Sabiq deputat müxalifəti yıxıb-sürüdü: “Onlar bankaya salınmış hörümçəkləri xatırladır”
Bizi izləyin

İdman

Sabiq deputat müxalifəti yıxıb-sürüdü: “Onlar bankaya salınmış hörümçəkləri xatırladır”

O, Rusiyanın əməkdar idman ustası, təqaüdçüsü, bədii gimnastı və siyasətçisidir. 2007-2014-cü illərdə Vahid Rusiya Partiyasının Dövlət Dumasının deputatı olub. Onun uğurları siyahısında 2 olimpiya, 14 dünya çempionatı və 25 Avropa çempionatında qazanılmış medallar var. O həm də bədii gimnastika tarixinin ən önəmli adlarından biridir.

Publika.az "II taym” layihəsi çərçivəsində bu dəfə qazandığı uğurları ilə yanaşı, cazibədarlığı ilə Rusiyada səs salan tatar qızı Alina Kabayeva haqqında məlumat verəcək.

Çirkin, gonbul Kabayeva könülləri fəth etdi

Alina Kabayeva Marat qızı 1983-cü ildə may ayının 12-də Daşkənddə anadan olub. Atası tatar, anası isə rusdur. Kabayeva 3 yaşındaykən məşqçi Marqarita Samuilovnanın rəhbərliyi ilə bədii gimnastikaya başlayıb. Onun atası Marat Kabayev peşəkar futbolçu olub. Atası futbol karyerası ilə bağlı tez-tez başqa dövlətlərdə olurdu. Bu zaman ailəsi də Marat Kabayevin özü ilə birlikdə Özbəkistan, Qazaxıstan və Rusiya kimi dövlətlərə gedirdi.

Düzdür, gimnastikaya başladığı ilk günlərdə məşqçisi onu bəyənməmişdi. Çünki məşqçisinin fikrinə görə, Kabayeva bədii gimnastika üçün çirkin və ağır çəkidə idi. Bunlar da uğurlu gimnast olmaq üçün böyük maneə yaradırdı.

Alina gənc yaşlarında anası ilə birlikdə Rusiyaya köçdü. Orada məşqçi İrina Vinerin başçılığı ilə məşqlərə başladı. O, Vinerin rəhbərliyi ilə 1996-cı ildə özünün beynəlxalq debütünü etdi. 1998-ci ildə 15 yaşlı Kabayeva Portuqaliyada keçirilən Avropa çempionatında qızıl medal qazandı. O zaman Alina Amina Zaripova kimi beynəlxalq müstəvidə məşhurlaşmış gimnastlarla mübarizə aparırdı. 1999-cu ildə Kabayeva üst-üstə ikinci dəfə Avropa çempionu oldu və Yaponiyanın Osaka şəhərində dünya çempionluğunu qazandı.

Vaxt keçdikcə gözəlliyi ilə də diqqət çəkməyə başlayan rus gimnast 2003-cü ildə titulları sırasına digər dünya çempionu adını da əlavə etdi. 2000-ci il Sidney Yay Olimpiadasında qızıl medalı qazanması gözlənilən A.Kabayeva finalda kiçik xətası üzündən bu istəyinə nail ola bilmədi və bürünclə kifayətləndi.

Növbəti uğuru isə 2001-ci il dünya bədii gimnastika çempionatında qazandığı gümüş medal oldu. 2001-də Avstraliyada keçirilən "Goodwill Games” (xoşməramlı oyunlar) çempionatında top, klub və ip yarışlarında qızıl, çoxnövçülükdə isə fərdi şəkildə halqa ilə gümüş qazandı.

2004-cü il Afina Olimpiadasında Kabayeva 108,400 hesabla (halqa 26,800, top 27,350, Klublar 27,150, lent 27,100 xal) bədii gimnastikada çoxnövçülükdə qızıl medala sahib oldu.

Getdi, yenidən qayıtdı - uğurları muncuq kimi düzdü

2004-cü il oktyabr ayında Kabayeva idmanla vidalaşdığını elan etdi. Sonradan 2005-ci ilin iyununda rusiyalı baş məşqçisi İrina Viner onun idmana qayıtmasını açıqladı. Kabayevanın qayıdışı 2005-ci il sentyabrın 10-da Genuyada keçirilən İtaliya - Rusiya dostluq müsabiqəsində reallaşdı. 2006-cı il martın 5-də yarışı ikinci və üçüncü bitirərək, həmvətənləri Vera Sesina və Olqa Kapranova ilə “Qazprom Moskva Qran-Prisi” qazandı. 2006-cı il Avropa çempionatında çoxnövçülükdə gümüş medalla kifayətləndi. 2007-ci ildə dünya çempionatında ixtisaslaşmanı 4-cü yerlə başa vurdu.

İdmandan sonra - Özünə mahnı qoşub klip çəkdi

2005-ci ildən Kabayeva Rusiya İctimai Palatasının üzvü olub. 2007-ci ildən Rusiya parlamentinin Dövlət Dumasına seçilib. 2008-ci ilin fevral ayından "Milli Media Qrupu İctimai Şurası” media qrupunun rəhbəri olub. 2011-ci ilin yanvarından isə Rusiyanın moda dərgilərinin üz qabığında yer alır.

Kabayevanın adı dünyanın ən seksual siyasətçilərinin reytinqinə dəfələrlə başçılıq edib. O, Yevgeniya Kanayevadan sonra Rusiyanın ikinci ən çox uğur qazanmış bədii gimnastıdır. 2001-ci ildə Yaponiyanın çəkdiyi "Red Shadow”("Qırmızı Kölgə”) adlı filmdə qısa epizodik rolda iştirak edib.

“Alina” xeyriyyəçi fondunun rəhbəri olan Kabayeva özünün idman nailiyyətləri haqqında mahnı yazıb və klip çəkib. İdmançı karyerasını bitirdikdən sonra siyasətlə məşğul olan Kabayevanın mətbuat xidmətinin məlumatına görə, o, mahnıda özünə inamından və bunun sayəsində qazandığı nailiyyətlərdən bəhs edib. Lakin Kabayevanın şou-biznes sahəsinə daxil olmaq fikri yoxdur.

“Mənim uşağım yoxdur - Ərə getmək istəyirəm”

"New York Post" qəzeti Alina Kabayevanın hamilə olduğu xəbərini dərc edəndə aləm bir-birinə dəymişdi. Qəzet sonra onun bir qız uşağı dünyaya gətirdiyini yazdı. Həmin xəbərdə Kabayevanın qızdan əlavə 3 yaşında bir oğlunun da olduğu qeyd edilmişdi.

Alina “Bolşoy sport” jurnalına verdiyi müsahibədə belə demişdi: “Həyat təcrübəm məni şəxsi həyatıma heç kəsi buraxmamağı öyrədib. Yalnız onu deyə bilərəm ki, mənim uşağım yoxdur. Bu həqiqətdir”.

2013-cü ildə Kabayevanın qonaq olduğu efirlərdən birində qarşılaşdığı ideal kişidən bəhs etdiyi müsahibəsi müzakirə mövzusuna çevrildi. Sualları cavablandıran Kabayeva ailə həyatı qurmaq istəyini açıqladı:

“Əlbəttə, ərə getmək, ailə və uşaq istəyirəm. Həyat elə şeydir ki, sən birini görürsən və xoşuna gəlir, onda olan hər şeyi bəyənirsən. Bax belə birinə ərə gedəcəm”.

“Elə biri ilə rastlaşmısınızmı” sualına isə Kabayeva “rastlaşmışam” cavabını verib.

Həmçinin həyatında gənc birinin olduğunu deyən gözəllik nümunəsi xoşbəxtlikdən qorxduğunu vurğulayıb:

“Bəzən sənə elə yaxşıdır ki, hər şeyin bu qədər yaxşı olmasından qorxursan. Əlbəttə, ehtiyat edirsən. Şəxsən mənim üçün xoşbəxtlik hər andır. Həyatımda çox yaxşı gənc biri var və mən onu çox sevirəm”.

Deputatlıqdan getdi, media kraliçası oldu

2014-cü ilin sentyabrında Alina Kabayeva deputat kimi fəaliyyətini dayandırdı. Rusiya Dövlət Duması onun xahişini nəzərə alaraq səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması haqqında qərar verib. Olimpiya çempionu parlamentdə olduğu yeddi il ərzində plenar iclasda üç dəfə çıxış edib, həmçinin beş qanun layihəsinin hazırlanmasında iştirak edib.

Alina Kabayeva Rusiyanın ən böyük media şəbəkəsi olan Milli Media Qrupun direktorlar şurasının rəhbəri təyin olunub. “La Republica” bildirir ki, indi onun rəhbərlik etdiyi Media Qrup Birinci Kanalın 25 faizinə nəzarət edir. Beşinci kanal və REN TV onun nəzarətindədir. Rusiyanın nüfuzlu nəşrlərindən olan “İzvestiya” bu media qrupuna məxsusdur. Başqa layihələr də var. Bir sözlə, o, media kraliçasıdır.

“Onlar bankaya salınmış hörümçəkləri xatırladır”

Alina müsahibələrinin birində Rusiya müxalifəti barədə ağır ittihamlar səsləndirmişdi. O, muxalifəti bankaya salınmış hörümçəklərə bənzətmişdi:

“Müxalifət liderləri siyasi opponent yox, yeni faşistlər və ekstremistlər adlandırılmalıdır. İndiki müxalif liderləri o qədər cılızdırlar ki, onları nə prezident, nə də baş nazirlə müqayisə etmək olmaz. Nə tərbiyəyə, nə təcrübəyə, nə də intellekt səviyyələrinə görə bu mümkündür. Onlar bankaya salınmış hörümçəkləri xatırladır. Hansılar ki, sonda özləri özlərini yeyib bitirəcək. Bəli, bu, ağır təsvirdir, lakin həqiqətdir. Hesab edirəm ki, bizim müxalifət özü qanunsuzdur. İlk növbədə ona görə ki, onlar öz vətənlərinin və Rusiyanın əleyhinə çalışırlar. Onun pisliyini istəyirlər”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm