• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

“Böyük oyun”u birlikdə kiçiltdik - kiçik maraqlarımıza qurban verməklə”

  • İdman
  • 10 Fevral 2015 16:15
  • 527 Baxış
“Böyük oyun”u birlikdə kiçiltdik - kiçik maraqlarımıza qurban verməklə”

Azərbaycanda futbolla maraqlanan hər kəs, yəqin ki, Avropanın aparıcı çempionatlarını izləyir. Adları sadalasaq, uzun olacaq. Qısaca deyək ki, hər ölkədə derbi və derbi xarakterli oyunlar var. Hamımız bilirik ki, məsələn, “Reyncers” aşağı divizionda mübarizə aparsa da, bu gün “Seltik”lə üz-üzə gəlsə, bu oyuna maraq həddən artıq böyük olur. Bir sözlə, əzəli rəqiblərin qarşıdurması hansısa komandanın cari durumundan asılı olmayaraq, həmişə ajiotajla qarşılanır. Bəs bizdə...

Bizim də amanabənd bir “böyük oyun”umuz vardı. Adını özümüz qoymuşduq. Bir neçə il bu oyuna görə, Azərbaycan çempionatını maraqla izləyirdik. Səbrsizliklə gözləyirdik ki, “Neftçi” - “Xəzər Lənkəran” oyunu nə vaxt olacaq. Amma indi...

Əvvəlcədən deyim ki, komandaların iddialarının azalıb-çoxalmasını əsas gətirməyin. Söhbət burada auditoriya marağından gedir. Ola bilsin ki, sabah komandalar meydana çıxsın və qələbə üçün futbolçular bir-birini didsin. Bu normaldı və hər oyunda müşahidə olunan haldır. Söhbət ondan gedir ki, əvvəllər oyuna bir həftə qalmış hamı “böyük oyun” ab-havasına girirdi. Bütün “futbol kampaniyaları”nda qızğın müzakirələr gedirdi. Niyə “Neftçi” - “Xəzər Lənkəran” oyunu bu qədər adiləşdi? Niyə əvvəlki ajiotaj yoxdur? Publika.az bu sualları qələm əhlinə ünvanladı. Hər halda, istənilən hadisənin işıqlandırılmasında onların böyük rolu olur.

Ceyhun Əzizli, “Aut.az” saytının baş redaktoru:

“Böyük oyun”a marağın qalmamasında günahkar PFL-dir və AFFA-nın verdiyi boş-boş qərarlardır. Ümumiyyətlə, bizdə futbol idarəçilərinin heç birinin futboldan anlayışı yoxdur. Onların qərarları sayəsində azarkeşlərin futbol izləməyinin qarşısı alınıb. Azarkeş var ki, hələ də həbsdədir. Nəyin üstə - futbola azarkeşlik etdiyinə görə. Onlar istəmirlər Azərbaycanda “böyük oyun” olsun, istəmirlər ki, azarkeşlər meydana toplaşsın. Mən çoxdan demişəm ki, “böyük oyun”dan əsər-əlamət qalmayıb. Yenə deyirəm, lazımsız verilən qərarların hamısı futbolu bu duruma gətirdi, azarkeşsiz qoydu. Azarkeşlər oyunlara gedib baxmaq istəyir, amma qarşıları alınır. Burda təbii ki, klub rəhbərlərinin də səhvi var. Onlar azarkeşlərinə sahib çıxmadılar”.

Kənan Məstəliyev, “Rekord.az” saytının baş redaktoru:

“İndi meydanda göstərilən futbolla 5-6 il əvvəlkində bir o qədər fərq yoxdur. Ancaq son zamanlar baş verənlərdən və lazımsız olan o qərar qəbul edildikdən (rəqib meydançalara azarkeşlərin buraxılmamasından) sonra ajiotaj sıfıra enib. “Böyük oyun” ölkənin iki ən böyük futbol camiəsi arasında gedən bir mübarizə idi. Azarkeş də olmadıqdan sonra “Böyük oyun” zəifləyir. Futbolu da gözəlləşdirən azarkeşdir. Azarkeş olmadıqdan sonra niyə oynayırlar? Məncə azarkeşlər tribunalara qaytarıldıqdan sonra əvvəlki ajotaj qayıdacaq”.

Rəşad Ergün, “Komanda.az” saytının baş redaktoru:

“Neftçi”ylə "Xəzər Lənkəran" arasındakı oyunların əvvəlki statusunu itirməsinin əsas səbəbkarı AFFA və PFL-dir. Bu iki komanda hansı durumda olur-olsun, əvvəllər hər qarşılaşmaları turun, hətta bütövlükdə çempionatın bəzəyinə çevrilirdi. Yəni komandalar zəifləyib deyə, "böyük oyun"a maraq azdı ehtimalı keçərli deyil. "Böyük oyun"la bağlı qırılma nöqtəsi Lənkəranda keçirilən qarşılaşmada bir neçə fanatın həbs olunması oldu. Bu həbsi də birbaşa AFFA-nın baş katibi Elxan Məmmədovun istəyi, sifarişi saymaq olar. Çünki məhz o, fanatları "Molotov kokteyli"ndən istifadədə ittiham etmişdi, həbsləri üçün canfəşanlıq göstərmişdi. Həmin oyundan sonra azarkeşlərdə bir növ qorxu yarandı. Üstəlik, AFFA bu komandaların oyunlarında səfər komandası sayılacaq rəqibin azarkeşlərinə stadiona girişi qadağan etdi. Bütün bunlardan sonra siz hələ də "böyük oyun"dan ajiotaj, maraq gözləyirsiz?”

İlqar Tağıyev, “Het-trik nyus” qəzetinin baş redaktoru:

“Fikrimcə, "boyük oyun"dan əsər-əlamətin qalmamasının 2 əsas səbəbi var. Birincisi, qonaqların hazırki durumudur. Təəssüf ki, həmişə əzəmətli, iddalı gördüyümüz "Xəzər Lənkəran" heyətdə aparılan dəyişikliklərdən sonra indi iddiasız təsiri bağışlayır. İkinci səbəb azarkeş amili ilə bağlıdır. Bir vaxtlar bu 2 komandanın qarşılaşmasını “böyük oyun” edən azarkeş ordusu hər iki komandada ardıcıl məşqçi dəyişikliyi, qeyri-sabit çıxış və digər neqativ məqamlara biganə qalmadı. Bir növ sevimli komandalarından incik düşdülər. Onların könlünü almaq isə komandaların öz əllərindədir. Əslində daha bir səbəb də var. Bu da futbolumuzun hazırki acınacaqlı durumu ilə bağlıdır. Futbolumuzda baş verənlər, kütləviliyin olmaması, bölgələrdə futbolun yoxluğu azarkeşlərin marağına təsir edib. Nə vaxt Azərbaycan futbolu inkişaf edəcək, bir də o vaxt “böyük oyun” izləyə biləcəyik. Bəlkə də bir neçə “böyük oyun”.

Saleh Arslan, “Korner.az” saytının baş redaktoru:

“Böyük oyuna marağın niyə azaldığını AFFA-dan, onun İntizam-Komitəsindən soruşmaq lazımdır. Ki, bu ölkənin əsas oyununa iki ildir rəqib azarkeşlerini niye buraxmırlar? Soruşmaq lazımdır "Neftçi"dən, "Xəzər Lənkəran"dan. Ki, bu klubları azarkeşlərinin əlindən alıb, oyuncağa çevirdilır. Soruşmaq lazımdır mətbuatdan. Ki, bu ölkənin əsas oyununun əlimizdən alınmasına niyə susduq? Yaxamızı kənara çəkməyək, “böyük oyun”u birlikdə kiçiltdik - kiçik maraqlarımıza qurban verməklə.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR