Toğrul Əsgərov suallara aydınlıq gətirdi
Bizi izləyin

İdman

Toğrul Əsgərov suallara aydınlıq gətirdi

London Olimpiadasının qızıl medalçısı, tanınmış güləşçimiz Toğrul Əsgərovun Fransadakı beynəlxalq turnirdə son görüşə çıxmaqdan imtina etməsi və komandanın böyük məşqçisi Firdovsi Umudovun bundan xeyli əsəbləşdiyi haqda xəbərlər son günlərin aktual mövzusuna çevrilib. Mütəxəssis idmançınınn ünvanına ittiham səsləndirmiş, onu səhlənkarlıqda günahlandırmışdı. Artıq Toğrul da baş verənlərə aydınlıq gətirib.

Publika.az xəbər verir ki, olimpiya çempionu açıqlamasında addımını zədə ilə əsaslandırıb:

"Bildiyiniz kimi, ötən il aldığım zədədən sonra dizimdən əməliyyat olunmuş və uzun müddət müalicə-bərpa prosesi keçmişdim. Fransada keçirilən beynəlxalq turnirə bir neçə gün qalmış məşq zamanı ayağımdan yenidən zədə aldım. Ancaq buna əhəmiyyət verməyərək bu turnirdə böyük həvəslə iştirak etmək arzusundaydım. Turnirdə ilk görüşü tam üstünlüklə 6:0 hesablı qələbə ilə başa vurdum. Lakin ikinci görüşdə qəflətən əməliyyat edilmiş dizimdə yaranan ağrı səbəbindən yarışı davam etdirə bilmədim. Həmin vaxt yığma komandanın həkimi məni müayinə etdi və tibbi yardım aldım. Ancaq buna baxmayaraq, görüşü davam etdirə bilmədim, görüş 2:2 hesabı ilə başa çatdı. Qeyd edim ki, bu turnir dizimdə aparılan əməliyyatdan sonra iştirak etdiyim ilk yarış idi.

Zədəmin daha da ağırlaşacağından ehtiyat edib mübarizəni dayandırdım. Hal-hazırda zədənin aradan qaldırılması üçün həkim nəzarətindəyəm və yüngül formada məşqlərimi davam etdirirəm. İnşallah, tam sağaldıqdan sonra növbəti yarışlarda bütün qüvvəmlə mübarizə aparacam. Bir azərbaycanlı kimi, vətəninə, dövlətinə, elinə-obasına bağlı bir insan kimi mənim ən böyük arzum beynəlxalq yarışlarda, Avropa və dünya çempionatlarında, Olimpiya Oyunlarında bundan sonra da uğurla iştirak edib yüksək nəticələr əldə etmək, ölkə başçımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin idmana və biz idmançılara, xüsusən də mənim özümə olan etimadını doğrultmaq, üçrəngli bayrağımızı daim yüksəklərə qaldıraraq ölkəmizi dünya miqyasında layiqincə təmsil etməkdir. Bu mötəbər yarışlara hazırlığımız üçün dövlətimiz və federasiyamız tərəfindən hər cür şərait yaradılıb. Qarşıdan gələn Avropa Oyunlarında, sentyabrda keçiriləcək lisenziya xarakterli dünya çempionatında uğurla çıxış etmək, London Olimpiadasındakı uğurumu təkrarlamaq istəyirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm