• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Azərbaycanlı Türkiyənin “ümidini qırdı” - nazirlik ona pulsuz toy mərasimi təşkil etdi

  • İdman
  • 12 Fevral 2015 17:30
  • 3 897 Baxış
Azərbaycanlı Türkiyənin “ümidini qırdı” - nazirlik ona pulsuz toy mərasimi təşkil etdi

O, Türkiyənin ən güclü güləşçilərindən biridir. İki dəfə ilin ən yaxşı idmançısı olub. Bundan əlavə, Türkiyənin yunan-Roma güləşi üzrə milli komandasının tərkibində 1200 dəfədən çox çıxış edib.

Publika.az II taym layihəsi çərçivəsində güləş üzrə dünya və 5 qat Avropa çempionu Şeref Eroğlu haqqında məlumat verəcək. Bir vaxtlar olimpiya çempionluğuna ideal namizədlərdən sayılan Eroğlunun qarşısı azərbaycanlı güləşçi tərəfindən alındı. Veteran idmançı hazırda gənclər və idman nazirinin müşaviridir. Onun hobbisi musiqi, teatr və kitab oxumaqdır.

Əkinçi ailəsinin güləşçi oğlu - “Ağlatmayın bu uşağı”

Şeref Eroğlu 1975-ci il noyabrın 25-də Türkiyənin Qəhrəmanmaraş bölgəsində anadan olub. Əkinçiliklə məşğul olan ailənin 5 uşağından biridir. Güləş üzrə Türkiyə çempionları olmuş dayısı oğlanlarının uğuru onda da bu idman növünə maraq yaradıb.

İlk addımlarını 1988-ci ildə atmağa başladı. Güləş Təhsil Mərkəzləri üçün Qəhramanmaraşda başlayan bölgə seçmələrində 4-cü olan Şeref Amasiyada keçiriləcək Türkiyə çempionatına aparılmayanda hay-küy saldı.

Məşqçisi Osman Türk Şerefin gözyaşlarına dözə bilməyib, Amasiyaya göndərməyə qərar verdi. Burada da çempionata qəbul edilmədikdə ikinci dəfə qiyamət qopardı. 11 yaşlı uşağın güləşmək üçün özünü az qala parçalamasına dözə bilməyən Güləş Federasiyasının o dövrdəki prezidenti Esat Güçhan belə demişdi: “Ağlatmayın bu uşağı”. Bir sözlə, yarışa qatılan balaca pəhləvan ikinci yeri tutaraq Güləş Təhsil Mərkəzinə daxil oldu.

Millidə ilk çıxış - dünya çempionluğu

1990-cı ildə Macarıstanda keçirilən dünya çempionatında yunan-Roma güləşi üzrə Türkiyə millisinin heyətində ilk dəfə çıxış etdi. Bu yarış onun üçün çox yaddaqalan oldu. Çünki millinin tərkibində ilk dəfə çıxdığı yarışda dünya çempionluğunu yaşadı. O, orta məktəb və liseyi Sivas Pamukpınar Müəllim Liseyində başa vurdu. 1995-1999-cu illərdə Qazi Universitetinin Bədən Tərbiyəsi və İdman fakultəsində təhsilini artırdı.

Medallarının sayı - Dünyanın ən yaxşı güləşçisi

Qəhrəmanımız karyerası ərzində 110 medal qazanıb. Qısa vaxt ərzində reytinqlərdə ön sıralarda olmağı bacarıb. Elə bunu 1996-cı ildə də sübut etdi. Həmin ildə Macarıstanda keçirilən Avropa çempionatında görüşlərinin birində rəqibinin kürəyini 64 saniyəyə yerə vurdu. Bununla da o, az vaxtda qələbə qazanan güləşçi kimi tarix yazmış oldu. 1997-1998-ci illərdə FİLA (Beynəlxalq Güləş Federasiyaları Assosiasiyası) tərəfindən dünyanın ən yaxşı və ən texniki güləşçisi seçildi. Bundan əlavə Ş.Eroğlu beş qat Avropa çempionu, dünya çempionu, 3 dəfə dünya üçüncüsüdür. İlk qələbəsindən 26 il sonra onun nəticələri araşdırıldıqda FİLA-nın ən çox xal toplamış güləşçilərindən biri seçilib.

Azərbaycanlı Türkiyənin ümidini qırdı

Öncə də dediyimiz kimi, o, Türkiyənin ən güclü güləşçilərindən biri sayılırdı. Hamza Yerlikayadan sonra olimpiadada növbəti qızıl medalı məhz onun qazanacağı düşünülürdü. Bir sözlə, o, Türkiyənin ən böyük ümidlərindən biri sayılırdı. Eroğlu bütün turnirlərin qızıl medalını muzeyinə əlavə edib. Tək əskik olan olimpiya qızılı idi. Elə onun da ən böyük arzusu bu titulu qazanmaq idi.

2004-cü ildə Afinada keçirilən olimpiya oyununda finala qədər yüksələn Türkiyənin ən böyük ümidini azərbaycanlı güləşçi Fərid Mansurov qırdı. Belə ki, təmsilçimizlə birincilik uğrunda mübarizəyə qoşulan Eroğlu bu görüşdən məğlub ayrılaraq gümüş medal qazandı. Bundan öncəki görüşlərdə idmançımızı dəfələrlə məğlub etməyi, yolunu kəsməyi bacaran türk güləşçi bu dəfə o üstünlüyü əldə edə bilmədi. Eroğlunun Mansurova məğlubiyyətini türk xalqı gözləmirdi. Çünki onun nəticələri Mansurovdan qat-qat üstün idi. Şerefin o zaman 31 yaşı vardı. Güləş tarixində ad qoymuşdu. Fərid Mansurov isə 21 yaşlı əsgər idi.

Eroğlunun Fəridə məğlub olmasını türk məşqçilər həzm edə bilmirdi. Hətta oyun bitəndən sonra narazılıq da etmişdilər. Amma iş-işdən keçmişdi. Artıq qərar Fəridin lehinə verilmişdi, Eroğlu da gümüş medalla kifayətlənməli idi.

Bu yarışı Eroğlunun atası televizor vasitəsiylə izləyirmiş. Oğlunun məğlubiyyətindən sarsılan 63 yaşlı Hacı Eroğlu xəstəxanaya aparılıb.

Türkiyənin tanınmış güləşçisi heç vaxt ümidini qırmırdı, növbəti yarışlarda təmsilçimizi udmaq fikrində idi. Ancaq elə oldu ki, heç birinin yolu bir daha döşək üzərində kəsişmədi.

Fərid Mansurovla görüşdən sonra Şeref Eroğlu Azərbaycan idmansevərlərinin də yaddaşına həkk olundu. Bakıda keçirilən Avropa çempionatı zamanı isə o, azərbaycanlı güləşsevərlərin qəlbinə də yol tapdı. Çünki çox ciddi zədə alan Fərid Mansurov sonradan belə bir açıqlama vermişdi ki, “mən xəstəxanada olduğum zaman yanıma ilk gələnlərdən biri də Şərəf Eroğlu oldu”.

Eroğluna bu ziyarətlə bağlı soruşulanda özünə yaraşan tərzdə cavab vermişdi:

“Biz Fəridlə Afina olimpiadasının finalında qarşılaşmışdıq. Məğlubiyyətləri və qələbələri idmanın içərisində saxlamaq lazımdır. Fərid bizim çox yaxın dostumuzdu. Olimpiadanın finalında yenilsəm də, ondan öncə Mansurovu dəfələrlə məğlub etmişəm. Amma 2010-cu ildə Avropa çempionatında Bakıda olduğum zaman çox üzüldüm. Hər kəs doğma meydanda onun Avropa çempionu olacağını düşünürdü. Təəssüf ki, çənəsindən çox ciddi zədə aldı. Xəstəxanaya getdik. Orada atası, qohumları, yaxınları var idi. Bizi çaya qonaq etdilər, tanış olduq, söhbətləşdik. Çox üzüldüm, çünki heç bir idmançı qardaşımızın bu duruma düşməsini arzulamazdım. Bu gün Fəridin başına gələni sabah mən yaşaya bilərəm, o biri gün bir başqası. Qismət belə imiş. O, yenə dostumuzdu, mənim də keçmiş rəqibimdir”.

Ən qəribəsi isə qardaş ölkənin bəzi mətbuat orqanlarının Fəridi gürcü güləşçi kimi təqdim etməsiydi. Bu da güman ki, onun Gürcüstanda yaşayan azərbaycanlılardan olduğu üçündür.

Pulsuz toy mərasimi təşkil edildi

Şeref 2002-ci il oktyabrın 26-da Esra Ulukapı adlı bir xanımla ailə qurub. O dövrdə dünya çempionlarının toy mərasimlərini Gölbaşı təsislərində ödənişsiz olaraq təşkil etmək qərarı alan Gənclər və İdman Fondu, bu işi ilk olaraq Şərəf Eroğlunun toy mərasimini təşkil edərək başlamışdı. Toya bir çox məşhur adlar qatıldı. Bunlar sırasında Gənclər və İdman nazirliyinin baş direktoru Kamal Mutlu, Güləş Federasiyasının prezidenti Osman Şansal, milli komandanın baş məşqçisi Salih Bora da vardı. Dünya çempionunun bu evlilikdən İrəm və İnci adlı qızları var.

İdman bitdikdən sonra...

2008-ci ildə güləş karyerasını başa vurmağı qərara aldı. O, sonuncu dəfə Afinada keçirilən təsnifat mərhələsində iştirak etdi. Bundan sonra artıq yaşının keçdiyini bildirərək bir az da ailəsinə vaxt ayırmaq istədiyini dedi və idmançı karyerasına son qoydu.

Bundan sonra Eroğlu ABŞ-da gedərək xarici dil təhsili aldı. Hazırda gənclər və idman nazirinin müşaviridir. Eyni zamanda Türkiyə Milli Olimpiya Komitəsinin üzvü, mərkəzi Ankarada olan Çempionlar Güləş klubunun prezidentidir.

Mükafatları

1990-cı il - dünya çempionatı – Macarıstan – qızıl

1991-ci il - dünya çempionatı – Kanada – gümüş

1993-cü il - dünya çempionatı (gənclər arasında) – İspaniya – bürünc

1992-ci il - dünya çempionatı (gənclər arasında) – Kolumbiya – qızıl

1994-cü il - Avropa çempionatı – Yunanıstan – qızıl

1996-cı il - Avropa çempionatı – Macarıstan – qızıl

1998-ci il - Avropa çempionatı - Ukrayna – qızıl

2001-ci il - Avropa çempionatı – Türkiyə– qızıl

2002-ci il - Avropa çempionatı – Finlandiya – qızıl

2003-cü il - Avropa çempionatı – Yuqoslaviya – qızıl

2004-cü il - Olimpiya çempionatı – Yunanıstan, Afina – gümüş

2006-cı il - Avropa çempionatı – Rusiya – bürünc

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR