Futbolumuzun ən saf adamı, yubileyin mübarək!
Bizi izləyin

İdman

Futbolumuzun ən saf adamı, yubileyin mübarək!

Bu gün Azərbaycan futbolu üçün əlamətdar bir gündür. Bəlkə də, indi bunun əhəmiyyətinə o qədər də varmırıq. Bizdə pis bir adət formalaşıb. Kiməsə sağlığında qiymət verə bilmirik. Qiymət vermək səlahiyyətində olanlar nədənsə qorxurlar. Qorxurlar ki, birdən kiminsə hörməti artar və...

Məni qınamayın, təbrik yazısını da tənqidi cümlələrlə başlayıram. Başqa cür alınmır. Hansı prizmadan yanaşsam, xeyli sünilik, saxtakarlıq və diqqətsizlik görürəm. Amma inanıram ki, səbəbkar özü də ona həsr olunan bu yazıdakı tənqidlərlə razılaşacaq. Büruzə verməsə də, qəlbinin dərinliyində razılaşacaq...

Nazim Süleymanov da 50-ni haqladı. Adamın inanmağı gəlmir. Biz onu daha çox yaşıl meydandakı başgicəlləndirici driblinqləri və qollarıyla xatırlayırıq. Onunla şəxsi tanışlığım olmasa da, tədbirlərdə bir-iki dəfə üz-üzə gəlmişik. Mən sırf sıravi azarkeş kimi ürəyimdən gələnləri yazacam...

Son bir həftədə kifayət qədər təbrik mesajları alan, az qala ölkənin ən populyar mətbuat orqanlarına (eləcə də Publika.az-a) geniş müsahibələr verən Nazim müəllimi mən də təbrik edirəm və ona bundan sonrakı karyerasında da “Alaniya”da olduğu kimi zirvə nöqtəsinə çatmağı arzulayıram...

Süleymanovu yaxından tanımasam da, onun legioner karyerasını yaxşı xatırlayıram. Oyunlarını həvəslə izləyərdim. O vaxtlar kanalların sayı çox deyildi. Azərbaycanda Rusiyanın bir-iki kanalı göstərilirdi. Həm də indiki kimi hər gün futbol oynamırdılar. Insanlarda futbola maraq da vardı. Həftənin bu başından o başına kimi səbrsizlənirdik. Etiraf edim ki, dəqiq yadımda qalmasa da, “Alaniya”nın çempion olduğu mövsümün çox oyunlarını izləmişdim. Nazim Süleymanova rus şərhçilərin söylədiyi tərifləri eşidəndə çox sevinirdim, fəxr edirdim, elə bilirdim məni tərifləyirlər. Biz futbolu belə sevmişik, futbola belə bağlanmışıq. Nazim və Nazim kimilər bizə futbolu sevdirib. Heyf ki, bu gün Azərbaycanda onunla müqayisə edə biləcəyimiz futbolçu yoxdur. Əslində futbolçu çoxdur, amma onun kimisi yoxdur. Başını aşağı salıb futbolunu oynayan, millətin adını ölkədən kənarda uca tutmağa səy göstərən, Azərbaycan haqda sırf yaxşı təəssürat yaratmaq üçün legioner həyatı yaşayan futbolçumuz yoxdur.

Özünün də dediyi kimi, o, ən yaxşı illərini Rusiyada keçirsə də, azərbaycanlı olduğunu heç vaxt unutmayıb. İstər xasiyyətində, istər oyununda, istərsə də xarici görünüşündə. İndikilər Biləcəridən o tərəfə keçən kimi min hoqqadan çıxır. Azmı eşitmişik azərbaycanlıların başqa ölkələrdəki “qəhrəmanlıqlar”ını...

Mənə görə, yaxşı insan bu dünyada yaxşı əməllər qoyub getməlidir. Nazim Süleymanov bunu bacarıb. O təkcə Azərbaycanın yox, həm də Şimali Osetiyanın dahi futbolçusudur. Biz onsuz da onu unudan deyilik. Nə qədər ki, futbol var, heç osetinlər də onu unutmayacaq...

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm