Bayquşa görə alınan dəhşətli qisas - bir əldə qılınc, bir əldə kəsilmiş baş - - FOTO
Bizi izləyin

İdman

Bayquşa görə alınan dəhşətli qisas - bir əldə qılınc, bir əldə kəsilmiş baş - - FOTO

Ən səs-küylü etirazlar

Dünənə qədər fanatların sevimlisi olan futbolçu bu gün az qala xain hesab edilə bilər. Futbolçu həyatı həmişə belə olub. Bir anın içindəcə bir şəhərin sevimlisindən arzuolunmaz şəxsə çevrilmək mümkündür.

Publika.az dünya futbolunda indiyə qədər baş vermiş ən səs-küylü fanat etirazları barədə məlumat verəcək.

Fiqu üçün donuz başı

“Barselona”nın azarkeşləri eşidəndə ki, Luiş Fiqu “Real”a keçir, “dəli” oldular. Portuqaliyalı üçün cəhənnəm əzabı “Real”ın heyətində çıxdığı ilk “el klasiko”da yaşandı. Fiqu hər dəfə günc zərbəsini yerinə yetirməyə gedərkən, ona atılan əşyaları bazarda satsaydı, yəqin ki, xeyli varlanardı. Fiqunun başına atılan əşyaların arasında nə yox idi ki... Köhnə açarlar, alışqanlar, qolf üçün top, mobil telefonlar, boltlar, çipsi paketləri və bir şüşə viski. Amma azarkeş etirazının apogey nöqtəsi meydana atılan donuz başı oldu. Nəticədə “Nou Kamp” 2 oyunluq cəza aldı. Kataloniyada Fiqunu hələ də bağışlamayıblar. Bir vaxtlar o, Barselonanın sevimlisi idi.

Cerrarda dəhşətli məktub

2004-cü ildə Roman Abramoviç yeni “Çelsi” qurmağa başladı. Premyer Liqanın ulduzlarını almaqla. Stiven Cerrard o vaxtlar hələ çox gənc, enerjili və ambisiyalı idi. Özü də hələ “qırmızılar”ın rəmzi sayılmırdı. Elə ona görə də, rusiyalı milyarderin cəlbedici təklifinə maraq göstərdi. Britaniya mətbuatına inansaq, Cerrard o vaxt “Çelsi”yə keçməyə çox yaxın olub. Mətbuatda bununla bağlı ilk məlumat yayılandan sonra futbolçunun və klubun poçt qutusu dolub-daşmağa başladı. Məktublarda azarkeşlər Stiveni və onun yaxınlarını ciddi şəkildə təhdid edirdilər. Keçid baş tutmadı. Cerrard isə “Liverpul”un simvoluna çevrildi. Yəqin ki, o məktubları yazan azarkeşlər indi xəcalət çəkirlər.

Ronaldonu “qaralayan” cadugər

Braziliyada keçirilən dünya çempionatına az qalmış Kriştiano Ronaldonun zədələnməsinin məsuliyyətini qanalı cadugər Nana Kvaku Bonsam üzərinə götürdü. Portuqaliyalı bu zədə ucbatından mundialı buraxmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Həkimlər onun sol ayağının əzələ vətərində iltihab aşkarlamışdılar. Bu zədəyə görə, Ronaldo Yunanıstanla yoldaşlıq görüşündə meydan çıxmadı. Qanalı cadugər hələ 4 ay əvvəl bəyan etmişdi ki, Ronaldo dünya çempionatında iştirak etməyəcək:

“Mən bilirəm onun zədəsi necə yaranıb. Çünki bu işlə özüm məşğul oluram. Bunun üçün ötən həftə 4 itdən istifadə edərək, xüsusi dərman hazırlamışam. Hələ 4 ay əvvəl demişdim ki, onun dünya çempionatında iştirakına mane olacam. Ən azı Qana ilə qarşılaşmada oynamaması üçün çalışacam. O zədəni heç bir dərman sağaltmayacaq. Çünki kimsə bu zədənin necə və nədən yarandığını bilmir. Bu gün dizi, sabah budu, ertəsi gün Allah bilir harası”.

Cadugər bütün bunları Portuqaliya ilə bir qrupda yer alan sevimli komandası Qana üçün edirdi. Magiya kömək etmədi. Ronaldo dünya çempionatında iştirak etdi, Qana ilə oyunda isə qələbə qolunu vurdu. Ancaq Portuqaliya qrup mərhələsini adlaya bilmədi.

Qırmızı və ya ölü - Defurun kəsik başı

“Standard”ın azarkeşləri yanvarda Belçika çempionatının 23-cü turunda keçirilən “Anderlext”lə oyunda rəqibin futbolçusu Stiven Defurun ünvanına yönəlmiş sərt banner hazırlamışdılar. Bannerdə təsvir olunmuş maskalı şəxsin bir əlində qılınc, digər əlində isə Defurun kəsilmiş başı var idi. Rəsm bu sözlə müşayiət olunurdu: “Red or dead” (“Qırmızı və ya ölü”).

Azarkeşlər 5 il “Standard”da çıxış etmiş futbolçunu xəyanətdə ittiham edirdilər. 26 yaşlı futbolçu oyunun gedişində təzyiqə dözmədi, topu qəsdən “Standard”ın azarkeşlərinə tərəf vurdu, qırmızı vərəqə ilə cəzalandı. Bannerin müəlliflərinə isə 5 il “Standard”ın ev oyunlarında görünmək qadağan edildi.

Bayquşa görə alınan qisas

2011-ci ildə Kolumbiya çempionatının oyunu zamanı stadionun üzərində uçan bayquş qazona qondu. Həmin vaxt məğlub durumda olan qonaq komandanın müdafiəçisi Luis Moreno iyrənc hərəkət etdi. Bayquşu təpiklə vurdu. Bu da hamının narazılığına səbəb oldu. Matçın sonunadək bütün stadion panamalı futbolçunun ünvanına “qatil” deyərək, qışqırdı. Ona verilən cəza da misilsiz idi: iki oyunluq dikvalifikasiya, 560 dollar cərimə, bayquşun müalicəsinin xərcini ödəmək və yerli heyvanxanada ictimai iş. Baytarların səylərinə baxmayaraq, bayquş aldığı zərbənin təsirindən öldü. Moreno isə Kolumbiyanı tərk etməli oldu. Çünki hər qarşılaşmada o, dəhşətli təzyiqə məruz qalırdı.

Noyerin asılmış cəsədinin gətirdiyi kədər

Manuel Noyer “Bavariya”ya keçəndən sonra “Şalke” azarkeşləri tərəfindən etirazla qarşılandı. Onu sabiq komandasına qarşı ilk oyunda dəhşətli təzyiq gözləyirdi. Stadionda açılmış böyük bannerdə “Biz asılmış Noyerin cəsədindən kədərlənirik” yazılmışdı. Tribunada “İuda” yazılmış bannerlər, təhqiredici karikaturalar da var idi. Bir karikaturada isə qapıçı yüngül əxlaqlı qadın kimi təsvir olunmuşdu.

Hamının lənətlədiyi Conston

Mo Conston 1984-cü ildən 1987-ci ilədək Şotlandiyanın “Seltik” klubunda çıxış edib. Fransada qısa karyerasının ardından, Conson “Reyncers”lə müqavilə imzalayıb. Bu keçidə barrikadanın hər iki tərəfində dəhşətli reaksiya var idi. “Keltlər” onu xain və satqın elan etdilər. “Reyncers” tərəfdarları isə düşmən futbolçunun və katolikin keçidini qəbul etmədi. Azarkeşlər abonementləri, atributları yandırdılar, klub bazasına hücum etdilər. Constonun evi ilə üzbəüz mənzilin pəncərəsinə təhqiredici ifadələr yazdılar. Amma Conston elə ilk oyunda keçmiş klubunun qapısına qələbə qolunu vurdu və “Reyncers” azarkeşləri təzyiqi azaltdılar. Ancaq hücumçu uzun müddət Qlazqoda mühafizəçilərin müşayiətiylə gəzdi. “Seltik”in fanatları onu hələ də bağışlamayıb. Yəqin ki, heç vaxt da bağışlamayacaqlar...

Natiq

Oxumağa davam et
Reklam
Reklam

Gündəm