Federasiyadan açıqlama: “Bundan sonra da milliləşdirmə olacaq”
Bizi izləyin

İdman

Federasiyadan açıqlama: “Bundan sonra da milliləşdirmə olacaq”

Azərbaycan Güləş Federasiyası yeni qadın güləşçini milliləşdirib.

Publika.az xəbər verir ki, bolqarıstanlı Elis Manolova bundan sonra ölkəmizi təmsil edəcək. 19 yaşlı xanım güləşçi əvvəllər ölkəsinin komandasında dünya birinciliyində 5-ci yeri tutub.

Elisin böyük bacısı Canan da güləşçidir. Daha titullu olan Canan Bolqarıstan millisində çıxışını davam etdirəcək.

Məsələylə bağlı AGF-nin baş katibi Əjdər Cəfərovla əlaqə saxladıq. Publika.az-a danışan qurumun rəsmisi Elis Manolovanın rəsmi olaraq yanvarın 1-dən yığmamızın tərkibində olduğunu deyib:

“Azərbaycan güləşini inkişaf etdirmək, Avropa oyunları və Olimpiada üçün bunun lazım olduğunu düşündük. Amma ilk dəfədir başa düşə bilmirəm, niyə bu milliləşmə bu qədər maraq doğurur?! Adi prosedurdu. Biz bu cür milliləşdirməni çox etmişik. Elis Manolovanın millimizə gəlişinə səbəb qadın güləş limiti ilə bağlıdır. Əvvəl 4 nəfər iştirak edirdi, indi 6 olub. Bununla bitmir, bundan sonra da milliləşdirmə olacaq.

Manolova artıq 4 aya yaxındır ki, Bakıdadır. Amma rəsmi şəkildə yanvarın 1-dən etibarən Azərbaycanın şərəfini qorumaq üçün çalışır. Danışıqlar oldu, dekabrda onun sənədləri Ümumdünya Güləş Birliyinə (UWW) təqdim edildi. Sənədlər qaydasında olduğu üçün yanvarın 1-dən razılaşma əldə edildi. Artıq o, rahat şəkildə Azərbaycanı təmsil edə bilər”.

Ə.Cəfərov Manolovadan İlk Avropa Oyunlarında yararlanacaqlarını da dedi:

“Təbii ki, biz bu istiqamətdə çalışırıq. Zədə problemləri və ya hansısa hadisə baş verməsə, 90 faiz əminliklə deyə bilərəm ki, Avropa Oyunlarında Manolova da güləşəcək. Amma qanunla onun iştirakında heç bir problem yoxdur, iştirak etməsi də planlaşdırılır”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm