“Lənətlənmiş” yəhudi - FOTOLAR
Bizi izləyin

İdman

“Lənətlənmiş” yəhudi - FOTOLAR

Futbolu adətən daha yaxşı oynayan komanda qazanır. Amma bəxtin bu oyunda rolu danılmazdır. O qədər görmüşük ki birqapı oynayan komandanın xal itirməsini. Bircə fakt deyim, keçək mətləbə.

2012/13 mövsümündə, “Barselona”nın lap “bərkgedən” vaxtlarında Çempionlar Liqasının qrup mərhələsindəki “Seltik”lə səfər oyununu xatırlayırsız? Şotlandlar qalib gəlmişdi (2:1), amma “Barsa”nın topa sahib olma faizi 90-nı keçmişdi.

Bəxtdən söz düşmüşkən, futbolda bəxti gətirməyən məşqçilərdən biri Avraam Qrantdır. Son Afrika Millətlər Kubokunda Qana millisini finala yüksəldən yəhudi mütəxəssis yenə titulun bir addımlığında qaldı. Bu onun karyerasında ilk belə uğursuzluq deyil.

2008-ci ilin fevralında “Çelsi”ni İngiltərə Liqa kubokunun finalına çıxardan Qrant həlledici oyunda “Tottenhem”ə uduzmuşdu. Elə həmin mövsümdə çempionluq mübarizəsində “Mançester Yunayted”i sonadək “qovan” “Zadəganlar” gümüş medalla kifayətlənmişdi. Qrant hətta aprel ayının ən yaxşı baş məşqçisi seçilmişdi.

Çempionlar Liqasının Moskva finalında baş verənləri yəqin ki, unutmamısız. Güclü yağış, dirəklər və Con Terrinin göz yaşları - 2008-ci ildəki finalı məhz belə xarakterizə etmək olar. Qrant yenə ikinci oldu. Bir mövsümdə üç fərqli turnirdə ikinci yerlə kifayətlənən yəhudi mütəxəssis sanki lənətlənmişdi.

İki ildən sonra yenə “qorxulu yuxu” təkrarlandı. Bu dəfə “Portsmut”u Liqa kubokunun finalına kimi “sürüyən” 60 yaşlı mütəxəssisin titulu qazanmasına sabiq klubu “Çelsi” mane oldu. Bundan sonra komandada maliyyə problemləri baş qaldırdı və “kapitan” gəmini tərk etdi.

Bundan sonra da Qrantın karyerasında kədərli (“Vest Hem” onun rəhbərliyi altında Premyer Liqanı tərk etdi) və sevincli (“Partizan”la çempionluq) anlar oldu. Artıq kabusun bitdiyini düşünmək olardı. Afrika Millətlər Kuboku-2015 köhnə yaranı tərpətdi.

Qana millisi onun rəhbərliyi altında yaxşı təsir bağışladı. Yalnız ilk oyunda məğlubiyyət acısı dadan “Qara ulduzlar” pley-offda daha inamlı təsir bağışladı. Son nöqtəni qoymaq üçün Fil Dişi Sahilini də yenmək lazım idi. Amma Avraam Qrantın bəxti yenə tilsimləndi. Növbəti dəfə böyük turnirdə titula toxunmaq ona qismət olmadı.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm