Araz aşığından, Kür topuğundan olan gürcünü nə qayğılandırır?
Bizi izləyin

İdman

Araz aşığından, Kür topuğundan olan gürcünü nə qayğılandırır?

Azərbaycan Premyer Liqasında 22-ci turun oyunları eyni gündə - fevralın 15-də keçiriləcək. Publika.az turun afişasını təqdim edir.

Bunu da bacarmayacaqlarsa...

Turdan-tura turnir cədvəlinin yuxarı pillələrində bütün situasiyalara aydınlıq gəlir. Mütəxəssislər avrokuboklara vəsiqə verən ilk 4 pillədə “Qarabağ”, “İnter”, “Neftçi” və “Qəbələ”nin olacağını proqnozlaşdırırdı. Proqnozlar böyük ölçüdə özünü doğruldub. Yalnız “Qəbələ”nin bərbad çıxışı əyalət təmsilçisinin avrokuboklar şansını azaldıb. Roman Qriqorçukun Ukraynadan gətirdiyi “ordu” da yararsız çıxdı. Üstəlik, “Qəbələ”dəki yerli futbolçuların da imkanlarından qat-qat aşağı səviyyədə çıxış etdiyi sezilir. Bu tur “Qəbələ” üçün son şans sayılmalıdır. Roman Qriqorçukun məşqçi bacarığına və gətirdiyi futbolçuların keyfiyyətinə “səviyyəsiz” qiymətinin verilməməsi üçün “Qəbələ” bu tur mütləq “Neftçi”yə qalib gəlməlidir. Nəzərə alaq ki, 4-cü pillədə qərarlaşmış “Simurq”u 22-ci turda lider “Qarabağ”la oyun gözləyir. Zaqatalalıların bu qarşılaşmada xal itirəcəyi realdı. Onda “Neftçi” üzərində qələbə “Qəbələ”ni ümidləndirə bilər. Bu ümidi birdəfəlik öldürməmək üçün “ağ-qaralar” Bakıya xalsız yola salınmalıdır. Ötən tur “Neftçi”nin “Xəzər Lənkəran”a qalib gəlməsi də “Qəbələ”ni qorxutmamalıdır. “Böyük oyun”da nəticə oyuna görə olmadı. Qarşılaşmanın ilk hissəsində lənkəranlı gənclər yaratdıqları qol imkanlarından yararlansaydılar, indi “Neftçi” Qəbələyə Arif Əsədovsuz gəlirdi. “Ağ-qaralar”da oyun planında ciddi problemlərin olduğu aşkar sezilir və bu problemləri indiki futbolçularla aradan qaldırmağın mümkün olmadığı da bəllidir. Lənkəranlı gənclərin bacarmadığını “Qəbələ”nin təcrübəliləri niyə bacarmasın ki? Bunu da bacarmayacaqlarsa, onda onları Qəbələdə saxlayıb, yaxşı şəraitdə “bəsləməyin” heç bir anlamı yoxdur. Onda “Qəbələ” rəhbərliyinin elə “Xəzər Lənkəran”ın yolu ilə getməkdən savayı variantı qalmayacaq. Pulu “şişmiş” gərəksizlərə verincə, gəncləri oynatmaq daha məqsədəuyğundur. Onsuz da nəticə yoxdur, amma xərclənən vəsait heyifdir.

“Qəbələ” son 4 ev oyununda “Neftçi”yə qalib gələ bilməyib. Komandaların cari mövsümdəki görüşlərində qol vurulmayıb. Paytaxt təmsilçisi son 3 qarşılaşmada qələbə qazanmayıb.

Qəbələ - Neftçi: 26 oyun, 7 qələbə, 7 heç-heçə, 12 məğlubiyyət, top fərqi 23:35.

“Simurq” nəyə cəhd edəcək?

“Qarabağ” - “Simurq” qarşılaşmasını da turun prinsipial oyunu hesab etmək olar. Qış fasiləsindən sonra olduqca inamlı təsir bağışlayan zaqatalalıların əsl gücü bu oyunda bəlli olacaq. Onu da vurğulayaq ki, “Qarabağ” ötən tur fasilədən sonra “qan-qan” deyən AZAL-ı dayandırmağı bacardı. İnamlı çıxışla 4-cü pillədə möhkəmlənən “Simurq” indi avrokuboklara vəsiqəni hədəfləyib. Güman ki, Azərbaycan kubokunun sahibi də elə ilk 4 pillədə qərarlaşmış komandalardan biri olacaq. Bu məqamı nəzərə alsaq, onda 4-cü pilləni tutmağın nə qədər əhəmiyyətli olduğu sezilir. Sözsüz, “Simurq” bu pillədən ikiəlli yapışmağa cəhd edəcək. Əslində “Qarabağ”a məğlubiyyət də əyalət təmsilçisinin yerini toxunulmaz saxlayacaq. Ancaq bu pillədə gözü olan digər rəqibləri də nəzərə almaq lazımdır axı. “Simurq” “Qarabağ” üçün həmişə çətin rəqib sayılıb. Baxımlı, rəngarəng futbola üstünlük verən “Köhlən atlar” atletik oyun üslubuna güvənən “Simurq”un barrikadasını yarmaqda həmişə çətinlik çəkib. Reynaldonun qayıdışı və qol vurması “Qarabağ”ın hücum potensialını birə-beş artıracaq. Bu rəqiblərin duelində gərgin mübarizənin olacağı şəksizdir. Güclü hücumla sərt müdafiənin mübarizəsində məşqçi işi də ön plana çıxacaq.

“Qarabağ” qələbə sayında, “Simurq” top fərqində öndədir. Ağdam təmsilçisi son 2 qarşılaşmada qalib gəlib. Zaqatalalılar isə son 4 səfər matçında qol vurmayıb. Ümumiyyətlə, “Qarabağ”ın meydanındakı son 4 qarşılaşmada cəmi 1 qol qeydə alınıb.

Qarabağ - Simurq: 22 oyun, 7 qələbə, 9 heç-heçə, 6 məğlubiyyət, top fərqi 16:17.

“Bankirlər”i nə məğlub edə bilər?

Ötən tur istirahət edən “İnter” elə bu tur da “əylənəcək”. “Bankirlər” çempionatın aşkar autsayderi “Bakı”nı qəbul edəcək. Acından ölməmək üçün AFFA-nın baş katibi Elxan Məmmədova möhtac qalan “zolaqlılar”ın “İnter”ə müqavimət göstərəcəyi inandırıcı deyil. “İnter”i bu oyunda ancaq və ancaq Tsxadadzenin hobbisi - “0:0” oynamaq istəyi məğlub edə bilər. Əslində Gürcüstan millisi ilə müqavilə bağlayan Tsxadadzenin Araz aşığından, Kür də topuğundandır. İndi gürcünü “İnter”dən çox Gürcüstan yığmasında tətbiq edəcəyi taktiki sxem daha çox qayğılandırır. Öz aramızdır, gürcü o sistemi elə “bankirlər”in “bankında” niyə yoxlamasın ki?

3 mövsümdür paytaxt derbisində qalib gəlməyən “Bakı” ardıcıl 12 matçda 3 xal qazana bilmir. Son 3 görüşdə isə “İnter” qol buraxmadan qalib gəlib.

İnter - Bakı: 40 oyun, 18 qələbə, 9 heç-heçə, 13 məğlubiyyət, top fərqi 43:31.

“Təyyarə” anqarda qalacaq?

Turun daha bir qarşılaşması Sumqayıtda keçiriləcək. Əslində “Sumqayıt” - AZAL oyunu yalnız “təyyarəçilər” üçün əhəmiyyətli sayıla bilər. Qış fasiləsindən sonra qazandığı 2 qələbə ilə avrokuboklara vəsiqə verən pillələrə göz dikən AZAL “Qarabağ”a məğlubiyyəti Sumqayıtda sığortalamağa cəhd edəcək. Tərlan Əhmədovun yetirmələri heç bir hədəfi olmayan rəqiblə oyunda qalib gəlməklə, iddiasını saxlamış olacaq. Əks təqdirdə, “təyyarə” Avropaya getmək əvəzinə, elə anqarda qalacaq.

Cari mövsümdə rəqibinə 2 dəfə qalib gələn AZAL son 4 matçda meydanı qolsuz tərk etməyib. “Sumqayıt” son 5 ev oyununda cəmi 1 dəfə qalib gələ bilib.

Sumqayıt - AZAL: 14 oyun, 3 qələbə, 5 heç-heçə, 6 məğlubiyyət, top fərqi 16:22.

Natiq

Azərbaycan Premyer Liqası, 22-ci tur

15 fevral

16:00 Sumqayıt - AZAL

Sumqayıt. "Kapital Bank Arena"

Hakim: Rəhim Həsənov

17:00 İnter - Bakı

Bakı. "İnter Arena"

Hakim: Vüsal Əliyev

18:00 Qarabağ - Simurq

Bakı. T.Bəhramov adına Respublika stadionu

Hakim: Ramil Diniyev

18:00 Qəbələ - Neftçi

Qəbələ. Şəhər stadionu

Hakim: Elvin Əsgərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm