• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

BAKI 2015-ə doğru: Uğursuz federasiyayla badmintonda nəyə nail ola biləcəyik?

  • İdman
  • 17 Fevral 2015 15:56
  • 1 564 Baxış
BAKI 2015-ə doğru: Uğursuz federasiyayla badmintonda nəyə nail ola biləcəyik?

Publika.az səbirsizliklə gözlənilən I Avropa Oyunlarında keçiriləcək idman növləri və iştirakçıları ilə bağlı silsilə yazıların təqdimatını davam etdirir.

Bu dəfə badminton idman növü haqqında məlumat verəcəyik. Oxucuları Azərbaycan Badminton Federasiyasının yaranması və idmançılar haqqında məlumatlandırmağa çalışacağıq.

Şəhər adından götürlmüş idman

Badminton adı İngiltərə şəhərlərindən birinin adından götürülüb. Badmintonun mənbəyi qədim “avar” və “volan” oyunudur. Bu oyunun 2 min ildən çox tarixi var. Uzun illər iki oyunçudan ibarət olan bu idman növündə idmançılar topun yerə düşməyinə yol verməmək şərtiylə onu geri və irəli vurmaqla oynayırdılar. İlk dəfə 1872-ci ildə İngiltərənin Badminton şəhərində Hindistandan qayıtmış ingilislər tərəfindən nümayiş etdirilib.

Badminton oyunu tor ilə iki hissəyə bölünmüş düzbucaqlı meydançada keçirilir. Torun hündürlüyü 1,55 m olur. Meydançanın ölçüləri qoşa oynayanlar üçün 13,4 m x 6,1 m, tək-tək oynayanlar üçünsə 13,4m x 5,2 m-dir.

Badminton üzərinə dəri çəkilmiş və tac şəkilli lələklərə malik, kütləsi 4,5-7,0 qr olan probka top və kütləsi 135-190 qr olan tennis tipli raketka ilə oynanılır.

Badmintona ilk dəfə nümayiş olunmaq məqsədilə 1972-ci ildə Münhendə keçirilmiş Olimpiya Oyunlarında yer verildi. 1992-ci ildə isə badminton ilk dəfə Olimpiya proqramına Barselonada keçirilən yarışlar zamanı daxil edildi, dörd il sonra isə qarışıq cütlər yarışı kimi Atlanta Olimpiya proqramına əlavə edildi.

Badminton bizə necə gəlib çıxdı?

Badminton Azərbaycanda 1960-cı illərdə təşəkkül tapmağa başlayıb. Federasiya, daha doğrusu, ictimai əsaslar üzrə onun formalaşması 1962-ci ilə təsadüf edir. O dövrdə yığma komandamız böyük nailiyyətlərə imza atmasa da, bir qədər sonra Mirzə Orucov yeniyetmələrin SSRİ çempionu, Qardaşxan Adıyev isə ümumittifaq üzrə mükafata layiq yer tutaraq, ölkəmizə ilk uğurları gətiriblər.

Get-gedə paytaxt sakinləri arasında bu idmana olan marağın azalması, beynəlxalq turnirlərdə uğursuzluqlar, təbii ki, öz mənfi təsirini göstərməyə bilməzdi.

Azərbaycan Badminton Federasiyasının əsası 1996-cı ildə qoyulub. Azərbaycanın müstəqillik dövründə badmintonçularımız ilk dəfə 1998-ci ildə dünya və Avropa çempionatında iştirak etdi. Xüsusi göstərici ilə fərqlənməsələr də, bu idman növünün Avropa və dünya arenasına açılması üçün ilk addım idi. Müstəqillik eramızda isə beynəlxalq yarışlarda əldə olunan nəticələr Mirzə Orucov, Cavanşir Əlizadə və Nərgiz Mehdiyevanın adı ilə bağlıdır.

1996-cı ildən Azərbaycan badminton çempionatı keçirilir. Bu çempionatın əsas iştirakçısı və mükafatçılarından biri federasiyanın hazırkı baş katibi Mirzə Orucovdur.

2007-ci ildə Azərbaycan Badminton Federasiyasının hesabat-seçki konfransı keçirildi. Həmin konfransda o zamanlar Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla federasiyanın prezidenti seçildi. Mirzə Orucov federasiyanın baş katibi təyin edildi.

Hazırda federasiyanın ən ali idarəetmə orqanı 15 nəfərdən ibarət İcraiyyə Komitəsidir.

Badminton üzrə yığma komandanın baş məşqçisi baş məşqçi Ceyhun Məmmədəliyevdir. Bu idman növü peşəkar səviyyədə olmasa da, rayonlarımızda da tətbiq olunur.

“Ən uğursuz federasiya”

Badmintona cavabdeh qurumu ölkəmizdə “ən uğursuz federasiya”lardan biri adlandırmaq yerinə düşər. Çünki beynəlxalq turnirlərdə heç də üz ağardan nəticə göstərməyiblər. Son qatıldığı İslamiada 2013 beynəlxalq turnirində uğursuzluq bir daha təkrarlanmışdı. Oyunların üçüncü günü mübarizəyə qatılan və heyəti Kərim Musayev, Kənan Rzayev, Tural Rəsulov və Teymur Abbasovdan ibarət olan badminton üzrə kişi yığmamız fiaskoya uğradı. Əvvəlcə Malayziya komandasına 0:5 hesablı uduzan yığmamız ardından Türkiyə yığmasına eyni hesabla məğlub oldu.

I Avropa Oyunlarına hazırlıqsız və “xəbərsiz” federasiya

Badmintonçularımız Beynəlxalq turnirlərdən gözlənilən nəticələrlə qayıtmasa da, federasiya üzvləri İlk Avropa Oyunlarına bel bağlayıblar. Bakı 2015 Avropa Oyunları iyunun 22-dən 28-dək Bakı İdman Zalında keçiriləcək və Avropanın ən güclü 160 badminton idmançısı öz hünərlərini ortaya qoyacaq.

Hazirda I Avropa Oyunları üçün təmir olunan Bakı İdman Zalı (keçmiş Bakı Əl Oyunları İdman Sarayı - red.) apreldə tam hazır olacaq. Təmirdən sonra zalın tamaşaçı tutumu artırılıb. Belə ki, Bakı İdman Zalı 2000-dək tamaşaçını qəbul etmək iqtidarında olacaq. Lakin Avropa Oyunları zamanı yarışları birbaşa izləmək üçün 1000 oturacaq quraşdırılacaq. Avropa Oyunları zamanı burada stolüstü tennis və badminton yarışları keçiriləcək. İdman qurğusu 3 mərtəbədən ibarət olacaq.

Yarışlar 5 medal dəsti uğrunda aparılacaq. Kişi və qadın idmançılar əvvəlcə tək və cüt olmaqla ayrılıqda, sonra isə cüt olmaqla qarışıq şəkildə yarışacaqlar.

Aygün İlqarqızı

Əvvəlki yazıların linkləri: http://publika.az/p/59719, http://publika.az/p/60589, http://publika.az/p/62190, http://publika.az/p/63152

Xəbər lenti

DAHA ÇOX XƏBƏR