50 yaşlı Nazim Süleymanovla 50 dəqiqəlik söhbət - Sizə söz verirəm...
Bizi izləyin

İdman

50 yaşlı Nazim Süleymanovla 50 dəqiqəlik söhbət - Sizə söz verirəm...

Fevralın 17-də onun doğum günüdür. Azərbaycan futbolunda iz qoymuş azsaylı futbol qəhrəmanlarından birinin. 50 il... Kimisinə az, kimisinə çox görünə biləcək bir ömür. O isə arzularının arxasınca gedir. Hələ uzun bir yol var irəlidə. Bəlkə, keçdiyi qədər bir yol, bəlkə, daha uzun bir yol...

Müsahibəyə dəvət etdik və vərəqləməyə başladıq Nazim Süleymanovun həyat hekayəsinin yazıldığı “kitab”ı.

Publika.az-ın oxucularına bu müsahibəni qaçırmamağı məsləhət görürük.

“Alman dilində saymağın, şeir deməyin yeri deyildi axı”

- Əvvəldən başlayaq. Belində çanta birinci sinifə gedən Nazim Süleymanovun xəyallarında nə var idi o vaxt? Təsəvvür edə bilərdimi ki, nə vaxtsa futbol oynayacaq, indiki Nazim Süleymanov olacaq?

- Xeyr, belə təsəvvürüm yox idi. Siz birinci sinif dediyiniz zaman yadıma bir şey düşdü. Mən Sumqayıtda 5 nömrəli məktəbdə oxuyurdum. Həmin vaxt 8 illik məktəb idi. O illərdə birinci sinifdə oxuyanda biz 8-ci siniflərə gül hədiyyə edərdik. Onlar isə bizə qələm, dəftər, pozan, xətkeş - belə şeylər verərdilər. Siz söhbəti açanda, bu yadıma düşdü. Amma futbolla bağlı təsəvvürüm yox idi.

- Topa nə vaxtdan sevgi hiss etməyə başladız?

- Məktəbdə oxuduğum illərdə. Üçüncü-dördüncü sinifdə oxuyurdum. Bədən tərbiyəsi dərslərində hiss olunurdu ki, idmana böyük həvəsim var.

- Yaxşı futbolçu olmusuz, bu, şübhəsizdir. Bəs yaxşı şagird olmusuzmu?

- Yalan deyərəm ki, əlaçı olmuşam. Amma yaxşı demək olar. Ona görə ki, həmişə dərslərdə olmağa çalışardım, dəcəllik etməzdim, müəllimə qulaq asardım. Riyaziyyata böyük həvəsim vardı. Bu fəndən 4, 5 qiymət alardım.

- Bəs hansı fənndən dərsə girmək istəmirdiz?

- Kimyadan çətinliyim var idi. Fizikada da çətinliyim olurdu. Ana dili, riyaziyyat, alman dilinə marağım vardı. Sonra 9-10-u oxuduğum məktəbdə ingilis dilini də keçdilər.

- Alman, ingilis dilləri yadınızda qalıb, yoxsa unutmusuz?

- İzzət müəllim alman dilindən dərs keçərdi. Alman dilində saymağı, şeirləri yaxşı bilirdim. İndi də yadımda qalıb.

- Berti Foqtsla işləyəndə alman dilində ünsiyyətiniz olmamış olmaz...

- Yox, ünsiyyətim olmayıb. Alman dilində saymağın, şeir deməyin yeri deyildi axı (gülür).

- Müəllimlərinizin hamısı vəfat edib?

- Xeyr, hamısı yox.

- Əlaqələriniz varmı?

- Xeyr, yoxdu. Kimlər rəhmətə gedibsə, Allah rəhmət eləsin, qalanlara da can sağlığı versin. Sözün düzü, qohumları axtarmağa vaxt tapmaq olmur, o ki qala müəllimləri.

“Həmin vaxtlar mənə Sumqayıtda "Pele" də deyirdilər”

- Vaxt tapmadığınızı deyirsiz. Nə işlə məşğul olursuz?

- Futbolçu olanda ailənin problemlərinə diqqət ayırsan da, birbaşa iştirak edə bilmirsən. İndi isə ailənin içindəyəm. Bütün işlərlə məşğul oluram. Sırf ailə qayğıları.

Siz bayaq məktəb illərindən danışdız. Bir şey əlavə edim. 5 nömrəli məktəbdə oxuyarkən idman müəllimi bədən tərbiyəsi dərslərini mənə həvalə edirdi. Dərsləri mən keçirdim. Müəllimin etimadını qazanmışdım. Həmin vaxt həm futbola, həm də güləşə gedirdim. Çoxu bildirir ki, mən Mingəçevirdə bu idman növləriylə məşğul olmuşam. Xeyr, elə deyil. Mən Mingəçevirdə güləşməmişəm, turnirlərdə yer tutmamışam. Ora sırf “Avtomobilçi”də çıxış etdiyim üçün getmişəm. Həmin orta məktəbdə oxuduğum üçün təhsilimi orda davam etdirdim. 10-cu sinifin iki rübü qalmışdı, orda tamamladım. Güləşə gedirdim. Məhyəddin Allahverdiyevlə birlikdə güləşirdim. Sərbəst güləşlə məşğul olurdum. Mən hər gün iki idman növü üzrə məşqdə olurdum.

- Güləşin futbolçu karyeranızda nə dərəcədə rolu oldu?

- Çox böyük rolu oldu. Həm fiziki cəhətdən, həm texnika, həm də cəldlikdə mənə kömək etdi. Güləşə getməyimin mənə köməyi çox oldu.

- Nazim Süleymanov futbolçu kimi uğur qazana bildi. Güləşçi olsaydı, uğur qazana bilərdi? Məsələn, olimpiya çempionu ola bilərdinizmi?

- Bunu demək mümkün deyil. Güləş və futbol fərqli idman növləridir. Futbolda özünü göstərmək çox çətindir. Çünki kollektiv oyundur. Güləşdə isə hər şey təkcə səndən asılıdır.

- Güləşlə peşəkar şəkildə məşğul olurdunuz?

- Güləşə də peşəkar yanaşırdım. Vaqif Əliyevin rəhbərliyi altında məşq edirdim. Vəziyyət belə idi, həftənin tək günləri bir idman növünün, cüt günləri isə digər idman növünün məşqlərinə gedirdim. Bir dəfə hər iki idman növünün yarışı bazar gününə düşdü. Seçim etməliydim, futbol mənə daha üstün gəldi. Həmin vaxtlar mənə Sumqayıtda Pele də deyirdilər.

- Pele? Sizdən sonra da Sumqayıtın Pelesi olmuşdu (Namiq Əliyev). Eşitmişdiz?

- Bəli, eşitmişdim.

- Bənzərliyiniz var idimi?

- Bənzəməyinə mən də Peleyə bənzəmirdim. Uşaqların içində seçilirdim deyə, mənə o ləqəbi qoymuşdular. O vaxtlar belə hallar olurdu. Hansısa uşaq hərəkətləri və ya digər cəhətləriylə kiməsə bənzəyirdisə, ona ləqəb qoyurdular. Kimisə Maradonaya, kimisə Peleyə bənzədirdilər.

“Maradona həmin oyuna öz təyyarəsiylə gəlmişdi”

- Məncə, sizi Maradonaya oxşatsaydılar, daha yaxşı olardı...

- Mənim uşaqlıq dövrümdə Maradona yox idi. Bizim dövrdə Pele var idi deyə, ona bənzətmişdilər. Maradona dediz, yadıma bir şey düşdü. 1990-cı ildə bəzi insanlar məni Azərbaycandan didərgin salanda “Spartak”a (Moskva) keçmişdim. Həmin vaxt Maradonanın iştirak etdiyi “Napoli”ylə “Spartak” Çempionlar Liqasında mübarizə aparırdı. “Napoli” Moskvaya gələndə Maradonayla üz-üzə görüşdüm. Amma həmin oyunda iştirak edə bilməmişdim. Oynamamağımda burdakı bəzi insanların çox “köməy”i” oldu. Həmin oyuna Maradona öz təyyarəsiylə gəlmişdi.

- Futbolu seçdiyinizə görə hansısa məqamda peşman olmusuz?

- Hansısa məqamlarda, dəqiqələrdə hə. Ümumilikdə isə yox. Mən uşaqlıqdan topu sevmişəm, topla böyümüşəm. Top məni çox uzaqlara aparıb. Tanınmağımda böyük rol oynayıb.

- Karyeranız haqda oxucular da yaxşı bilir. Təfərrüatlara varmayaq. Sadəcə, öz dilinizdən karyeranızın ən yaxşı, ən pis anları haqda eşitmək istərdik.

- 1986-cı ildə “Neftçi”də oynayanda bizim yaxşı komandamız vardı. Yüksək liqada üçüncü sırada qərarlaşmışdıq. Kiyev “Dinamo”sunun futbolçuları SSRİ millisində çıxış etdiyindən, onlar nisbətən az sayda oyun keçirmişdilər. Ona görə də 4-5-ci sırada qərarlaşmışdılar. Birinci sırada “Spartak”, ikinci sırada Tbilisi “Dinamo”su, üçüncü sırada isə biz qərarlaşmışdıq. Biz ən azı 1966-cı ildəki rekordu təkrarlaya bilərdik.

- Nə mane oldu?

- Təəssüflər olsun... Biz “Dinamo”nu (Tbilisi) qəbul edəndə aramızda bir xal fərq var idi. Həmin dövrdə iki xallıq sistem idi. Oyun ərəfəsində Valeri Qazzayev Moskva “Dinamo”sundan ayrılıb, Tbilisi klubuna keçmişdi. Əslində, bizə gəlməli idi. Nələrsə baş verdi, o keçdi Tbilisi təmsilçisinə. Həmin görüş 2:2 hesabıyla başa çatdı. Çempionatın axırı deyildi. Amma şansımız qalırdı. Çox yaxşı çıxış edirdik. Xüsusilə, səfərdə qələbələrimiz çox idi. Uğur qazanmalı idik. Hansısa məqamlarda bizə mane oldular.

- Yadda qalan yaxşı məqamlardan...

- Çox istəyirdim ki, “Spartak”da oynayım. Oynadım, amma əvəzedici heyətdə oynadım. Əvəzedici heyətdə üç oyuna iki qol vurmuşdum. Təəssüf ki, yenə hansısa “körpülər” mənə mane oldu.

Yaxşı hallardan biri kimi - 1995-ci ildə “Alaniya”nın heyətində Rusiya çempionu olduq. Onda əvvəl 1992-ci ildə Rusiya ikincisi olub, UEFA kubokuna vəsiqə qazandıq. “Borussiya”yla (Dortmund) oynadıq. Həmin dövrdə “Borussiya” final oynadı.

Məyus edən məqamlar da olub. “Neftçi” 1988-ci ildə aşağı dəstəyə düşdü. Bu, olmamalıydı, layiq deyildik. 1996-cı ildə ikinci dəfə Rusiyada çempion olmalıydıq. Onda da dedilər ki, Nazim Süleymanov axırıncı dəqiqələrdə qol vura bilmədi. Bəli, belə bir epizod oldu. Amma həmin epizoda qədər, hətta həmin oyuna qədər çox sayda səhvlər oldu. Hətta həmin “qızıl oyun” olmaya bilərdi.

- Görmüşük o epizodu. Sizin üçün talesiz an idi...

- Futbolda belə hallar olur. Hətta dünya ulduzları belə, əsas məqamlarda qeyri-dəqiq olurlar. Dünya çempionatının finalında belə, bu cür hallar olur. Fikir bildirməyə tələsmək lazım deyil.

“Həmin oyundan sonra AFFA məni UEFA-ya şikayət etmişdi”

- İndiyədək verdiyiniz müsahibələrdə bir məqam diqqətimizi çəkib: nədənsə, milli karyeranızdan çox az danışırsız. Razısızmı ki, yığma karyeranız uğursuz olub? Tək sizin üçün yox, həmin dövrdə millidə oynayanların hamısı üçün.

- Nə barədə uğursuz deyirsiz?

- Siz, Vidadi Rzayev, Şahin Diniyev, Yunis Hüseynov kimi futbolçular oynayırdı millidə...

- (əlavə edir) Vəli Qasımov, Arif Əsədov, Yaşar Vahabzadə...

- Belə desək, futbolumuzun qaymaqları həmin komandada idi. Amma uğursuz çıxış edirdiz. Nə üçün?

- Problemlər çox idi. Ən böyük problem həmin vaxt Azərbaycanda oynamamağımız idi. Doğma azarkeşlərimiz önündə oynamırdıq. Baxmayaraq ki, qardaş ölkədə - Türkiyədə çıxış edirdik. Azarkeş dəstəyi az idi. Yenicə müstəqil olmuşduq. Uzaqgörənliyimiz yox idi. Düşüncə tərzimiz yüksək səviyyədə deyildi. Kimlərdəsə var idi, amma çoxunda yox idi.

- Fransaya 0:10 hesabıyla məğlub olduğumuz oyunda iştirak etməmişdiz...

- Xeyr.

- Niyə?

- Biz həmin vaxt “Liverpul”la oyuna hazırlaşırdıq. Məsuliyyətli oyunumuz var idi. Həmin oyundan sonra AFFA məni UEFA-ya şikayət etmişdi. UEFA isə iki oyunda Rusiya çempionatında meydana çıxmağıma icazə vermədi.

- Bu qərardan qəzəblənmişdiz?

- Bəli.

- AFFA-ya etiraz etmişdiz?

- AFFA-ya yox. Mən həmin vaxt Qazzayevlə danışmışdım ki, millinin kapitanıyam, çağırıblar, getməliyəm. Buraxmadı, dedi ki, bizim də oyunumuz var, bizə lazımsan.

- Onda Qazzayevə qəzəbli idiz?

- Bəli. Bunu onun özünə də dedim. Dedim ki, bu məsələni özünüz həll etməliydiz. O isə bildirdi ki, bunu sizinkilər etdi.

- Millinin məğlubiyyətini eşidəndə necə olduz? Bu biabırçı məğlubiyyəti üzünüzə vuran oldumu? Utandınızmı?

- Utanmaq deyəndə ki, oyuna baxmısız?

- 20 dəqiqəlik görüntüsünə baxmışam.

- Əvvəlinə baxmısız? Mən oyuna tam baxmışam. Matçın əvvəlində komandamız yaxşı təsir bağışlayırdı. Ənənəvi künc zərbəmizdən sonra top dirəyə dəydi. Sonra da imkanlarımız oldu. Sadəcə, sonra elə bil komanda içində nəsə baş verdi. Mən sizə əvvəl də dedim axı, fərdi növ ayrıdı, kollektiv növ ayrı. Kollektiv başqa bir şeydi. Orda birinin vəziyyəti hamıya təsir edir. Həmin oyun 0:10-luq oyun deyildi.

“Ona qarşı haqsızlıq etmək də olmaz”

- İndi də bizdə kollektiv oyun problemi qalıb. Bu barədə nə düşünürsüz?

- Uşaq anadan olanda heç iməkləməyi bacarmır. Əlindən tutursan, yavaş-yavaş hər şeyi öyrədirsən. Əvvəl iməkləməyi, sonra yeriməyi, bağçaya, məktəbə, instituta aparırsan. Görün nə qədər mərhələlərdən keçmək lazımdı. Burda hər bir futbolçunun, məşqçinin, klub rəhbərinin, jurnalistlərin inkişafına nail olmalıyıq. Hamısı bir-biriylə əlaqəlidi. Əvvəllər bir stadionumuz vardı, indi baxın nə qədərdi. Boşluqlar var. 23 il vaxt keçib.

- 23 il az deyil...

- Hər anadan olan uşaq instituta daxil ola bilmir, professor ola bilmir. Hər şey yavaş-yavaş olacaq. Əvvəllər olmayanlar indi var. Amma nə necə gedir? Bəzi işlər düz getmir.

- Valeri Qazzayev Nazim Süleymanovun karyerasında kim idi?

- Hamı pis və ya yaxşı ola bilməz. Məni Osetiyaya dəvət edən elə Qazzayev olmuşdu. Ona qarşı haqsızlıq etmək də olmaz.

- Amma o sizə qarşı haqsızlıq etmişdi...

- Hardasa mənim səhvim vardı, hardasa onun. İndi keçmişi vərəqləyəndə bunları görürəm.

“Həmişə cavan qalmaq istəyirəm”

- Üzeyir Hacıbəyov 50 yaşı keçəndən sonra deyib ki, gərək Məşədi İbadı o cür təqdim etməyəydim, sən demə, o yaşda da sevmək olarmış. Uşaq vaxtı Nazim Süleymanov 50 yaşlı kişilərə necə baxırdı? Qoca hesab edirdiz onları?

- Bəli, qoca gözüylə baxırdım.

- İndi sizə qoca desək, xoşunuza gələr?

- Xeyr (gülür). Uşaqlıqda kimsə qalstuk bağlayırdısa, elə bilərdik ki, müəllimdir. Amma indi hamı qalstuk taxır. Əvvəllər müəllimlərin ağzından çıxan sözü səbirsizliklə gözləyərdik. İndi müəllimlərə danışmağa belə imkan vermirlər.

- 50 il necə keçdi? Elə bil dünən idi?

- Çox uzun keçmədi. Dünən yox, elə bil srağagün idi.

- Ruhən neçə yaşdasız?

- İndi meydana çıxıram, özümü göstərməyə çalışıram. Ruhən buna çalışsam da, fiziki cəhətdən yaşlandığımı hiss edirəm. Qəlbən cavanam. Həmişə cavan qalmaq istəyirəm.

- Uşaqlar həmişə gözlərini yumub, xəyala dalıblar, arzularını formalaşdırıblar. Hansı arzularınız vardı?

- Birinci arzum “Neftçi”də oynamaq idi. Rəngsiz televizorda “Neftçi”nin oyunlarına baxıb, orda olmaq, adımızın televizorda səslənməsini istəyərdik. Nəyinsə dəyəri vardısa, bu, mənim üçün dəyərsiz idi.

- O arzu gerçəkləşdi...

- O arzu gerçəkləşdikdən sonra başqa arzular, istəklər, məqsədlər yaranırdı. “Neftçi”yə təzə getdiyim vaxtlar orda oynayan futbolçuların qulluğunda durmaq mənim üçün şərəf idi. Onların istəklərini həvəslə yerinə yetirərdim. İndiki futbolçular isə... Meydana çıxanda topu belə götürmək istəmirlər.

- Sizin üçün o dövrdə arzuları reallaşdırmaq asan idi, yoxsa indi?

- Hər bir dövrün fərqli yönləri var. O vaxt arzularım gerçəkləşdi. “Neftçi”də 8 il oynadım. Futbolçu kimi istəklərinə çatmaq daha asandı. Özünə güvənirsən. Hər şey öz əlində olur. Əlinə düşən imkanlardan yaralanmalı, meydanda özünü göstərməlisən. Baş məşqçi isə tək olur. Ona şans verilməzsə, özünü göstərə bilməz. Mən futbolçu olanda kimdənsə şans istəyirdim. Elə 1990-cu ildə Oleq Romantsevə, Valeri Lobanovskiyə özüm zəng vurmuşdum ki, gəlmək istəyirəm. Onlar da demişdilər ki, gəl. İndi zəng etməyim düzgün deyil. İndi futbolçunun arxasında dururlar. Halbuki, baş məşqçinin arxasında durub, ona dəstək olmaq lazımdı. Komandanı baş məşqçi hazırlayır, prezident yox. Prezidentin öz işi var. Bəli, futbolçuyla müqaviləni prezident imzalayır. Həmin futbolçunu isə komandaya baş məşqçi çağırır. Bizdə isə bəzi şeylər əksinədi.

- Romantsevin, Lobanovskinin adlarını çəkdiz. Onların işini görmüsüz. Ola bilərmi ki, həmin məşqçilərin düşüncəsiylə müasir futbola yanaşdığınız üçün problemlərlə qarşılaşırsız?

- Yox, niyə? Hər bir insanın müsbət və mənfi cəhətləri var. Ondan götürməlisən, bəhrələnməlisən. Hər bir məşqçidən nəyisə öyrənməlisən. Hətta məşq proseslərini belə. Hər məşqçinin işi məşq prosesiylə görünür. Futbolçunun forması, komandanın hazırlığı məşqlərdən asılıdı. Məşqçinin işi uğurludusa, bunu meydanda görmək mümkün olur.

- Nazim Süleymanov niyə Azərbaycan futbolunun reallıqlarını - “torba tikməyi” öyrənmədi?

- Öyrənməyəcəm də. Bu, mənim xarakterimdə, xasiyyətimdə, tərbiyəmdə yoxdu. Mən Azərbaycan vətəndaşı olaraq vətənimin daşı olmuşam, olacam da. Nə vaxtsa özümü məşqçi kimi sübut edəcəm. Bayaq dediyim kimi, ruhən cavanam, hələ vaxt var.

“Daha verilən sözlərə inanmayacam”

- Arzularınızın komandası “Neftçi”də əvvəl futbolçu, sonra məşqçi olduz.

- Bəli, elədi.

- Siz futbol oynadığınız vaxtlar SSRİ vardı. Amma indi müstəqilik və ölkənin bir nömrəli komandası milli komandadı. Azərbaycan millisinin baş məşqçisi olmaq arzunuz var?

- Yox desəm, yalan olar. Belə arzum var. Amma indi yox. Milli komanda zirvədi. O arzuya çatmaq üçün bir az daha çalışmalıyam. Bunun üçün mənə dəstək lazımdı. Klub rəhbərləri dəstək olmalıdı. Gəlin baxaq harda, nə qədər çalışmışam. 5 ay, 6 ay, 8 ay çalışmışam. Ən çox AZAL-da olub - 18 ay. Onda da komandanı Avropa Liqasına çıxarmışam. Hərbçilərin dünya çempionatında məhdud imkanlarla yaxşı oyun sərgilədik. Bəzi klublar futboçularını buraxsaydı, çempion da olardıq. Mənə şans verilsə, özümü sübut edərəm. Mən sizə söz verirəm, özümü məşqçi kimi sübut edəcəm. Mən özümə inanıram, güvənirəm.

- Nazim bəy, özünüzə inanıb, güvənməyinizdən başqa Azərbaycan futbolunda sağlam mühit olmalıdı ki, siz özünüzü sübut edəsiz…

- Təklif olarsa, bundan yararlanmağa çalışacam. Daha verilən sözlərə inanmayacam. Biz məşqçilər verilən sözlərə inanan insanlarıq. Normalda bu belə olmalıdı. Biz burda söhbət ediriksə, mən sənə niyə inanmayım? Məntiq belədi. Siz də mənə inanırsızsa, mən sizə arxa çevirib, yarıyolda qoyuramsa, bu, anormallıqdı.

- Azərbaycan futbolunda çalışan adamın dostu da olacaq, düşməni də. Nazim bəy, bu günə kimi sizin arxanızca danışanlar, “torba tikənlər”, düşmənləriniz haqqında hardasa danışmamısız. Biz buna rast gəlməmişik. Bəs yubileyinizlə bağlı tədbirə həmin adamları çağıracaqsız?

- Gəlin, tələsməyək. Hər şeyi zaman göstərəcək. Cəmiyyətin gözü tərəzidi. Hər kəs hər şeyi bilir, oxuyur, anlayır.

- Nazim bəy, illər ötür, zaman keçir. Arzularınızı bildik. Bəs gələcəklə bağlı nə kimi planlarınız var?

- Yanvarın 21-də Vladiqafqazda oldum. Şimali Osetiya Respublikasının İdman Komitəsinin sədri Soslan Andiyevlə görüşdüm. Onlar mənə bildirdilər ki, yubileyimlə bağlı tədbir keçirməyi planlaşdırırlar. Mən də belə planımızın olduğunu, ilk tədbirin Bakıda keçiriləcəyini söylədim. Onları da dəvət etdim. “Neftçi”nin veteranlarıyla “Alaniya”nın veteranları qarşılaşacaq.

- Nə vaxta planlaşdırırsız tədbirləri?

- AFFA-nın baş katibi Elxan Məmmədovla bu barədə görüş keçirdim. Sizin vasitənizlə onlara təşəkkür edirəm. Fevralda həm fiziki, həm də mənəvi cəhətdən çatdıra bilməyəcəyik. Martda isə milli komandaların oyunlarıyla əlaqədar təqvim sıxlığı var. Yaxın günlərdə Osetiyadan tədbirdə iştirak edəcək şəxslərlə əlaqə saxlayıb, yekun qərara gələcəyik.

- Gələn qonaqları yerləşdirmək üçün xeyli vəsait lazımdı. AFFA sizə kömək edəcək?

- “Bir şey fikirləşərik” deyirlər. Deyirlər, bilmirəm necə olacaq. Osetiyada da tədbir olacaq. “Neftçi”nin veteranları, dostlarımız, mətbuat nümayəndələriylə birləşib ora gedərik.

- “Alaniya”da neçə il oynamısız?

- 6 il.

- “Neftçi”də isə 8 il. “Neftçi” rəhbərliyi sizə necə dəyər verir?

- Mən oynadığım SSRİ dövrünün “Neftçi”si idi. Bu da müasir dövrün “Neftçi”sidi.

- Müasir dövrün “Neftçi”si korlanmış, mənəvi dəyərlərə hörmət etməyən “Neftçi”di. Bunu siz yox, jurnalist kimi biz deyirik ki, bəlkə dərs çıxaralar.

- Sizi yaxşı başa düşürəm. Hər şeyə nikbin yanaşaq. Mən həmişə Azərbaycan üçün çalışmışam. Rusiya millisindən təklif gəlsə belə, millimizi seçmişəm. Həmişə özümü elə aparmışam ki, desinlər ki, azərbaycanlılar Nazim Süleymanov kimidi. Azərbaycana, azərbaycanlılara hörmət qazandırmışam. Olduğum yerlərdə Nazim Süleymanov adı gələndə ağıla ilk olaraq Azərbaycan gəlib. Həmişə azərbaycanlı olmağımla fəxr etmişəm. Mənim haqqımda yaxşı düşünənlər də ola bilər, pis düşünənlər də. Bu, həyatdı.

- Azərbaycanlılar da sizinlə fəxr edir. İnanırıq ki, 55 illiyinizdə sizinlə hansısa komandanın baş məşqçisi kimi söhbətləşəcəyik.

- İnşallah!

Natiq, Heybət (Publika.az, Komanda.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm