Azərbaycanın gözü "Hayduk"da - Ruslan Qurbanov “7 nömrə” kimi təqdim olundu
Bizi izləyin

İdman

Azərbaycanın gözü "Hayduk"da - Ruslan Qurbanov “7 nömrə” kimi təqdim olundu

Xorvatiyanın "Hayduk" klubu Azərbaycan yığmasının və "Neftçi"nin hücumçusu Ruslan Qurbanovu transfer etməsini rəsmən ictimaiyyətə açıqlayıb.

Publika.az xəbər verir ki, Split təmsilçisi klub saytı vasitəsilə futbolçumuzu mövsümün sonunadək icarəyə götürdüyünü açıqlayıb.

23 yaşlı oyunçu ilə yayadək müqavilə imzalanıb. Lakin müqavilədə belə bir bənd də var ki, Xorvatiya klubu onu bəyənsə, yayda iki illik müqavilə ilə onun transfer hüququnu tam ələ keçirə bilər.

Ruslan bu keçidi ilə bağlı yeni klubunun saytına açıqlama da verib: "Hücumda oynayıram. Amma sol cinahda oynamağı daha çox sevirəm. Ümumiyyətlə, məşqçilər məni hücumun istənilən mövqeyində oynada bilər".

Klub saytı Ruslanın əsas keyfiyyəti kimi onun sürətli oyunçu olmasını göstərib və qeyd ediblər ki, futbolçumuz bir müddət öncə "Hayduk"la yollarını ayıran Jan Evrard Kouassijaya əvəzləyici kimi gətirilib.

Artıq millimizin forvardı nömrə seçimini də edib. O, "Hayduk"da 7 nömrə ilə çıxış edəcək.

Dağıstanda anadan olan Qurbanov Split və "Hayduk"u yaxşı tanıdığını da vurğulayıb: "Bilirəm ki, "Hayduk" böyük klubdur və azarkeşlər qarşısında böyük məsuliyyət daşıyıram. Özümə inanıram. "Hayduk"un mənə verdiyi bu şansdan yararlanmağa və ümidləri doğrultmağa çalışacağam".

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm