O kimdir: qaraçımı, futbolçumu, dahimi, yoxsa yumşaqürəkli İbrakadabra?
Bizi izləyin

İdman

O kimdir: qaraçımı, futbolçumu, dahimi, yoxsa yumşaqürəkli İbrakadabra?

Bu yaxınlarda Zlatan İbrahimoviçin bir müsahibəsi yayımlandı. Əcnəbi dili bilməyə ehtiyac yoxdur, görüntülərə baxanda söhbətin hansı məcrada keçdiyini anlamaq olur. Jurnalistin sualını bəyənməyən Zlatanın sir-sifəti dəyişir. Həmin anda müsahibə götürən reportyorun imkanı olsaydı, kameranı tullayıb arxaya baxmadan qaçardı. Amma hər şey göründüyü kimi deyil...

Zlatan son vaxtlar açıqlamalarında tez-tez həddi aşan sözlər işlədir. Özünü gah Allah hesab edir, gah komandanın bossu sayır. Onun futbol bacarığına heç kimin şübhəsi yoxdur. Bu mənada o, dahilərlə bir sıraya qoyulacaq qədər böyükdür. Amma son hadisələr onun şəxsiyyət kimi nüfuzuna zərbə vurmuşdu. Hər nə qədər dediklərinə zarafat donu geyindirsə də...

Bugünlərdə isə onun əsl siması üzə çıxıb. Sən demə, İbrakadabra göründüyü qədər də özündənrazı deyil. Fransa çempionatının son turunda “Kan”la qarşılaşmada (2:2) hesabı açandan sonra köynəyini çıxardan Zlatan bədənində boş yer qalmadığını göstərdi. Diqqətlə baxmayanlar bunun sadəcə döymə olduğunu düşünə bilər. Amma media belə şeylərdə daha sayıq olur. Tezliklə bunun sirri açıldı. İsveçli futbolçu oyundan sonra bədəninə həkk olunan adlarla bağlı açıqlama verib.

Sən demə, İbrahimoviç dünyada aclıqdan əziyyət çəkən insanlara dəstək məqsədi ilə bədəninə 50 adamın ismini yazdırıb. Hücumçu tatuların müvəqqəti olduğunu desə də, ağrısının qalacağını bildirib:

“Kan”la oyunun sonunda futbolkamı çıxartdıqdan sonra çox adam bədənimdəki tatuların anlamını məndən soruşdu. Hazırda mənim bədənimdə aclıqdan əziyyət çəkən 50 insanın adı var. Tatular silinib gedəcək, problem isə qalacaq. Dünyada 805 milyon insan aclıqdan əziyyət çəkir. Mən həyatımda ilk dəfədir ki, ictimai xeyriyyə aksiyasına qoşuluram. İmkanım olsaydı, 805 milyonun hamısının adını bədənimə yazdırardım. Buna görə qırmızı vərəqə də alsam, vecimə deyil. Əminəm ki, biz problemin öhdəsindən gəlmək iqtidarındayıq”.

Yeri gəlmişkən, Zlatan “Çelsi”ylə ÇL matçında da diqqətləri üzərinə cəmləyib. O, “Zadəganlar”a qarşı üzərində “805 milyon ad” yazılan butslarla oynayıb. Onun içindəki insan sevgisi indi-indi tam üzə çıxır.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm