• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Min oyun”dan çıxan və “oyuna” düşən ulduzlar - VİDEO/FOTO

  • İdman
  • 16 Fevral 2015 16:48
  • 698 Baxış
“Min oyun”dan çıxan və “oyuna” düşən ulduzlar - VİDEO/FOTO

Dünyanın məşhur idmançıları insanları təkcə oyunları ilə təəccübləndirmir. Onlar həm də meydandankənar hərəkətləri ilə də diqqət çəkirlər. Üstəlik, ulduzlar insanların ovqatını yüksəltmək, onlara meydandan kənarda da sevinc bəxş etmək üçün bəzən “min oyun”dan çıxırlar. Bununla bəzi idmançılar həm də öz üzərlərindən stresi, psixoloji gərginliyi atmış olurlar. Bəzən də ulduzlar özləri “oyuna” düşürlər. Pərəstişkarlarının “oyununa”. Son nəticədə isə hər iki tərəf razı qalır: həm ulduzlar, həm də onların pərəstişkarları.

Publika.az dünya ulduzlarının bir neçəsinin çıxardığı və düşdüyü “oyunlar”ı təqdim edir.

Ronaldo uşağı şoka saldı

“Qranada” ilə oyunda qırmızı vərəqə alan Kriştiano Ronaldo aqressivliyini şəxsi həyatındakı problemlərlə əlaqələndirmişdi. Portuqaliyalı təcili olaraq nəsə etməliydi ki, davranışına hakim ola bilsin. Ronaldo bunun üçün maraqlı üsul tapıb. O, Madridin meydanlarından birində azyaşlı uşaqla futbol oynamaq qərarına gəlib. Maraqlısı odur ki, uşaq kiminlə futbol oynadığını bilməyib. Başında parik olan “bığlı” Ronaldonu tanımaq mümkün olmayıb. Heç ətrafdakılar da uşaqla futbol oynayan “yekəpər”ə fikir verməyiblər. Sonda nə baş verib? Videoya baxın. Deyilənlərə görə, uşaq hələ də şokdan ayılmayıb.

Robbi Sevec dostlarını necə təəccübləndirdi?

Ötən ilin aprelində Uels millisinin sabiq kapitanı Robbi Sevec BBC-də yayımlanan “The One Show” proqramı çərçivəsində uşaqlıq komandası “Bredli Park”a qarşı oynadı. Amma dostları onu tanımadılar. Robbi parik taxmış və saqqal yapışdırmışdı. “Bredli Park”ın 3:6 hesabı ilə məğlub olduğu oyundan sonra Robbi hamının gözü qarşısında “maskirovka” elementlərini soyundu. Həmin vaxt ona qarşı oynamış dostlarının necə təəccübləndiyini təsəvvür edirsiz?

Neymarın başına oyun açdı

Bir neçə il əvvəl dünyanın ən məşhur fristaylçılarından olan Şon Qarn “Barselona”nın ulduzu Neymarla şou proqrama qatılmışdı. Şon əvvəlcə Neymarın topla hərəkətlərini müşahidə etdi. Sonra isə... Sonra topu ayaqlarına alan fransız elə oyun çıxartdı ki, Neymarın başı gicəlləndi. Salon bu səhnəni böyük emosiya ilə izləyirdi. Həmin vaxt Neymar, yəqin ki, proqramın tez başa çatmasını arzulayırdı.

Ronaldinyo Messini belə təəccübləndirdi

Braziliyada keçirilən dünya çempionatında Argentina millisi növbəti məşqini başa vurub. Həmişə olduğu kimi, Lionel Messinin fanatları meydana axışır. Onlardan biri argentinalının qarşısında diz çokür. Fanatın bu jestinə adekvat olaraq, Messi ona formasını hədiyyə edir. Ardınca qarışıqlıq yaranır, xeyli azarkeş meydana girir və daha bir fanat Messinin qarşısında təzim edir. Bu ki onun özüdür. Məşhur braziliyalı futbolçu, vaxtilə Messi ilə “Barselona”da birgə çıxış etmiş Ronaldinyo. Və təəccübdən gözləri bərəlmiş Messi. Deyilənlərə görə, Messi bu şəxsin Ronaldinyonun oxşarı olduğunu sonradan başa düşüb.

ABŞ-da olan Eriksson Meksikada necə göründü?

Bir neçə il əvvəl məşhur ingilis komiki Derek Uilyams özünü Sven-Qoran Eriksson kimi təqdim etmişdi. O vaxt isveçli mütəxəssis Meksika yığmasının baş məşqçisi postunda idi. Uilyams “Pumas” klubunun bazasına gələrək, bu komandanın baş məşqçisi ilə görüşdükdən sonra jurnalistlərlə də söhbət edib. Bir neçə gündən sonra Meksika Futbol Federasiyası bəyanat vermək məcburiyyətində qaldı. Bəyanatda bildirilirdi ki, Eriksson həmin vaxt ABŞ-da olub, ölkəyə gələrək hamını aldadan isə Derek Uilyamsdır.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR