Bir tərəfdə qisas, bir tərəfdə qəhrəmanlıq arzusu
Bizi izləyin

İdman

Bir tərəfdə qisas, bir tərəfdə qəhrəmanlıq arzusu

Bu gün nəhayət ki, avrokuboklarda sükut pozulacaq. Çempionlar Liqasının pley-off mərhələsi Parisdə və Lvovda keçiriləcək iki oyunla açıq elan ediləcək.

Publika.az xəbər verir ki, 1/8 final mərhələsinin 4 oyunu bu həftə, qalan 4 oyunu isə növbəti həftədə oynanılacaq. Bu gün PSJ “Çelsi”ni, “Şaxtyor” isə “Bavariya”nı qəbul edəcək. Avropanın aparıcı çempionatı qış yuxusundan çoxdan ayılıb. Amma Çempionlar Liqası başlayanda hər şey ikinci plana keçir. Bura nəhənglərin mübarizə meydanıdır. Burada nəhənglər mübarizə aparır.

PSJ-nin vəziyyəti acınacaqlıdır

23:45 PSJ (Fransa) – Çelsi (İngiltərə)

Stadion: “Park-de-Prens”

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

TV: Az.TV, NTV+futbol 1 (Rusiya), NTV, Star (hər ikisi Türkiyə).

Aralarındakı oyun: +1=2-2, top fərqi – 4:7.

Zədəlilər: Markinyos, Yoan Kabay, Serj Orye, Lukas Moura, Blez Matyuidi (şübhəli), Xavyer Pastore (şübhəli) – Con Obi Mikel, Oskar (şübhəli).

PSJ-nin iştirak ərizəsində dəyişiklik

Gedən: Kleman Şantom (Bordo)

“Çelsi”nin iştirak ərizəsində dəyişiklik

Gələnlər: Xuan Kuadrado (Fiorentina), Ayzaya Braun.

Gedənlər: Andre Şürrle (Volfsburq), Mohamed Salah (Fiorentina, icarə), Luis Beyker (Şeffild Uensdey, icarə).

Optimal heyətlər

PSJ: Siriqu - Maksvell, Luis, Silva, Van Der Vil - Matyuidi, Motta, Verratti - Kavani, İbrahimoviç, Lavessi.

Çelsi: Kurtua - Aspilikueta, Terri, Keyhill, İvanoviç - Matiç, Fabreqas - Hazard, Oskar, Villian - Kosta.

Çempionlar Liqasının pley-off mərhələsinin budəfəki püşkü sanki “təkrar biliyin anasıdır” prinsipiylə atıldı. Üç cütdə yer alan komandalar ötən mövsüm də müxtəlif mərhələlərdə üz-üzə gəlmişdi. PSJ-ylə “Çelsi” 1/4-də qarşılaşmışdı. İlk oyunda fransızlar 3:1 hesabıyla sərfəli qələbə qazansa da, cavab oyununda 0:2 məğlub olmuş və mübarizəni dayandırmışdı. Maraqlıdır ki, hər iki qolun müəllifləri – Şürrle və Demba Ba artıq Londonu tərk edib.

Ötən mövsümü “Qızıl dubl”la başa vuran Paris klubu nəhəng adını almaq üçün ÇL-də də qələbə qazanmalıdır. İndiki məqamda London nəhəngiylə oyun heç yerinə düşmədi. Belə ki, Fransa çempionatının son turunda “Kan”la qarşılaşan Loran Blanın yetirmələri nəinki qələbə hesabını qoruya bilmədi (2:0), əsas heyətin bir neçə üzvünü də itirdi. Kabay, Markinyos, Orye və meydanı göz yaşları içində tərk edən Lukas Moura “Çelsi”ylə qarşılaşmanı buraxacaq. Amma Blanın kadr problemi olmamalıdır. Ehtiyatda qalıb özünü əsas oyunçusu kimi hiss edənlər nəyə qadir olduğunu göstərməlidir. Həm də ortada qisas məsələsi var. Ötənilki acı məğlubiyyətin əvəzini çıxmaq lazımdır. Parisliləri də ruhdan düşməyə qoymayan məqam məhz budur.

İstənilən halda, kağız üzərində “Çelsi”nin cüzi üstünlüyü var. Premyer Liqada işləri qaydasında gedən “Zadəganlar” qitənin ən nüfuzlu klub turnirinə də xüsusi diqqət yetirəcək. Amma Joze Mourinyonun eyni optimal heyətdən yararlandığını nəzərə alsaq, həm çempionatda, həm də ÇL-də finişə birinci çatmaq çətin olacaq.

Bu oyunla bağlı bir məqam da var. Yayda Londonu Parisə dəyişən xarizmatik braziliyalı müdafiəçi David Luiz duyğulu anlar yaşayacaq. Dünyanın ən bahalı müdafiəçisi (50 milyon avro, buna qədər heç kim müdafiəçi transferinə bu qədər pul xərcləməmişdi) “Çelsi”yə qol vuracağı təqdirdə sevinməyəcəyini bildirib. Onun fərqlənməsinə sabiq oyundaşlarının imkan verəcəyi də inandırıcı görünmür heç...

Luçesku yetirmələrindən qəhrəmanlıq gözləyir

23:45 Şaxtyor (Ukrayna) – Bavariya (Almaniya)

Stadion: “Arena Lvov”

Baş hakim: Alberto Undiano Malenko (İspaniya)

TV: İdman Azərbaycan, NTV+futbol 2 (Rusiya).

Aralarındakı oyun: qarşılaşmayıblar

Zədəlilər: Bernard – Alkantara, Xavi Martines, Lam, Xabi Alonso (şübhəli).

Cəzalı: Stepanenko (Şaxtyor).

“Şaxtyor”un iştirak ərizəsində dəyişiklik

Gedən: Nikita Kryukov (İliçevets, icarə).

“Bavariya”nın iştirak ərizəsində dəyişiklik

Gələnlər: Pepe Reyna, Tom Ştarke.

Gedənlər: Pyer Hoyberq (Auqsburq, icarə), İli Salahi, Xerdan Şaqiri (İnter, icarə).

Optimal heyətlər

Şaxtyor: Pyatov - Srna, Kuçer, Rakitski, Şevçuk – Fred - Duqlas Kosta, Fernando, Aleks Teyşeyra, Tayson - Luis Adriano.

Bavariya: Noyer - Rafinya, Dante, Boatenq, Bernat - Şvaynştayger, Alaba, Müller - Robben, Levandovski, Riberi.

Çempionlar Liqasında ilk dəfə üz-üzə gələcək “Şaxtyor”la “Bavariya”nın qarşılaşmasında ilk baxışdan almanları favorit göstərmək olar. Bunun ən başlıca səbəbi komandalar arasındakı səviyyə fərqidir. Başqa səbəblər də var. Məsələn, Ukrayna çempionatında fasilənin uzun olması komandanın oyun praktikasına birbaşa təsir edir. Təsəvvür edin ki, “Şaxtyor” 2015-ci ildə ilk rəsmi matçını “Bavariya”ya qarşı keçirir. O komandaya qarşı ki, Bundesliqada rəqib tanımır və son turda da “Hamburq”a 8 top vurub. Bu gün yalnız sadiq donetskli azarkeşlər sevimlilərindən müsbət nəticə gözləyə bilər. Bir səbəb də ənənəylə bağlıdır. 1980-ci ildən bəri “Şaxtaçılar” Almaniya klubuna qalib gələ bilmir. Bu ölkə təmsilçiləriylə son 4 ev qarşılaşmasında Donetsk klubu 3 heç-heçə edib, birində məğlub olub.

“Bavariya” haqda nə danışasan? Avropanın 4-5 nəhəng klubundan biridir. Amma bəzən Pep Qvardiolanın yersiz eksperimentləri komandaya problem yaradır. Bir məqam da var ki, münhenlilərin Ukraynaya sonuncu səfəri uğursuz olub. 1999/2000 mövsümündə 2-ci qrup mərhələsinin oyunlarında Kiyevə səfər edən “Bavariya” başıaşağı qayıtmışdı (“Dinamo”, 0:2). Ümumiyyətlə, “Rekordmayster”in Ukrayna təmsilçiləriylə səfər oyunlarının balansı heç də yaxşı deyil: 1 qələbə, 1 heç-heçə, 3 məğlubiyyət. Onu da deyək ki, Almaniyanın ən titullu klubu bu vaxta kimi Ukraynadan yalnız Kiyev “Dinamo”suyla qarşılaşıb.

“Şaxtyor”un baş məşqçisi Mirça Luçesku “Bavariya”nı məğlub edəcəkləri təqdirdə yetirmələrini qəhrəman elan edəcəyini bildirib.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm