• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Futbol, yoxsa “oyun”? - İntriqa “Neftçi”ni çökdürür

  • İdman
  • 5 Fevral 2015 15:30
  • 575 Baxış
Futbol, yoxsa “oyun”? - İntriqa “Neftçi”ni çökdürür

Azərbaycan Premyer Liqasında 20-ci tura fevralın 6-da start veriləcək. Turun oyunları 2 gün ərzində keçiriləcək. Hər oyun günündə 2 qarşılaşma baş tutacaq.

Publika.az 20-ci turun afişasını təqdim edir.

Belə olacağını demişdik

Qış fasiləsindən sonra keçirilən ilk turda gözlənilməz nəticələr qeydə alındı. Təbii ki, təəccüblü məqam lider “Qarabağ”ın ən yaxın izləyiciləri - “İnter” və “Neftçi”nin xal itirməsi oldu. Amma bir məqamı da vurğulayaq ki, 19-cu turla bağlı şərhimizdə bildirmişdik ki, həm “İnter”in, həm də “Neftçi”nin xal itirmək ehtimalı var. Kaxaber Tsxadadzenin mövsümün sonunda “İnter”dən ayrılacağı bəlli olduğundan, bu amilin “bankirlər”in düşərgəsində ab-havanı korlaya biləcəyini qeyd etmişdik. “Neftçi”də isə maliyyə böhranı hökm sürür və futbolçular uzun müddətdir ki, məvaciblərini ala bilmirlər. Bu problemin də oyunçularda motivasiyasızlıq yaradacağını vurğulamışdıq. Gümanımız doğruldu, ötən tur “Neftçi” xalsız qaldısa, “İnter” bir xala şükür etdi.

“Neftçi” rəhbərliyi manipulyasiya edir

20-ci tur ərəfəsində bu komandalarda vəziyyət yenə də dəyişməyib. “İnter” gedəcəyi bəlli olan Kaxaber Tsxadadzeni mövsümün sonuna qədər saxlamaq niyyətindədir. “Neftçi”də isə maliyyə vəziyyəti düzəlmir ki, düzəlmir. Klub rəhbərliyi isə mətbuata “yaxın günlərdə hər şey həll olunacaq” deməklə, manipulyasiya edir. Belə strategiya ilə nəyəsə nail olmaq çox çətindir. Elə “ağ-qaralar”ın bu tur qaşılaşacağı rəqib də çətindir. “Simurq” turnir cədvəlində “Neftçi”nin başının üstünü alıb. AZAL-la qarşılaşma göstərdi ki, “Neftçi”də oyun planında xeyli problemlər mövcuddur. Komanda hücum qurmaqda çətinlik çəkir, müdafiədə ciddi boşluqlar var. Atletik futbola üstünlük verən, fiziki cəhətdən hazırlıqlı olan “Simurq”la oyunda “ağ-qaralar”ın problemləri daha qabarıq nəzərə çarpa bilər. “Neftçi” bu oyunda da məğlub olsa, Arif Əsədovun istefası məsələsi aktuallaşacaq. “Neftçi”nin rəhbər şəxsləri arasında gedən intriqalar da komandada əlavə problemlər yaradır. Maraqlıdır, futbolçular “Simurq”la qarşılaşmada meydana futbol, yoxsa “oyun” oynamaq üçün çıxacaqlar? Belə getsə, klub rəhbərliyi arasında gedən intriqa komandanı çökdürəcək.

“Simurq” son 15 oyunda yalnız 1 dəfə “Neftçi”ni məğlub edə bilib. “Neftçi” ardıcıl 7 ev oyununda meydanı qolsuz və xalsız tərk etməyib. Bakıdakı son 3 qarşılaşmada isə meydan sahibləri qalib gəlib.

Neftçi - Simurq: 22 oyun, 14 qələbə, 6 heç-heçə, 2 məğlubiyyət, top fərqi 31:9.

Lənkəranlı gənclər “bankirlər”in zəif damarını tutsa...

Ötən tur “Sumqayıt”ın müqavimətini qıra bilməyən “İnter” bu dəfə Lənkərana səfər edəcək. Əyyam o əyyam olsaydı, bu qarşılaşmanı “bankirlər” üçün “çətin oyun” hesab edərdik. Həmişə “fırtınalar meydanı”na daxil olarkən ayaqları əsən “bankirlər” bu dəfə qorxu hissi yaşamamalıdır. Nöşün ki, Lənkəranda onları təcrübəsiz gənclər sınağa çəkəcək. Ancaq bir məqam var axı... “İnter”in futbolçularında arxayınçılıq hissi, cənubluların da gənclərində əzmkarlıq, özünü göstərmək istəyi yetərincədir. “Xəzər Lənkəran”ın gəncləri “bankirlər”in zəif damarını tutsa, onlara daha bir şapalaq vura bilər.

“Xəzər Lənkəran” son 9 matçda yalnız 1 dəfə “İnter”ə qalib gəlib. Rəqiblərin son 5 görüşündə meydan sahibləri uduzmayıb.

Xəzər Lənkəran - İnter: 30 oyun, 5 qələbə, 15 heç-heçə, 10 məğlubiyyət, top fərqi 26:33.

“Qəbələ” “təyyarə”ni göydən yerə endirəcək?

“Qəbələ”nin yeni baş məşqçisi Roman Qriqorçuk ilk rəsmi oyununda qalib gəldi. Amma bu dəfə rəqib daha ciddidir. Zəif “Bakı”dan 3 xal almaq “Qəbələ”yə sabitlik əldə etmək üçün vacib idi. İndi bu sabitliyi qorumaq üçün AZAL-a da qalib gəlmək lazımdır. AZAL “Bakı” deyil. “Təyyarəçilər” göylə gedirlər. Xüsusən də fasilədən sonra keçirilən ilk oyunda “Neftçi”yə qalib gəldikdən sonra. Tərlan Əhmədovun yetirmələri daha bir qələbə qazansa, avrokuboklar iştahasına düşəcək. Özü də turnir cədvəlində “Qəbələ”ni keçməklə. İndi “Qəbələ” ya “təyyarə”ni göydən yerə endirib “biz varkən, siz yoxsuz” deməli, ya da Avropa sevdasının üstündən xətt çəkməlidir.

AZAL son 3 qarşılaşmada rəqibinə məğlub olmayıb. Paytaxt təmsilçisinin “Qəbələ” ilə son 4 qarşılaşmasında meydan sahibi olan komanda qalib gəlməyib.

Qəbələ - AZAL: 20 oyun, 5 qələbə, 7 heç-heçə, 8 məğlubiyyət, top fərqi 19:31.

“Qarabağ” “zolaqlılar”ı autsayder kimi qəbul etsə...

Ötən tur istirahət edən “Qarabağ”ın kefi ala buluddadır. Axı necə də olmasın? Sən istirahət edirsən, amma rəqiblərin xal itirir. Belə istirahətdən kim imtina edər? Şər deməsən, xeyir gəlməz. “Qarabağ” da ötən tur “Neftçi” və “İnter”in yaşadığı aqibətlə üzləşə bilər ha... Hələ də Antalya havasında olan “Köhlən atlar”ın rəqibi autsayder “Bakı”dır. “Qarabağ” “zolaqlılar”ı autsayder kimi qəbul etsə, vay Qurban Qurbanovun yetirmələrinin halına.

Çempionatın ilk yarısında keçirilən oyunlarda “Qarabağ” “Bakı” qarşısında çətinlik çəkib. Öz meydanında xal itirən “Köhlən atlar” səfərdəki oyunda qalib gəlmək üçün xeyli əziyyət çəkməli oldular. Deməli, ani arxayınçılıq turnir cədvəlində “Qarabağ” üçün yaranmış böyük üstünlüyün itirilməsinə gətirib çıxaracaq.

“Qarabağ” ardıcıl 4 oyundur paytaxtın eyniadlı təmsilçisinə məğlub olmur. “Bakı” son 5 səfər matçında da qalib gələ bilməyib. Ağdamlılar son 5 ildə öz meydanındakı 10 qarşılaşmanı qol vurmadan tərk etməyib.

Qarabağ - Bakı: 48 oyun, 18 qələbə, 15 heç-heçə, 15 məğlubiyyət, top fərqi 64:52.

Natiq

Premyer Liqa, 20-ci tur

6 fevral

14:00 Qəbələ - AZAL

Qəbələ. Şəhər stadionu.

16:00 Neftçi - Simurq

Bakı. "Bakcell Arena".

7 fevral

16:00 Qarabağ - Bakı

Bakı. T.Bəhramov adına respublika stadionu.

17:00 Xəzər Lənkəran - İnter

Lənkəran. Mərkəzi stadion.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR