Rəşad Sadıqov: “Robert Prosineçkidən dəyişikliklər gözləyirdik”
Bizi izləyin

İdman

Rəşad Sadıqov: “Robert Prosineçkidən dəyişikliklər gözləyirdik”

“Neftçi” - “Qarabağ” oyunundan sonra “Qarabağ”ın və milli komandanın kapitanı Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

- Maraqlı qarşılaşma olsa da, azarkeşlər qolu çox gözlədilər...

- Bu futboldur. Bəzən çox çalışsaq da, qol vura bilmirik. Futbolun gözəlliyi də elə bundadır.

- Səncə, Aqil Məmmədov çox yaxşı oynadı, yoxsa “Qarabağ”ın hücum xətti zəif çıxış etdi?

- Aqil Məmmədov həqiqətən çox gözəl oyun sərgilədi. Ümumiyyətlə, hər iki komanda çox maraqlı oyun göstərdi. “Neftçi” də qələbə qazanmağa çalışdı, biz də. Əsl derbiyə layiq oyun oldu. Ən əsası da, feyr-pley qaydalarına riayət edildi.

- Oyundan öncə FİFA referisi Əliyar Ağayevin bu qarşılaşmaya təyinatı ilə bağlı narazılıqlar var idi. Səncə, baş hakim işinin öhdəsindən gələ bildimi?

- Biz hər zaman çalışmışıq ki, hakimlər haqqında danışmayaq. Yalnız bir dəfə Avropa Liqasında “İnter”lə oyundakı haqsızlıq barədə susmadıq. Bu məsələ də bütün Azərbaycanda müzakirə edildi. “Neftçi” ilə oyunda da hakimin idarəçiliyi ilə bağlı lazımi şəxslər açıqlama verəcək.

- Meydandan kənarda yaranan söz-söhbətlər sizdə mənfi əhval-ruhiyyə oyatmır?

- Azərbaycanın iki ən böyük klubu qarşılaşırdı. Buna görə də bütün söz-söhbətləri normal qarşılayırıq və ciddi problem görmürük. “Neftçi” ilə “Qarabağ” arasında dostluq münasibətləri var. Biz də çalışırıq ki, belə şeylərə fikir verməyək. Mübarizə meydanda aparılmalı və hər şey orada həll olunmalıdır.

- “Neftçi”yə qalib gəlməklə turnir cədvəlində ən yaxın izləyiciniz “İnter”i 9 xal qabaqladınız. Bu fərq sizdə arxayınçılıq yaratmacaq ki?

- Çalışmalıyıq ki, arxayınçılıq yaranmasın. Çünki Azərbaycan Premyer Liqası çox çətin çempionatdır və ciddi rəqiblərimiz var. Motivasiyanı itirdiyimiz anda cəzalanarıq. Rəqiblərimiz ardıcıl qələbələr qazanıb, bizi çətin vəziyyətə sala bilərlər. Ötən mövsüm də 13 xallıq fərq var idi. Lakin sona 3 tur qalmış fərq 6 xala endi və çox çətin duruma düşdük. Bu, futboldur. Nə baş verəcəyini bilmək olmaz.

- Bu günlərdə milli komandanın yeni heyəti açıqlandı. Yığmada sürpriz ada rast gəlmədin?

- Hər birimiz Robert Prosineçkidən dəyişikliklər gözləyirdik. O, bütün oyunları izləyib və hər bir futbolçunu diqqətdə saxlayıb. Hansı futbolçular özünü yaxşı tərəfdən göstəribsə, bu gün milli komandanın heyətində adı var.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm