Maradona, rahatla, qənimin dünyasını dəyişdi
Bizi izləyin

İdman

Maradona, rahatla, qənimin dünyasını dəyişdi

Almaniya futbolu hüzn içindədir. Fubol tarixində üç fərqli klubla Çempionlar kubokunu, UEFA kubokunu və Kuboklar kubokunu qazanan ilk məşqçi Udo Lattek 80 yaşında həyatla vidalaşıb.

Publika.az xəbər verir ki, son zamanlar parkinson xəstəliyindən əziyyət çəkən əfsanəvi alman mütəxəssis dünən axşam saatlarında Kölndəki evində gözlərini əbədi yumub. İki həftə əvvəl ad gününü qeyd edən Lattek son zamanlar səhhətində xeyli problemlərlə üzləşmişdi. Iki dəfə insult keçirən mütəxəssis 2013-cü ildən bəri parkinsonla “mübarizə aparırdı”.

Onun zəngin karyerasından ətraflı bəhs etsək, kitab yazmaq olar. Fəaliyyəti dövründə 14 titul qazanan Udo Lattek futbol tarixinə ən titullu məşqçilərdən biri kimi düşüb. O, “Bavariya”, “Borussiya D”, “Borussiya M”, “Barselona”, “Köln” və “Şalke” klublarını çalışdırıb. Münhen klubunda şanlı illər keçirib. Onun üçün taktika əsas olmayıb. O, əsl motivator idi. Yetirmələrindən sadəcə döyüşməyi istəyirdi. Əsas prinsipi belə idi: “Harada sürtünmə varsa, orada enerji də var”.

Tələbkarlığıyla seçilən Lattek həm də ürəyiyumşaq idi. Başqa bir əfsanə Zepp Mayer xatirələrində yazır: “Bir dəfə “fövqəladə vəziyyət” dövründə 7-8 futbolçu birlikdə gecə klubuna getmişdik. Bundan xəbər tutan Udo qarşımıza şərt qoydu ki, 25 minə qədər sayacam. Mən sayıb qurtarana kimi kluba qayıtmasanız sizi ciddi xoşagəlməzliklər gözləyəcək”.

Onun dahiliyini sübut eədn əsas məqamlardan biri də vaxtilə “Barselona”ya məhz Elenio Errera kimi ustadın yerinə çağırılmasıdır. Düzdür, oradan ayrılmasında Dieqo Armando Maradonayla yola getməməsi rol oynamışdı. Özü bu haqda belə demişdi:

“Mənim yeganə problemim Maradonayla idi. Bir dəfə o təyin olunan vaxtda bazaya gəlmədi. Biz isə harasa məşqə getməli idik. Mənim iki yolum var idi: ya onu gözləyib, nüfuzuma tüpürməli, ya da onsuz getməli idim. İkinci yolu seçdim və bu qərarıma görə hamı məni alqışladı. Dieqo buna görə məndən prezidentə şikayət etdi. İki həftədən sonra qovuldum”.

Amma o, Kataloniyanı titulsuz tərk etmədi. Tarixin yaddaşına qovuşan Kuboklar kubokunu qazandı.

Məşqçilik karyerasını bitirməmişdən əvvəl daha bir neçə Bundesliqa klubunda işləyən Lattek özünü belə xarakterizə edirdi: “Mən heç nədən başı çıxmayan axmaq idim. Əvəzində iddialı və güclüydüm”.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm