Polşalılarla dəyişik düşən azərbaycanlı - “Onu boğmaq, öldürmək lazımdır”
Bizi izləyin

İdman

Polşalılarla dəyişik düşən azərbaycanlı - “Onu boğmaq, öldürmək lazımdır”

Elşən Hüseynov pauerliftinq üzrə Avropa çempionu, dünya rekordçusudur. 1977-ci il noyabrın 1-də Sumqayıt şəhərində anadan olub. Uşaqlıqdan idmana meyl edib. Ayğındakı problemlər üzündən fiziki gücə daha çox ehtiyacı olan Elşən tədricən peşəkar davranmağa başlayıb və 1991-ci ildən bütün diqqətini məhz pauerliftinqə yönəldib. Onunla ətraflı söhbət etmək üçün Publika.az-ın redaksiyasına dəvət etdik. Fiziki qüsuruna baxmayaraq, qazandığı nailiyyətlər onun maraqlı persona olduğunu deməyə əsas verirdi. Müsahibə vaxtı buna bir daha əmin olduq. Elşən Hüseynov qarşısına qoyduğu məqsədlərdən və medallarından danışdı, eyni zamanda gənclərə də tövsiyələrini verdi.

- 1991-ci ildə pauerliftinqi seçməyiniz çox maraqlıdır. Çünki o dövrdə bu idman növü bir o qədər məşhur deyildi.

- Düzdür, geniş yayılmamışdı. Tək-tük adamlar belə bir idman növünün olduğunu bilirdi. Bildiyiniz kimi, bu idman ağır atletikanın bir növüdür. 1996-1997-ci illərdə mən artıq yarışlarda iştirak edirdim. Bundan əlavə, paralimpiyaçılardan başqa, sağlamlar arasında da dəfələrlə yarışlara çıxıb, medallar qazanmışam. Bu gün də öz çəkimdə birinciyəm.

- Əminsiniz ki, sizə rəqib yoxdur?

- Bəli, yoxdur.

- Paralimpiya komitəsinə yolun necə düşdü?

- 1997-ci ildə Tofiq İsmayılov adına yarış keçirilirdi. O zaman Bədən Tərbiyəsi və İdman Akademiyasında məşğul olurdum. Məşqçi belə bir yarışın olduğunu, nəticələrimin yaxşı olduğu üçün bu yarışa qatılmağımı dedi. Elə orada da Azərbaycan Milli Paralimpiya Komitəsinin baş katibi Afiq Süleymanov məni gördü. Haqqımda məlumatları götürdülər, əlaqə üçün telefon nömrəsi aldılar. Bundan sonra arada məni dəvət edirdilər. 2007-ci ildən paralimpiya komitəsinə gəldim. Elə komitəyə gəldiyim il Avropa çempionatında bürünc medal qazandım.

- Sonra hansı mükafatları qazandız?

- Yenə Avropa çempionatında və Açıq Asiya çempionatında bürünc mükafat qazandım. Bundan əlavə, Pekin Paralimpiya oyunlarına vəsiqə qazandım. Düzdür, orada 5-ci oldum. Çünki təzə başlamışdım.

Paralimpiya qaydası sağlamlar üçün olan pauerliftinqdən fərqlidir. Alətlərdə, sərpayıda də fərq var.

- Hər ikisində də - həm paralimpiyada, həm də sağlamlarda yarışlara qatılmısız. Sizin üçün hansı daha çətindir?

- Səmimi deyim ki, paralimpiya çox çətindir. Hətta paralimpiya idmançıları daha çox güclüdür.

- Medallarınızın sayı və əyarları haqda məlumat verərdiz.

- Bu günə kimi 16 medalım, kubokum var. Bunlardan da 5-i qızıl, 4-ü gümüş qalanları isə bürünc medallardır.

- Ştanq altda yatarkən qorxduğunuz an olubmu?

- Biz öz aramızda bu qorxuya “mandraj” deyirik. Bu, hər bir insanda var. Sadəcə olaraq onu boğmaq, öldürmək lazımdır.

- “Mandraj”dan qurtulmaq üçün nə edirsiz?

- Artıq neçə ildir peşəkar idmandayam. O hisləri çoxdan boğmuşam. Bir də ən əsası səhvə yol verməməkdir. Sonuncu London Paralimpiya Oyunlarında etdiyim ani səhv üzündən 4-cü oldum. Halbuki medal qazana bilərdim. Orada yaxşı çıxış etdik. Hətta bizim haqqımızda deyilirdi ki, “Azərbaycandan belə bir addım gözləmirdik”.

- Yetirmələriniz varmı?

- Hazırda karyeramı davam etdirirəm. Təbii ki, tələbələrim də var. Yəni davamı gəlir.

- Hansı titul sizə daha çox doğmadır?

- 2013-cü ildə Ulu Öndər Heydər Əliyevin adına paralimpiya festivalı keçirilirdi. Orada qalib gəldim. İstər öz çəkimdə, istərsə də bütün çəkilərdə (məndən yuxarı və məndən aşağı çəkilərdə) birinci oldum. Bundan 5 gün sonra Moskvada keçirilən Avropa çempionatına yola düşdük. Orada iki qızıl medal götürdüm, iki dəfə himnimizi səsləndirdim. Bu gün də fəxr hissi keçirirəm ki, iki qızılı qazandım. Ruslar sonda belə bir söz dedi: “Siz hər şeyi dağıtdınız”.

- Məşqçi-tələbə münasibətlərinizdən danışardız...

- Məşqçimlə tələbə müəllim münasibətindən əlavə dostuq. Fikirlərimizi bir-birmizə çəkinmədən deyirik. Ağıllı fikir olanda qulaq asıb nəticə çıxarmağa çalışıram. Doğrudan da uyğundursa, yaxşıdırsa niyə bunu etməyim.

- İdman sayəsində nələri qazanmısız, nələri itirmisiz?

- Belə bir sualı dopinq testdən keçərkən soruşmuşdular. Dedim ki, idman bizim ikinci ailəmizdir. Belə bir şey də var ki, gərək ailəni yaxşı qoruyasan. Biz də bunu etməyə çalışmalıyıq.

- Adam var, deyir ki, idman vaxtımı, gəncliyimi, salamlığımı aldı.

- Bunu düşünən adam peşəkar idmanda böyük addım ata biməz.

- Sizin üçün idmanda ən böyük addım nə olacaq?

- Braziliyada keçiriləcək Paralimpiya oyunları. Çünki bütün fikrimi, düşüncələrimi ora yönəltmişəm, medal qazanmaq üçün köklənmişəm. Məndən də bunu gözləyirlər.

- 2016-cı ildə keçiriləcək Rio-de-Janeyroda Yay Paralimpiya oyunlarında qarşınıza nə məqsəd qoymusuz?

- Ən azından hər kəs istəyir ki, medalla gəlsin. Pauerliftinqdə paralimpiya oyunlarına düşə bilmək üçün belə bir şey var ki, dünyada 8 nəfər ən güclü idmançı ora lisenziya qazana bilər. Öhdəliyimdə olanı dünya çempionatında yerinə yetirdim. Belə ki, paralimpiyaya ilk lisenziyanı mən qazanmışam. Hazırlıqlarım davam edir. Hətta Ümumdünya Antidopinq Agentliyi (WADA) də haqqımda “Azərbaycandan olan Elşən Hüseynov birbaşa qızıl medala iddialıdır” yazmışdılar.

- Özünüzdən gənclərə səhvlərini göstərirsiz?

- Uzun müddət idi Məhərrəm Əliyevlə birlikdə çıxış edirdim. Son vaxtlar isə bizə 3 idmançı da qoşulub. Hətta xanım idmançımız da var. O da bu idmana yeni başlayıb. Onlara kömək etməyə çalışıram. Bu idman növünün incəliyi var. O demək deyil ki, uzanasan, ştanqı qaldırmağa çalışasan.

- Dediklərinizdən bəhrələnənlər olduğu kimi, “o kimdir ki, mənə göstəriş verir” fikrinə düşənlər də ola bilər...

- Xeyr. Ümumiyyətlə, sakit təbiətli insanam, məşq zamanı demək olar ki, danışmıram. Amma nə isə başa salmağa çalışdığım zaman, sözüm ağzımdan çıxan kimi, əməl olunur.

- Sizcə müəllim kimi də işinizi yaxşı bacara bilirsizmi?

- Bunu məndən yox, gərək uşaqlardan soruşasız. Amma onu bilirəm ki, heç kəs narazı deyil. Düşünürəm ki, idmançı sadə olmalı, özünə inanmalı, ağılla öz üzərində çalışmağı bacarmalıdır.

- Bildiyim qədəriylə, sizin dopinqlə bağlı probleminiz olmayıb...

- Yox, olmayıb. Dopinq istifadə edən insan öncə özünə ziyan vurur. Böyük idmanın 10-15 il ömrü var. Bəs sonrakı həyat?

- Dopinqlə bağlı kimisə bu yoldan çəkindirməyə çalışmısız?

- Həmişə deyirəm ki, nəticəni 2-3 aya yox, 1-2 ilə əldə elə. Amma lazımsız vasitələrdən həmişə qaç. Çünki dopinqlə qazanılan nəticə müəyyən müddətdən sonra düşür, həmin səviyyəni saxlaya bilməzsən.

- Yorulduğunuz anlar olubmu?

- Olur, niyə olmasın ki, biz də insanıq.

- Nə vaxta qədər karyeranızı davam etdirmək istəyirsiz?

- Bu yaxınlarda komitədə də belə bir söhbətimiz oldu. Baş katib Afiq müəllim dedi ki, səni hələ 2020-ci ildə Tokiodakı paralimpiya oyunlarında da görmək istəyirik. Mən də dedim inşallah, yaşayarıq, görərik.

- Qaldırdığınız çəkilərdən hamını təəccübləndirən hansı olub?

- Avropa çempionatında 225 kq çəki ilə hamını qabaqladım. Gözləmə zamanı məşqçi ilə söhbətimiz oldu. Məşqçim o zaman dedi ki, “Elşən biz birinciyik, bunu bir daha sübut etməliyik. Bu zaman Avropa rekordunu qırdım. 8 kq birdən artırdım. 233 kq-ın öhdəsindən gəldim. Amma daha çox artıra bilərdim.

- Bir az keçək idmandan kənar söhbətə. Elşən bəy, indi baxıram sakit insansız. Maraqlıdır, uşaq vaxtı dəcəl olmamısız?

- Sakit uşaq olmuşam.

- Övladlarınızın idmana marağı necədir?

- Düzünü deyim ki, istəməzdim onlar da mənim kimi peşəkar idmana başlasınlar. Böyük oğlumu cüdoya qoymuşam. Özü, sağlamlığı üçün məşğul olur. Amma balaca yaxşı oxuyur, əlaçıdır. Onun təhsil almasını istəyirəm. Özüm oxumadığım üçün peşmanam. Qoy o oxusun.

- Adətən peşəkar idmançıların övladları kiçik yaşlarda valideyndən şikayət edir ki, “evdə az olurlar, bizlə az vaxt keçirirlər”. Belə şikayətləri siz də eşitmisiz?

- Əslində yox, çünki ailəmlə də çox vaxt keçirə bilirəm. Ailəyə, övladlarına bağlı biriyəm. Evə gəldiyim zaman mənimlə qurşaq tutmağa çalışırlar. Biri deyir qolunda qaldır məni, digəri deyir ikimizi qaldır (gülür). Ata övlad üçün həmişə idealdır. Uşaq atasını öz gözündə həmişə böyük görür. Kiçik oğlumdan məktəbdə soruşulanda ki, “atan nəçidir”, deyir, “mənim atam “ştanqist”dir”.

“Elə bildilər mən də polşalıyam”

“Xaricdə belə bir hadisə başıma gəlmişdi. Yarışdan öncə açılış oldu. Ora getmək üçün də hər bir dövlətdən olan komandalara maşınlar ayrılır. Elə olub ki, Polşa komandası üçün ayrılmış maşına minmişəm. Onlar da zənn ediblər ki, polşalıyam. Onların da dili rus dilinə oxşayır. Başladım onlar kimi danışmağa, amma sonra bildilər ki, bu bizim adam deyil (gülür)”.

“Ağıllı olmalısan”

“Yaxşı idmançı ola bilmək üçün əlindən gələni etməlisən. Amma ilk növbədə qarşına məqsəd qoymalısan. Bir də gərək ağıllı olasan. Ancaq gücə güvənib məsələni həll etmək olmaz”.

Aygün İlqarqızı

Elnur Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm