Əsədov müdafiəmeyilli taktika seçəcək? - Onda vay “Neftçi”nin halına
Bizi izləyin

İdman

Əsədov müdafiəmeyilli taktika seçəcək? - Onda vay “Neftçi”nin halına

Azərbaycan Premyer Liqasında 23-cü turun oyunları eyni gündə - fevralın 19-da keçiriləcək. Bu turdan sonra komandalar 9 günlük istirahətə çıxacaqlar. Səbəb isə millinin heç bir əhəmiyyəti olmayan təlim-məşq toplanışıdır.

Publika.az xəbər verir ki, qış fasiləsindən sonra komandaların öz oyununu tapdığı bir məqamda, çempionatda fasilə verilməsinin bir adı var - qeyri-peşəkarlıq. Məhz AFFA rəsmilərinin belə qeyri-peşəkar addımları Azərbaycan futbolunun inkişafını əngəlləyən əsas amillərdəndi.

“55:55”-i kim pozacaq?

23-cü turun ən prinsipial qarşılaşması Bakıda keçiriləcək. Çempionatın lideri “Qarabağ” “Neftçi”ni qəbul edəcək. Bu qarşılaşmaya maraq bir neçə amilə görə böyükdür. “Qarabağ” qalib gələcəyi təqdirdə, böyük ölçüdə çempionluğu təmin edəcək. “Köhlən atlar”a “ağ-qaralar” da qalib gələ bilməsə, çətin ki, başqa komanda onları büdrədə bilsin. “Neftçi”nin qalib gələcəyi təqdirdə isə çempionatda intriqanın müəyyən mənada bərpa olunma ehtimalı yaranacaq. Ötən tur “Neftçi” “Qəbələ”də əzmkar qələbə qazandı. “Qarabağ” isə o qədər də güc sərf etmədən “Simurq”a qalib gəldi. Böyük ehtimalla, hər iki komanda bu qarşılaşmanın hansı əhəmiyyət kəsb etdiyini anladığından, oyunda bütün kartlar açılacaq. Arif Əsədov özünün futbol fəlsəfəsinə güvənib komandasını “Qarabağ” qarşısına müdafiəyəmeyilli taktika ilə çıxaracaqsa, vay “Neftçi”nin halına. “Ağ-qaralar”ın başıpozuq müdafiəsi çətin ki, “Qarabağ”ın hücumlarının qarşısını ala bilsin. Arif Əsədov “Nefçi”nin ən zəif mövqeyini - müdafiəsini “Köhlən atlar”ın təzyiqlərindən qorumaq istəyirsə, meydanda “ən yaxşı müdafiə hücumdur” taktikasına üstünlük verməlidir. Əks halda, “Neftçi”ni “Qarabağ”ın, Arif Əsədovu da Sadıq Sadıqovun əlindən alan tapılmayacaq.

Azərbaycan çempionatlarında ən çox qarşılaşan rəqiblər 59-cu dəfə üz-üzə gələcək. Eyni sayda qol sevinci yaşayan komandaların görüşlərində “Qarabağ” daha çox qalib gəlib. “Neftçi” son 6 qarşılaşmada qələbə qazana bilməyib. Bakılılar öz meydanındakı son 5 görüşdə isə cəmi 1 xal əldə edib.

Neftçi - Qarabağ: 58 oyun, 17 qələbə, 23 heç-heçə, 18 məğlubiyyət, top fərqi - 55:55.

“Bankirlər”i “təyyarə”yə buraxacaqlar?

Sözsüz, “Qarabağ” - “Neftçi” qarşılaşmasının nəticəsindən ən çox “İnter” qazanacaq. Oyunun necə nəticələnməsindən asılı olmayaraq, “bankirlər” irəli düşəcəklər. “Qarabağ” məğlub olacağı təqdirdə, “İnter” zirvəyə yaxınlaşa, “Neftçi” büdrəsə, 2-ci pillədəki mövqeyini möhkəmləndirə bilər. Amma “bankirlər” oyunun heç-heçə bitməsini daha çox arzulayacaq. Belə olacağı halda, “İnter” həm “Qarabağ”a yaxınlaşacaq, həm də “Neftçi”dən uzaqlaşacaq. Bir güllə ilə iki dovşanın vurulmasına ümid bəsləmək öz yerində. Gərək “İnter” də öz işini görsün axı. “Bankirlər” bu tur AZAL-ın qonağı olacaq. AZAL isə “İnter” üçün “Bakı” deyil. Tsxadadzenin yetirmələrinin bu mövsüm uşaq-muşaqdan formalaşmış “Bakı”nın qapısına vurduğu qolları çıxdaş etsək, ortada olduqca gülünc rəqəm qalar. Məlum olar ki, “İnter” hər qarşılaşmada orta hesabla cəmisi 1 qol vurub. Amma indi “bankirlər”in o 1 qolu AZAL-la oyunda vura biləcəyi də şübhəlidir. Tərlan Əhmədovun yetirmələri fasilədən sonra olduqca inamlı görünür. Bu inam “İnter”lə oyunda da görünsə, “bankirlər”i təyyarə”yə buraxmayacaqlar.

25-ci paytaxt derbisi ərəfəsində ardıcıl 5 oyunda “İnter” məğlub olmayıb. 4 ildi öz meydanında qalib gəlməyən AZAL son 5 ev matçında xal itirib.

AZAL - İnter: 24 oyun, 5 qələbə, 11 heç-heçə, 8 məğlubiyyət, top fərqi - 19:21.

Tunelin sonunda işıq görünür, amma...

“Ukrayna ordusu”nun hələ də nizamı tuta bilməməsi “Qəbələ”ni çətin vəziyyətə salıb. Ötən tur öz meydanında “Neftçi”yə məğlub olan “Qəbələ”nin çempionatdakı iddiası demək olar ki, itib. İndi avrokuboklara vəsiqə əldə etmək üçün mütləq Azərbaycan kubokunu qazanmaq lazımdır. Ancaq belə oyunla kuboka iddia etmək mümkünsüzdür. Bütün hallarda, tunelin sonunda işıq görünür. Ancaq bu işığa çatmaq üçün “Qəbələ” oyun keyfiyyətini artırmalı və ən əsası, qələbə qazanmalıdır. Bu tur Roman Qriqorçukun yetirmələrinin qarşısına iddiasız “Xəzər Lənkəran” çıxacaq. Yenilənmiş, gənclərdən qurulmuş bir komandaya da qalib gələ bilməyəcəkləri təqdirdə, “Ukrayna ordusu”nu Qəbələdən qovmaq lazım gələcək. Futbol oynaya bilmirlərsə, gedib Ukrayna şaxtalarında kömür çıxartsınlar.

Əyalət klubları 25-ci duelə çıxacaq. “Xəzər Lənkəran” baş tutan oyunların yarıdan çoxunda qalib gəlib. “Qəbələ” son 5 görüşdə Lənkəran təmsilçisinə qalib gələ bilməyib.

Qəbələ - Xəzər Lənkəran: 24 oyun, 5 qələbə, 6 heç-heçə, 13 məğlubiyyət, top fərqi - 20:35.

Zaqatalalılar başlarını cəncələ niyə salsın ki?

Turun daha bir görüşü Zaqatalada baş tutacaq. Avrokuboklara iddialı “Simurq” “Sumqayıt”ı qəbul edəcək. Ötən tur “Qarabağ”a məğlub olan Zaqatala təmsilçisi çətin ki, bu görüşdə xal itirsin. “Sumqayıt”ın düşərgəsində də ab-hava qaydasında deyil. AFFA-nın baş katibi Elxan Məmmədovun klubun işinə müdaxilə etməsi, komandada ikitirəlik yaradıb. Start heyətinin AFFA-dan gələn zənglə müəyyənləşdirilməsi, “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədovu tamamilə nüfuzdan salıb. Baş məşqçiyə hörmət etməyən futbolçular isə meydanda mübariz keyfiyyətlər sərgiləyə bilməz. Güman ki, “Simurq”un futbolçuları səhlənkarlıq edib, başlarını cəncələ salmaz, düşərgəsində başıpozuqluq yaşanan “Sumqayıt”ı devirməklə, avrokuboklar iştahasını daha da artırar.

13-cü görüşə böyük üstünlüklə çıxan “Simurq” son 4 matçı qol vurmadan tərk etməyib. Zaqatala təmsilçisi evdəki 6 matçın hamısında qalib gəlib.

Simurq - Sumqayıt: 12 oyun, 10 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət, top fərqi - 21:8.

Natiq

Azərbaycan Premyer Liqası, 23-cü tur

19 fevral

15:00 AZAL - İnter

Hakimlər: Fariz Yusifov, Elman Musayev, Elşən Acalov, Nahid Əliyev

Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Ramil Əhmədov

AFFA nümayəndəsi: Sakin Məmmədzadə

Hakim-inspektor: Murad Məmmədov

“AZAL Arena”

17:00 Qəbələ - Xəzər Lənkəran

Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, İsgəndər Əliyev, Ömər Paşayev

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Hakim-inspektor: Şahin Cəfərov

Qəbələ şəhər stadionu

17:00 Simurq - Sumqayıt

Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Kamran Bayramov, Xəlil Xəlilov

AFFA nümayəndəsi: Rauf Əmirov

Hakim-inspektor: Əhmədağa Cabbarov

Zaqatala şəhər stadionu

19:00 Neftçi - Qarabağ

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mehman Mahmudov, Vaqif Musayev

Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Şaiq Həmidov

Hakim-inspektor: Məlik Həsənov

“Bakcell Arena”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm