Yenə polis, yenə bölmə, ay azarkeş, ay azarkeş - VİDEO
Bizi izləyin

İdman

Yenə polis, yenə bölmə, ay azarkeş, ay azarkeş - VİDEO

Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Premyer Liqasının XXIII turu çərçivəsində paytaxtda “Neftçi” ilə “Qarabağ” komandaları üz-üzə gəlib.

Publika.az xəbər verir ki, qonaqların 1:0 hesablı qələbəsiylə bitən oyundan sonra azarkeşlər arasında kütləvi dava düşüb. Davaya "Neftçi" azarkeşlərinin səbəb olduğu deyilir. “Ağ-qaralar”ın azarkeşlərinin “Qarabağ” azarkeşlərinə daş atması nəticəsində 2 azarkeş yaralanıb. Bir neçə “Neftçi” azarkeşi isə polis tərəfindən saxlanılıb. Azarkeşlərin polis avtomobilinə də ziyan vurduğu bildrilir. Məsələyə aydınlıq gətirmək üçün hər iki klubla və azarkeş qruplarıyla əlaqə saxladıq.

“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov onlar tərəfdə ciddi problemin olmadığını dedi:

“Düzdür, iğtişaş oldu. Bu da təbiidir. Oyunun gətirdiyi emosiyalardan qaynaqlanır. Amma biz həmişə belə hallardan qaçmağa çalışırıq. Polislər aranı sakitləşdirməyə çalışıb. Polis idarəsinə aparıldığı deyilən azarkeşlər izahatları alındıqdan sonra sərbəst buraxılıblar”.

“Neftçi”nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məsələdən mətbuat vasitəsi ilə xəbər tutduğunu dedi:

“Məsələ ilə bağlı mətbuatdan eşitdim. Bu barədə heç məlumatım yoxdur”.

Ağdam komandasının ən böyük azarkeş kütləsi olan “İmarət” fanklubunun idarə heyətinin üzvü Elnur Quliyev polis idarəsinə aparılanların “Qarabağ” yox, “Neftçi” azarkeşləri olduğunu dedi:

“Oyun qurtardıqdan sonra qələbəni fişənglə, bayram ab-havası ilə qeyd edirdik. Bu zaman “Neftçi” azarkeşləri üzərimizə gəlməyə çalışdı. Sağ olsunlar, polislər hadisəyə müdaxilə etdilər, kənarlaşdırdılar. Polislər imkan vermədi ki, münaqişə böyüsün.

Bildiyimə görə, bizdən heç kimi şöbəyə aparmayıblar. Biz çalışırıq bu mövzuda hər şeydən uzaq olaq. Oyundan yarım saat sonra məkanı tərk etdik”.

Publika.az-a açıqlamasından sonra İmarət fanklubu sosial şəbəkələrdən birində belə açıqlama yayıblar:

“Bizim üçün “Neftçi” matçı artıq geridə qalıb. Bəzi insanları isə mütləq cəzalandıracağıq. Artıq fikrimizi qarşıdakı işlərimizə yönəltməliyik. Məlumat üçün bildiririk ki, dünən Nizami RPİ-nin 24-cü polis bölməsinə 9 nəfər azarkeş aparılıb. Onlardan biri “Qarabağ” azarkeşidir. Həmin dostumuz da “Neftçi” azarkeşini polis aparmasın deyə, müdaxilə etmək istədiyi vaxt anlaşılmazlıq nəticəsində bölməyə aparılıb.

Bütün üzvlərimizə verdikləri dəstəyə və nümayiş etdirdikləri birliyə görə təşəkkürümüzü bildiririk”.

Tutulmuş azarkeşlərlə bağlı 24-cü polis bölməsiylə əlaqə saxlasaq da, heç bir məlumat əldə etmək mümkün olmadı. Daha doğrusu, bölmədən bu haqda heç nə demək istəmədilər.

Son anda aldığımız məlumata görə, “Neftçi” fanatlarından 19 nəfər saxlanılıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm