• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Tehranda yazılan ən yeni tarix

  • İdman
  • 21 Fevral 2015 13:15
  • 514 Baxış
Tehranda yazılan ən yeni tarix

Bax bu, əsl zəfərdir!!! İranla Rusiyaya qalib gəlmək, Dünya Kubokunu qazanmaq Azərbaycanın qüdrətini göstərir. Əsas məsələ odur ki, legionerlərsiz, öz pəhləvanlarımızla bunu bacardıq. Həm də sərbəst yox, yunan-Roma güləşində ilk dəfə buna nail olmağımız maraqlı faktdır.

Publika.az xəbər verir ki, dünən İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə milli komandamız tarix yazdı. İran, İsveç və Almaniyanın yer aldığı qrupdan lider kimi çıxan pəhləvanlarımız Azərbaycan güləş tarixində yeni bir səhifə açdı. Azərbaycan idman tarixində ilk dəfə olaraq yunan-Roma komandamız Dünya Kubokunun finalına vəsiqə qazandı. Amma iştah diş altında olur deyiblər. Ən böyük tarix isə hələ qarşıdaymış.

Finalda güləşçilərimiz digər qrupun birincisi olmuş Rusiya yığması ilə qarşılaşdı. Gərgin keçən görüş 4:4 hesablı bərabərliklə tamamlandı. Ancaq İslam Abbasovun təmiz qələbəsi və xalların keyfiyyətinə görə 18:17 hesabı ilə komandamız rəqiblərindən üstün oldu. Bu nəticə ilə Azərbaycan yunan-Roma güləşçiləri tarixində ilk dəfə Dünya Kubokuna sahib çıxdı.

Bu böyük zəfərə görə, bütün güləşçilərimizə alqış düşür. Bütün qarşılaşmalarını qələbəylə başa vuran və yolüstü İsveç millisinin şərəfini qoruyan erməni güləşçisini “məhv edən” Rəsul Çunayev, uzun aradan sonra “ölmədiyini” göstərən Həsən Əliyev, gələcəyi parlaq görünən İslam Abbasov, isveçlilərin güvəndiyi bir başqa “dığa”nın kürəyini yerə vuran Kamran Məmmədov və başqaları bayrağımızı yüksəklərə qaldırmaqla bizi sevindridi. Bizi sevindirən bir məqam da finaldakı turnir cədvəlidir. Baxmayanlara baxmağı məsləhət görürük. 1-ci pillədə biz, sonuncu pillədə isə Ermənistan, həmişəki kimi...

Qələbə təəssüratlarını öyrənmək üçün Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Mayis Musayevlə əlaqə saxladıq. Yol üstündə olmasına, hava limanına qəhrəmanları qarşılamağa getməsinə baxmayaraq, federasiya rəsmisi sevincini bizimlə bölüşməkdən imtina etmədi. Ona bir sual ünvanladıq: Tehrana gedərkən çempion olacağınızı hiss etmişdinizmi? Bu sual Mais bəyi ətraflı cavab verməyə vadar etdi:

“Əvvəla, bütün xalqımızı qələbə münasibətiylə təbrik edirəm. Tehrana böyük ümidlərlə yollanmışdıq. Komandamız güclü hazırlıq keçmişdi. Federasiya rəhbərliyi idmançılar üçün hər cür şərait yaratmışdı. Həm təlim-məşq toplanışları, həm də müxtəlif sınaq yarışları təşkil edilmişdi. Bunun da nəticəsini Tehranda gördük. Düzdür, İran millisiylə görüşlər çox gərgin keçdi. Amma pəhləvanlarımız yekunda qələbə qazana bildi. Bildiyiniz kimi, finalda da Rusiyayla gərgin qarşılaşmalar oldu. Əsas odur ki, qalib gəldik və buna çox sevinirik. Bu, bütün Azərbaycanın qələbəsidir.

Güləşçilərimiz İranın paytaxtına iddialı getmişdi. İlk məqsədimiz qrupdan çıxmaq idi. Bunu təmin edəndən sonra idmançılarda ruhyüksəkliyi və çempionluğa inam daha da artdı”.

Bu dəqiqələrdə Tehrandan dönən qəhrəmanlarımızı hava limanında yüzlərlə həmvətənimiz gözləyir. Onlar həqiqətən vətənə qəhrəman kimi dönürlər. Bu hissləri sözlə təsəvvür etmək çətindir. Bunu yaşamaq lazımdır. Onlar indi məhz həmin hissləri yaşayırlar.

Ənənəvi olaraq daha güclü olduğumuz sərbəst güləşdə də millinin eyni yolu tutması və tezliklə əcnəbilərdən təmizlənməsi ümidi ilə!

Pərviz Hikmət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR