü bahalı transfer oldu.

2. Vilfrid Boni

Haradan: Suonsi (İngiltərə)

Hara: Mançester Siti (İngiltərə)

Qiyməti: 32,3 milyon avro

“Mançester Siti” rəhbərliyi heyətdə Aquero, Dzeko, Yovetiç kimi hücumçular olmasına baxmayaraq, Bonini də transfer etdi. Bunun üçün İngiltərə çempionu 30 milyon “tərlədi”.

2013-cü ildə “Vitess”dən “Suonsi”yə 14 milyon avroya keçən Vilfrid ötən mövsüm Premyer Liqada 17 qol vurmuşdu. Yəni vuran ayağı var. Ötən yay “Liverpul”a transferi son anda baş tutmadı. Amma indi ondan da yaxşı təklif aldı.

Boni cari mövsümdə Premyer Liqada 20 oyun keçirib, 9 qol və 3 məhsuldar ötürməylə yadda qalıb. Yeri gəlmişkən, afrikalı forvard birinci dövrədə yeni komandası “Mançester Siti”ni də məyus etməyə imkan tapıb.

1. Xuan Kuadrado

Haradan: Fiorentina (İtaliya)

Hara: Çelsi (İngiltərə)

Qiyməti: 33,4 milyon avro

Bu qışın ən bahalı transferi son günlərdə rəsmiləşdi. “Çelsi” Kuadradoya görə xərclədiyi puldan savayı, Mohamed Salahı da Florensiyaya icarəyə göndərib.

Ötən mövsümü əla keçirən kolumbiyalı futbolçu yayda transfer xəbərlərinin əsas nyusmeykerinə çevrilmişdi. “Barselona”, “Mançester Yunayted” və bir neçə başqa klub onunla maraqlanırdı. Amma Xuan “Fio”da qaldı və hətta müqaviləsini də yenilədi.

Cari mövsümdə nə Kuadrado, nə də “bənövşəyilər” parlaq mövsüm keçirir. Yəqin ki, Florensiya klubunun rəhbərliyi onun satışından babat pul qazanmaq niyyətiylə transferə razılıq verib.

Bonus: Rikardo Qulart

Haradan: Kruzeyro (Braziliya)

Hara: “Quançjou Everqrand” (Çin)

Qiyməti: 15 milyon avro

Bu transfer avropalı futbolsevərlərin diqqətindən kənarda qalsa da, bir neçə kəlmə yazmaq olar. Braziliyadan birbaşa Çinə getmək hər futbolçunun cəsarəti deyil. “Kruzeyro” 15 milyon avro da bu keçiddən qazanıb. “Real”dan və başqa top-klublardan təklif almayan Qulart harada ona ehtiyac varsa, ora üz tutdu.

“Quançjou Everqrand” yenə əcnəbi kaloniyasını dəyişmək qərarına gəlib. İki il əvvəl cənubi amerikalı legionerlərlə Asiya Çempionlar Liqasını qazanan klub ötən il Cilardinyo və Diamantinin timsalında italyanlara üstünlük verdi və uğursuzluq yaşadı. İndi kurs yenə dəyişdirilib. Artıq cari mövsümdə Avropa Liqasının bombardiri olan Alan 11 milyon avroya transfer edilib.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm