Futbol bayramı: “Atletiko” - “Real”, “Yuventus” - “Milan”, “Tottenhem” - “Arsenal”, “Lion” - PSJ
Bizi izləyin

İdman

Futbol bayramı: “Atletiko” - “Real”, “Yuventus” - “Milan”, “Tottenhem” - “Arsenal”, “Lion” - PSJ

Avropanın aparıcı çempionatları yenə derbi ab-havasına bürünüb. İspaniyada, İngiltərədə, eləcə də İtaliyada bir neçə oyun var ki, bütün dünyanın diqqət mərkəzində olacaq.

Publika.az “böyük beşlik”də ən vacib oyunlara xüsusi yer ayırmaq qərarına gəlib. “Yuventus” 1984-cü ildəki rekordunu təkrarlamağa yaxındır. Cerrard isə bu axşam 30-cu (eyni zamanda böyük ehtimalla karyerasında sonuncu) mersisayd derbisinin iştirakçısı olacaq.

İngiltərədə iki derbi birdən

16:45 Tottenhem - Arsenal

Derbilərdən biri Londonun şimalında baş tutacaq. “Uayt Hart Leyn”də “Tottenhem”lə “Arsenal” 78-ci dəfə üz-üzə gələcək. Ötən mövsüm burda qələbə qazanan “Topçular” son 6 səfər oyununda yalnız bu nəticəylə öyünə bilər.

Dekabrın əvvəllərindən bəri Premyer Liqada 23 qol vuran “Arsenal” 20 komanda arasında ən yaxşı məhsuldarlıq göstərən komandadır. Son iki ayda Arsen Vengerin yetirmələri mümkün 30 xaldan 22-sini toplayıb. Bu da çempionatda ən yaxşı nəticədir.

21:30 Everton - Liverpul

İngiltərə Premyer Liqasında daha bir derbi var. Düzdür, “Everton” hazırda yaxşı günlərini yaşamasa da, mersisayd derbisinin özünəməxsus intriqası var. Həm də bu dəfəki qarşılaşma “Liverpul”un kapitanı Stiven Cerrard üçün vida derbisi olacaq. O, bu derbidə 30-cu oyununa çıxan ilk futbolçu olacaq. Stivi həm də mersisayd derbisinin bombardiridir (9 qol).

Madrid derbisi: Ronaldo da olacaq

19:00 Atletiko - Real

Son iki mövsümdə Madrid derbisinin süjet xətti xeyli dəyişib. Məsələn, əvvəllər “Atletiko” “Real”la oyuna əzəli rəqibə badalaq vurmaq niyyətiylə çıxırdısa, indi vəziyyət başqadı. Dieqo Simeonenin baş məşqçi postuna əyləşməsindən sonra İspaniyada “Real” - “Barselona” mübarizəsinin intriqası səngiyib. İndi Madrid derbisinin nəticəsi birbaşa çempionluğa təsir edir.

Bu gün Madridin iki nəhəngi 258-ci dəfə üz-üzə gələcək. “Real” ötən mövsüm Çempionlar Liqasının finalındakı fantastik qələbədən sonra “Hindular”a bata bilmir. 5 dəfə üz-üzə gəliblər, “Real” udmayıb. Bu dəfə də uğur Karlo Ançelottinin yetirmələrindən üz-döndərsə, 44 il əvvəlki antiseriya təkrarlanacaq. Sonuncu dəfə 1969-1971-ci illərdə “Kral klubu” ardıcıl 6 derbidə “Atletiko”nu məğlub edə bilməmişdi.

“Kordoba”yla oyundan sonra kobudluğa görə ikioyunluq diskvalifikasiya edilən Kriştiano Ronaldonun cəza müddəti bitib. Amma “Real”da ciddi itkilər var. Serxio Ramosla Xames Rodriges zədəli olduğu üçün budəfəki derbini buraxacaqlar. Yaxşı formada olan Marselo isə cəzalı duruma düşüb.

İtaliya derbisi

23:45 Yuventus - Milan

Bu oyunun intriqası sadəcə İtaliya derbisi olmasıyla məhdudlaşmır. Baş məşqçilərə fikir verin. “Yuventus”u çalışdıran Massimiliano Alleqri vaxtilə “Milan”da işləyib. “Milan”ı çalışdıran Filippo İnzaqi vaxtilə Alleqrinin əlinin altında oynayıb. Karyerasının son illərində onların arasında münaqişə də yaşanmışdı. Düzdür, son mətbuat konfransında Alleqri baş verənlərin keçmişdə qaldığını deməklə məsələyə nöqtə qoydu.

“Yuventus”un Turindəki qarşılaşmalarda “Milan” üzərində böyük üstünlüyü var: 81 qələbə, 22 heç-heçə, 21 məğlubiyyət. Son illərdə yenidən A seriyasında hegemonluğu ələ alan “Qoca sinyora” balansı daha da yaxşılaşdıra bilər. Həmçinin “Ağ-qaralar” tarixində ikinci dəfə “Milan”ı A seriyasında ardıcıl 5-ci oyunda məğlub edə bilər. İlk dəfə bu seriya 1980-1984-cü illərdə qeydə alınmışdı. Başqa sözlə, “rossonyerilər” 2011-ci ilin martından bu yana “Yuve”ni məğlub edə bilmir. Maraqlıdır ki, onda “Milan”ı məhz Alleqri çalışdırırdı.

Qarşılaşma həm də cari mövsümün iki bombardirinin dueli kimi əlamətdardır. Karlos Tevez (Yuventus) 13 qolla siyahıya başçılıq edir. Jeremi Menez (Milan) isə ondan bir top geri qalır - 12 qol.

Çempion “Lion”u taxtdan salacaqmı?

8 fevral

00:00 Lion - PSJ

Fransada da çempionluq yarışını yaxından maraqlandıran bir qarşılaşma var. Cari mövsümdə ardıcıl 10 ev oyununda qələbə qazanaraq 41 il əvvəlki rekordunu (1974-cü ildə də “Lion” ardıcıl 10 ev oyununda qalib gəlmişdi) təzələyən “Şirlər” çempionlara qarşı evdə keçirdiyi son 7 qarşılaşmanın altısından üzüağ çıxıb. Yeganə məğlubiyyət 2009-cu ildə “Bordo”dan alınıb (0:1). Amma bu dəfə çətin olacaq. Meydan sahibləri ən sərrast futbolçusunun xidmətindən məhrumdur. Lakazetta zədəli olduğu üçün komandasına kömək edə bilməyəcək. Onun yoxluğunda isə “Lion”un necə əziyyət çəkdiyi ötən tur “Monako”yla oyunda göründü (0:0). PSJ-nin lideri taxtdan salmaq üçün bundan yaxşı fürsəti ola bilməz.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm