Rəcəb Tayyib Ərdoğanın yerinə göz dikən futbolçu kimdir?
Bizi izləyin

İdman

Rəcəb Tayyib Ərdoğanın yerinə göz dikən futbolçu kimdir?

Arda Turan “Atletiko”da göstərdiyi oyunla hər kəsin qəlbində taxt qurub. O, Madrid klubunun əsas oyunçularından biridir. Keçən il bu komanda ilə İspaniya çempionu olan Arda “Atletiko”nun tərkibində 114 oyun keçirib və 13 qol vurub.

Publika.az xəbər verir ki, 2011-ci ildən çıxış etdiyi Madrid təmsilçisində diqqətləri üzərinə çəkməyi bacaran Türkiyənin qüruru, Fransanın məşhur “So Foot” jurnalının da diqqətini çəkib. Nəşr türk ulduz haqqında reportaj hazırlayıb, özündən və onu tanıyanlardan açıqlama alıb.

Yemək menyusu

"So Foot" əvvəlcə Ardanın ən çox getdiyi restoranın sahibi Cem Örer Yılmazla danışıb:

"Hamımız onun heyranıyıq. Restoranın divarında Ardanın ilk matçda geydiyi 11 nömrəli formasını asmışam. İndi isə “10 nömrə”dir. Bura gələndə nə yeyəcəyini bilirik - toyuqlu sendviç və ayran. Bəzən matçdan sonra bura yoldaşlarıyla gəlir. Burada Falkao, Filipe Luis, Kurtua, Qodin kimi məşhur futbolçulara xidmət etmişik. Bircə problem var, bütün qohum-əqrəbalarım, ondan forma istəyir. Bəzi müştərilər sırf onu görmək üçün restorana gəlirlər”.

Mətbuat konfransları niyə türkcə?

Ardaya mətbuat konfranslarında niyə ispan dilində yox, türkcə danışdığına belə aydınlıq gətirib:

“İspan dilində anlayıram, amma mətbuat konfranslarımızı türk dilində etmək istəyirəm. Çünki səhv başa düşülmək istəmirəm. Gündəlik həyatımda davamlı ispan dilində danışmağa çalışıram”.

Ardanın vətənindəki qonşularına yardım etdiyi deyilir. Türkiyə millisinin oyunçusu belə şeylərdən danışmağı xoşlamır:

"Etdiyiniz köməyi açıqladığınız zaman heç bir dəyəri qalmır. Əgər bunu ön plana çıxarsam, doğru olmaz”.

Ərdoğanı 8 yaşımdan tanıyıram

“Onu 8 yaşımdan bəri tanıyıram. Mənim bu ölkə üçün yaxşı bir nümunə olduğumu deyib və məni təbrik edib. Futbolu çox sevir, bəzən matçlardan əvvəl paltardəyişmə otağına gəlib bizə uğurlar diləyir. Onunla qarşılaşdığımızda hər şeydən danışırıq, bir dost kimi... Əgər bir gün evlənsəm, onu toyuma da çağıracağım. Futbolçu olmasaydım, diplomat ola bilərdim. Niyə prezident olmayım ki?”

“Arda sübut etdi ki...”

Bir vaxtlar “Atletiko”da Arda ilə çiyin-çiyinə mübarizə aparan Emre Belözoğlu da onun haqqında tərifdolu fikirlər deyib:

“Hələ 28 yaşındadır, amma indidən Türkiyə futbol tarixinin ən yaxşı nümayəndəsi olmağı bacarıb. Son iki mövsümdəki nailiyyətləriylə heç bir türkün Avropada edə bilmədiklərini etdi və üstəlik ən böyük kubokları qazandı. Əgər İstanbulda məşhur birisənsə, insanlar sizə olan sevgilərini birbaşa olaraq göstərir. Əgər sevmirlərsə, bunu üzünüzə söyləyirlər. Ardanın bu barədə İspaniyada daha rahat olduğunu düşünürəm.

Türkiyədəki ən böyük problem futbolçulara kral kimi davranmalarıdır. Bəlkə də hazırda Ardanın İspaniyada qazandığından daha çox qazanırlar. Buna görə də ölkə xaricinə çıxmaq istəmirlər. Məhz Türkiyə futbolunun ən böyük problemi də budur. Belə olduqda insanlar ölkə xaricində oynamaq təcrübəsinə isti baxmır. Türkiyə üçün ən yaxşısı Ardanın İspaniyada qalmasıdır. O, türk futbolçuların da ən üst səviyyədə uğurlu ola biləcəklərini göstərdi”.

Türkiyənin Bekhemi

Bir zamanlar "Beşiktaş"da forma geyən və hazırda da Türkiyədə yaşayan Paskal Numa da Ardadan ağızdolusu danışıb:

"Arda, Türkiyənin Bekhemidir. Şişirtmirəm. Türkiyəni ölkədən kənarda çox yaxşı təmsil edir”.

Ardanın forma geyindiyi klubun prezidenti Enrike Serezo da ondan razılıq edib:

“Çox yaxşı bir dostdur. Müsbət enerjili biridir, onu gördükdə insanın kefi açılır. Oyunu isə eyni Aquera kimidir. Top ayağında olduqda nəyinsə baş verəcəyini bilirsiniz. Amma nəyin? Onun sirri ya butslarındadır, ya başındadır, ya da bədənindədir... Topu ələ keçirən kimi xüsusi işlər görür. Onu niyə transfer etməyi düşündüm? "Qalatasaray"da oynayırdı, amma çox da xoşbəxt olmadığını düşünürdüm. O dövrdə də bizə topla yaxşı davranmağı bacaran bir oyunçu lazım idi. Ardayla müqavilə imzalamadan əvvəl onu tanımaq ehtiyacı duymadım. Tam axtardığımız oyunçu idi. Onsuz da zaman keçdikcə nə qədər məqsədəuyğun bir qərar verdiyimiz bəlli oldu”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm