• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Fənərbağça”da gizli əməliyyat – Ulduzlar göndərilir

  • İdman
  • 13 Fevral 2015 18:00
  • 883 Baxış
“Fənərbağça”da gizli əməliyyat – Ulduzlar göndərilir

Türkiyə Superliqasında çempionluq mübarizəsi turlar ötdükcə gərginləşir. İlk üçlükdə barrikada quran İstanbul nəhənglərindən “Fənərbağça” son turda xal itirdi və liderliyi “Beşiktaş”a təhvil verdi. Amma hələ heç nə itirilməyib. Türkiyə mətbuatı isə “Fənərbaxça” rəhbərliyinin gizli əməliyyata hazırlaşdığını yazıb. Belə ki, bəzi futbolçularla yolların ayrılacağı iddia olunur. Daha doğrusu, “sarı-bülbüllər” mövsümün sonunda aparıcı futbolçuların çoxuyla sagollaşacaq.

Publika.az hədəfdə olan futbolçuların adlarını müəyyənləşdirib və onların gözdən düşməyinin səbəblərini araşdırıb.

Dirk Kuyt: "Fənərbağça"da ən nizam-intizamlı futbolçulardandır. Buna baxmayaraq, Kuyt "sarı-lacivərdlilər"in yeni mövsüm üçün planlarında yer almır. Adı keçmiş klubu "Feyenoord"la yanaşı çəkilən holland futbolçunun ölkəsinə qayıtması gözlənilir.

Pyer Vebo: İsmail Kartalın ən yaxşı hücumçusu Vebonun da yaşının çox olması qabardılır. 33 yaşlı təcrübəli oyunçu "Fənərbaxça"da son mövsümünü keçirdiyi ehtimal olunur. Onunla müqavilənin yenilənməməsi bu ehtimalı artırır.

Bruno Alves: "Fənərbaxça"nın müdafiə xəttinin dirəyi sayılan Bruno Alves bir az intizamsızlığı, bir az da həddən artıq aqressiv oyunuyla diqqət çəkir. Bu da rəhbərliyi qane etmir. Eyni keyfiyyətdə və uyğun qiymətə yeni stopper alınacağı təqdirdə Bruno Alvesin göndərilməsi mütləqdir.

Mussa Sou: Növbəti mövsüm Çempionlar Liqasında mübarizə aparacaq iddialı bir heyət qurmaq istəyən "bülbüllər" sərfəli təklif gələrsə, seneqallı oyunçu ilə yollarını ayıracaq.

Miloş Krasiç: Oynamadan aldığı pulla komandaya ağır yük olub. “Fənər” ondan necə canını qurtara biləcəyini düşünür. Serb ulduz münasib təklif qarşılığında dərhal satılacaq.

Mixal Kadleç: Bir ara əsas heyətdə uzun müddət yer ala bilmədi. Buna görə də, yeni mövsümdən “Fənərbaxça”dan ayrılmağı planlaşdıran oyunçular arasındadır. Kadleçin Bundesliqaya qayıtmaq ehtimalı yüksəkdir.

Emmanuel Emenike: "Fənərbaxça"nın böyük ümidlərlə gətirdiyi futbolçu ondan istəniləni vermədi. Nə tərəfdarların, nə də rəhbərliyin etimadını doğrultdu. Performansına görə Quizadan da geridə qalan nigeriyalı oyunçuyla bağlı rəhbərlikdə belə bir fikir dolaşır: “Kaş ki, vaxtında onun yerinə Oskar Kardozonu alardıq".

Raul Meyreleş: "Fənərbaxça"nın önəmli adlarından biridir. Ancaq o əcnəbi futbolçu limitində dəyişikliyə görə 2016-ci ilə qədər davam edəcək müqaviləsinə baxmayaraq, göndərilə biləcəklər siyahısına daxildir.

Selçuk Şahin: O da “Fənərbaxça”da “qocaldı”. Artıq getmək vaxtıdır. Tərəfdarların komandada görmək istəmədiyi təcrübəli oyunçunun müqaviləsi mövsümün sonunda başa çatır. Çox güman ki, rəhbərlik onunla yolları ayıracaq.

Samuel Holmen: "Bursaspor"da icarədə olan oyunçu üçün “Fənər”in qapıları bağanıb. Onun göstərdiyi oyun hətta "Timsahlar"ı da qane etmir. Növbəti mövsümdə "Fənərbaxça"ya dönmə ehtimalı yüksək olan Samuel Holmen çox güman, qayıdan kimi yenidən icarəyə veriləcək və ya birdəfəlik satılacaq.

Volkan Dəmirəl: “Fənərbaxça”nın veteran qapıçısı yerini yavaş-yavaş gənclərə təhvil verməyə hazırlaşır. Klub rəhbərliyi 2017-ci ilə qədər müqaviləsi olan Volkan Dəmirəllə yollarını ayırmasa da, çox güman yeni mövsümdən “1 nömrə”ni Mert Günoka həvalə edəcək.

Emre Belözoğlu: "Fənərbaxça"nın təcrübəli kapitanı karyerasının qürub çağını yaşayır. Bu səbəbdən onun ehtiyat oyunçular skamyasına “köçmək” ehtimalı yüksəkdir. Əvvəlki açıqlamalarında klubsuz qalmayacağını bildirən və Amerikaya transferi gündəmdə olan Emre Belözoğlu transfer olmasa belə, klub daxilində hansısa vəzifədə qala bilər.

Mehmet Topuz: "Fənərbaxça" tarixinin ən bahalı yerli oyunçusu Mehmet Topuz artıq tamamilə əvəzedici oyunçuya çevrilib. 2016-cı ilə qədər müqaviləsi olan ulduz oyunçunun icarəyə verilmə ehtimalı da yüksəkdir.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR