Nazim Süleymanov xatirələrdə - “Şimali Osetiyada onun adını çəksəniz...”
Bizi izləyin

İdman

Nazim Süleymanov xatirələrdə - “Şimali Osetiyada onun adını çəksəniz...”

Nazim Süleymanov 1983-2000-ci illəri əhatə edən futbolçu karyerası ərzində 386 oyun keçirib. Rəqib qapılarına 100 qol vurub. Rusiya çempionu olduğu “Alaniya”nın heyətində 142 oyuna 60 qol vurmaqla, komandanın tarixinə ən çox qol vuran futbolçu kimi düşüb. O, Şimali Osetiyanın fəxri vətəndaşlığı və “Şöhrət” ordeni ilə təltif olunub.

Bu gün isə Azərbaycan futbolunun canlı əfsanələrindən biri - Nazim Süleymanovun 50 yaşı tamam olur. Ona ünvanlanan təbriklərin ardı-arası kəsilmir. Sözsüz ki, hər kəsin xatirəsində yaxşı iz buraxan “Sulya” buna layiqdir. Bu yazıda isə onun xatirələrdə necə qaldığını oxuyacaqsız.

Publika.az vaxtilə onunla çiyin-çiyinə oynayan, ona məşqçilik edən və ondan xeyli yazı yazanların fikirlərini öyrənib.

Samir Ələkbərov, “Şuşa” klubunun köməkçi-məşqçisi:

“Hər bir futbolçunun arzusu olub ki, Nazim Süleymanovla çiyin-çiyinə futbol oynasın. Elə futbolçulardan biri də mənəm. Nazim həm yaxşı futbolçu, həm də yaxşı dost olub. Onunla bağlı çox xatirələr var. İnanın ki, indi yadıma düşmür. Öz növbəmdə ona xoşbəxtlik, sağlamlıq arzu edirəm. 3 övladının xeyrini görsün. Düzdür, övladları futbolçu olmadı, amma onların başqa sahələrdə qazanacaqları uğurlara sevinsin.

Ağasəlim Mircavadov, Məşqçilər Komitəsinin üzvü:

Nazim Süleymanovla bağlı nə qədər danışsam qurtarmaz. Onun böyük futbola addımı 1983-cü ildə mənim də əməyim sayəsində gəlib. Biz onu Mingəçevirin “Avtomobilçi” komandasına dəvət etdik. Futbolçu kimi də öz izini qoymuş biridir.

Onun ikinci dəfə də futbola qayıdışında mənim böyük əməyim olub. O, 1986-cı ildə zədə almışdı. Çox oynamırdı. 1987-ci ildə “Neftçi”yə məşqçi gəldim. Baş məşqçi Aleksandr Sevidov ona güvənmirdi. Çünki Süleymanov həm zədəli idi, həm də yaxşı tanımırdı onu. Nazim gələndən sonra 1 aydan çox belindən müalicə aldıq. Nazim əsas heyətə düşə bilmək üçün öz üzərində çox çalışdı. Onu əvvəl əvəzedici heyətə buraxdıq. Əsas heyətdə isə ilk oyununu Tiflisin “Dinamo” komandasına qarşı oynadı. İqor Ponomaryovu orta xətdə çəkdim, onu isə hücumameylli qoyduq. Yaxşı trio alındı – İsgəndər, Nazim və Maşallah... Biz oyunu 3:0 udduq. Qollardan birini də məhz Nazim Süleymanov vurmuşdu.

Nazim çox intizamlı futbolçu idi. Üzərində çox çalışırdı. Məşqdən sonra da bazada qalıb fərdi çalışırdı. Səmimiliklə deyə bilərəm ki, Nazim öz qabiliyyəti, bacarığı sayəsində futbolda irəli getdi – Rusiyada “Alaniya” klubunda oynamağa başladı. Rusiya çempionu oldu, bombardir adını qazandı.

O, indi işləməlidir, çünki yaxşı məşqçilik bacarığı da var. İnsan kimi çox gözəl biri olub. Dost kimi dost, qardaş kimi yaxşı qardaşdır. Böyüklərə çox hörmətlə yanaşır.

Onunla bağlı başqa çox xatirələrimiz olub. Onun həmişə yaxşı futbol oynamağı olub. Xəttin üstündə rəqiblərini aldadırdı. Yəni top kənara çıxmırdı və onun ayağında qalırdı. Demək olar ki, hər iki ayağı ilə işləyə bilirdi”.

Vəli Qasımov, veteran futbolçu:

“Nazim Süleymanov böyük futbolçu olub. Rusiyanın çempionu adını qazanıb, yaxşı bombardir olub. Azərbaycanda belə futbolçular demək olar ki, barmaqla sayılacaq qədərdir. İnsan kimi də çox yaxşı dostdur. Bir yerdə qalmışıq.

Nazim ümumiyyətlə çox şən adamdır. Bir yerdə oturduqda gülməli söhbətlər edirdi. Onunla hər dəfə yola çıxmaq maraqlı olub.

Arzulayardım ki, Nazimə yaxşı ad günü keçirsinlər. Süleymanovun 50 illiyi yadda qalacaq şəkildə olmalıdır. O, futbolda çox əziyyət görüb”.

Mehman Süleymanov, idman jurnalisti:

“14 ildir ki, idman jurnalistikasındayam. Bu sahə mənim kumirim olan Nazim Süleymanovla tanış olmağıma imkan yaradıb. Hesab edirəm ki, Azərbaycan futbolu tarixində ən güclü oyunçulardan biridir. Hücumçuya xas olan bütün keyfiyyətlər onda cəmləşib. Ən əsası isə Nazim müəllim bizim ən layiqli təmsilçimiz olub. Postsovet məkanında, əsas da Rusiyada bizim üçün etalon olub. O, Rusiya çempionatında çempion olmuş yeganə azərbaycanlıdır. Biz onun oyununu izlədiyimiz zaman həmişə fəxr edirdik. Bütün bunlara görə biz ona çox minnətdar olmalıyıq. Təbii ki, onun əziyyətləri milli komandamız üçün də çox olub. Əfsuslar olsun ki, hələ məşqçi kimi sözünü deyə bilməyib. İnanıram ki, məşqçi kimi də sözünü deyəcək. O elə bir təcrübə görmüş insandır ki, Azərbaycan futbolu ondan çox faydalanmalıdır. Onun işsiz olmağı çox üzücüdür. O, buna layiq deyil. O, layiq olduğu vəzifələrdən birini tutmalıdır”.

Məzahir Süleymanzadə, keçmiş jurnalist, Bakı futbol federasiyasının vitse-prezidenti:

“Nazim Süleymanov Azərbaycanın futbol tarixinə düşmüş bir insandır. Mən onu futbol tariximizdə olan böyük şəxsiyyətlərdən biri hesab edirəm. Bilirsiniz ki, o, Rusiya çempionu olmuş yeganə azərbaycanlı futbolçudur. Bu gün Şimali Osetiyada Nazim Süleymanovun adını çəksəz gülümsəyəcək, onu gözəl fikirlərlə xatırlayacaqlar. Nazim müəllimlə bir çox ölkələrdə olmuşuq. O, çox sayda mükəmməl qollara imza atıb. Azərbaycan futbolunu ləyaqətlə təmsil edib. Həm də gözəl dostdur, yaxşı ailə başçısıdır, səmimi insandır. Ona görə də Nazim Süleymanovu biz həmişə ən xoş xatirələrlə yada salırıq, ona uğurlar arzu edirik. Fəxr edirik ki, bizim belə dostumuz var.

Onu da bildirim ki, bizim federasiya da Nazim Süleymanovun ad günü münasibətiylə yubiley keçirməyi planlaşdırıb. Təbrikimizi orada çatdıracağıq. Amma onu deyim ki, bizə görə 50 il ömrün yarısıdır. Elə onu da arzu edirik ki, bu 50 il onun ömrünün yarısı olsun. Bundan sonra da həmişə Nazim Süleymanovun xoş xəbərini eşidək”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm