Yoxsulluğa yumruq atanlar - FOTOLAR
Bizi izləyin

İdman

Yoxsulluğa yumruq atanlar - FOTOLAR

Elə idman növləri var ki, sanki hansısa xalqın xarakterinə, genetik tarixinə bağlıdır. Bu idman növləri o xalqlar üçün dəyərə çevrilib. Braziliyalılar elə anadan doğularkən futbolçu olurlar sanki. Yamaykalılar sprinter kimi gəlirlər dünyaya. Elə özümüzü götürək, azərbaycanlılar güləşçi kimi doğulmurlar? Kubalılar da dünyaya boksçu kimi qədəm basırlar. Boks Kubanın dəyərlərindən sayılır. Uzun illərdir ki, dünya boksunda dəbi məhz Kuba idmançıları müəyyənləşdirir. Olimpiadalarda bu ölkənin qazandığı qızıl medalların əksəriyyəti boksda əldə olunur. Boksa maraq kubalılarda necə yaranıb? Onlar bu idman növünü özəlləşdirməklə nəyə nail olurlar?

Publika.az bu yazıda elə buna aydınlıq gətirəcək.

“Mənim başqa yolum yoxdur”

Kubanın paytaxtı Havanada yaşayan, aylıq gəlirləri orta hesabla 30-40 dollar civarında olan gənclər işdən sonra idman zallarına axışırlar. Paytaxtın mərkəzində yerləşən idman zallarına əyalətlərdən də gənclər gəlir.

“Köhnə Havana” adlandırılan, şəhər mərkəzində yerləşən, 1959-cu ildə baş verən Kuba inqilabının qəhrəmanlarından hesab olunan Rafael Trexonun adını daşıyan kompleksdə gənclər həftənin 6 günü ən azı iki saat məşq keçir. Həmin idman kompleksində məşq edən gənclərdən biri Yoenis Limonta Kastilyodur. Ölkədaxili turnirlərə hazırlaşan 27 yaşlı Kastilyo 10 yaşından bəri sevimli idman növüylə məşğul olur. O, hər gün məşqlərdə iştirak etmək üçün 17 km məsafə qət edir. Məşqdən sonra restoran və kafelərdə ofisiantlıq edən Kastilyonun fikrincə, boks onu və ailəsini kasıbçılıqdan xilas edə biləcək yeganə vasitədir:

“Boks həyatımın ayrılmaz bir hissəsidir. Kubada keçiriləcək turnirlərdə uğur qazanmaqla beynəlxalq yarışlara vəsiqə əldə etmək istəyirəm. Düzdür, 2007-ci ildə Almaniyada keçirilən beynəlxalq turnirdə iştirak etmişəm. Amma bu, keçmişdə qalıb. Mənim başqa yolum yoxdur. Məşqlərdə çox çalışmalı, döyüşlərdə qalib gəlməliyəm ki, maddi sıxıntıları üstələyim. Məşq edərkən yalnız bir arzu haqqında fikirləşirəm: Kubanın və dünyanın bir nömrəli döyüşçüsü olmaq”.

“Bu, ailəm üçün böyük şans ola bilər”

Dörd il öncə bu salonda məşq edən dostunun tövsiyəsiylə boksa başlayan 16 yaşlı İran Cüzeppe Monte Del Pas da gələcəyini bu idman növünün vasitəsilə qurmağı planlaşdırır. Del Pas gənclər arasında keçirilən Kuba birinciliklərində iki dəfə qızıl medal qazanıb. O, 2013 və 2014-cü illərdə keçirilən turnirlərdə bu uğura imza atıb. Böyük potensiala sahib olan Del Pas gələcəyə nikbin baxır:

“Qazandıqlarımla kifayətlənmək fikrində deyiləm. Üzərimdə çalışıb, boks akademiyasına daxil olmaq istəyirəm. Bu, həm mənim, həm də ailəm üçün böyük şans ola bilər”.

“Onlar boksun və Kubanın əfsanələridi“

Ölkənin təcrübəli boks məşqçilərindən hesab edilən Alberto Qonzales dövlət tərəfindən maddi yardım aldığını, bununla belə, yetərli qədər maaş almadıqlarını söyləyir. 54 yaşlı mütəxəssis maddi sıxıntılar içərisində çalışmağın onlara əlavə problemlər yaratdığını bildirir:

“Kuba boks aləmində böyük nüfuza sahibdi. Bu ölkəni təmsil edən idmançılar hər il beynəlxalq yarışlarda müxtəlif əyarlı medallar qazanırlar. Mərkəzi amerikalıların yetişdirdiyi boksçuların siyahısında Eliqio Sardinas Montalvo (1910-1988-ci illərdə yaşayıb), Teofilo Stevenson (1952-2012) və Feliks Savon Fabre kim adlar var”.

“Şokalad oğlan” ləqəbiylə (Kid Chocolate) tanınan Montalvo həvəskar boks yarışlarında keçirdiyi 100 matçın hamısında qələbə qazandıqdan sonra bu ləqəbə layiq görülüb. O, 1931-ci ildə həvəskarlar arasında keçirilən dünya çempionatının finalında 15-ci raundda rəqibinə məğlub olaraq, ilk kubalı dünya çempionu olmaq şansını itirib.

Kubadan çıxan digər məhşur boksçu isə Teofilo Stevensondu. O, 1972-ci ildə Münhen, 1976-cı ildə Monreal və 1980-ci ildə Moskvada keçirilən Olimpiadalarda qızıl medal qazanmağa nail olmuşdu. Feliks Savon Fabre də həmkarı kimi üçqat olimpiya çempionudur. O, Barselona (1992), Atlanta (1996) və Sidneydə (2000) qızıl medallara sahib çıxıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm