“Maqnit adam”ın yeni rekordları
Bizi izləyin

İdman

“Maqnit adam”ın yeni rekordları

Gürcüstanda “Maqnit adam” ləqəbi ilə tanınan azərbaycanlı idmançı Etibar Elçiyev-Budaqlı bədəninə yapışdırdığı dəmir lövhə ilə iki minik avtomobilini dartmaq və sinəsindəki dəmir lövhənin üzərində kərpicləri qırmaq üzrə yeni rekordlara imza atıb.

E.Elçiyev-Budaqlı fevralın 6-da “Cəngi” havasının sədaları altında Tbilisidə sinəsindəki 18 kiloqram ağırlığındakı dəmir lövhənin üstündə 60 kiloqram ağırlığında adamı oturtmaqla, hər birinin çəkisi 1100 kiloqram olan iki “Nissan” avtomobilini 10 metr məsafəyə dartmaqla 15-ci rekordunu qazanıb. Sonra pəhləvanın sinəsi üzərində 17 kərpici çəkiclə sındırılıb və bununla da 16-cı rekorda nail olub.

“Qafqaz Dünya Rekordları Federasiyası”nın baş katibi Şota Keldişvili jurnalistlərə bildirib ki, E.Elçiyev bu günədək Almaniya, Fransa, İngiltərə, Çin, Türkiyə, Rusiya və başqa ölkələrdə öz bacarığını nümayiş etdirərək bir neçə rekorda imza atıb. Azərbaycanlı pəhləvan minik avtomobilini dartmaq üzrə 11-ci rekordunu 2013-cü ildə Tbilisi şəhərində qazanıb. O, ağırlığı 1,5 tona yaxın olan “Mersedes-A klass” markalı avtomobili bir dəqiqə ərzində 10 metr məsafəyə dartıb.

E.Elçiyev həm də bioloji təbabətlə məşğul olur. Bədənindəki və əlindəki bioenerji hesabına bir sıra xəstəlikləri müalicə edib. Həkim-uroloq, professor Georgi Qadbaidze, həkim-kordioloq Tamara Qriqolaşvili və başqaları onun bioloji müalicə üsullarının üstünlüklərindən danışıblar. Soydaşımızın maqnit-rezonans müalicə üsulu sayəsində sağlamlığını bərpa etmiş insanlar da öz razılıqlarını bildiriblər.

Tədbirin sonunda E.Elçiyevə yeni rekordunun şəhadətnaməsi və medallar təqdim olunub. Şota Keldişvili deyib ki, azərbaycanlı pəhləvanın yeni rekordu ilə bağlı videomaterial və digər sənədlər Dünya rekordları və Ginnesin rekordları təşkilatlarına göndəriləcək.

Qeyd edək ki, Etibar Elçiyev 1972-ci ildə Gürcüstanın Ağbulaq rayonunun Kosalar kəndində anadan olub. İlk rekordlarını 2011-ci ildə bədənində 50 qaşıq və sinəsində 30 saniyə ərzində 106 kiloqram ağırlığında dəmir lövhə saxlamaqla qazanıb. İdmançı 2012-ci ildə Roma şəhərində bədənində 51 qaşıq saxlayaraq dünya rekordunu təzələyib və rəsmən Ginnes rekordçusu olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm