Güləşçilərimiz Bakıya qayıtdı - FOTO
Bizi izləyin

İdman

Güləşçilərimiz Bakıya qayıtdı - FOTO

Tehranda böyüklər arasında dünya kuboku yarışlarının qalibi olan yunan-Roma güləşi üzrə yığma komandamızın üzvləri fevralın 21-də Vətənə qayıdıblar.

Publika.az-ın məlumatına görə, güləşçilərimizi Heydər Əliyev Beynəlxalq Aeroportunda azarkeşlər, media nümayəndələri və Azərbaycan Güləş Federasiyasının (AGF) rəsmiləri qarşılyıblar.

Jurnalistlərin suallarını cavablandıran Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov yarışlar bağlı bunları deyib:

“Həqiqətən də milli komandamız tarixi uğur qazandı, güləş tariximizdə yeni səhifə yazdı. Bütün bu uğurlarımız ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin bütün sahələrə olduğu kimi, idmana, güləşə göstərdiyi diqqət və qayğının nəticəsidir. Bütün bunlar bizi daha da ruhlandırır. Dünya Kubokuna da böyük ümidlərlə yollanmışdıq. Çox şadıq ki, İranda ev sahiblərini böyük üstünlüklə məğlub etdik. İnanın ki, bütün güləş dünyası pəhləvanlarımızın çıxışına heyran qalmışdı. Dünya Kuboku yarışları tarixində indiyə qədər heç bir komanda İran yığmasını öz evində məğlub edə bilməmişdi. Biz isə bunu bacardıq”.

Ə.Cəfərov sözlərinə belə davam edib: “Bu qələbə bizim üçün çox önəmli idi. Qarşıda bizi Avropa Oyunları gözləyir. Bu yarışlar yığma komandamız üçün sınaq xarakteri daşıyırdı. Mən qazanılan nailiyyətlərə görə, güləşçilərə, məşqçilər korpusuna minnətdaram. Xüsusilə də federasiyamızın rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Cənab Fazil Məmmədovun güləşçilərimiz üçün yaratdığı şərait bu cür uğurların qazanılmasına böyük töhfə verir. Düşünürəm ki, Bakıda keçiriləcək Avropa Oyunlarında da qızıl medallar qazanıb bizə göstərilən etimadı doğruldacağıq”.

AGF-nın baş katibi İranda Azərbaycan Respublikasının dövlət himni səslənərkən, ölkəmizin bayrağının düzgün seçilməməsinə də münasibət bildirib: “Təbii ki, bunu biz də gördük. Amma bütün olanlar himn səslənərkən, baş verdi. Daha sonra iradımızı bildirdik. Həmin vaxt Respublikamızın himnini yarımçıq dayandırmaq istəmədik. Artıq təşkilatçılar bununla bağlı bizə üzrxahlıq bildirdilər. Yaxın günlərdə rəsmi şəkildə üzrxahlıq məktubu da göndərəcəklər. Yəni bu cür hallar yolverilməzdir və belə hallara daim diqqətlə yanaşırıq”.

Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Cəmşid Xeyrabadi görüşlərin gərgin idman mübarizəsi şəraitində keçdiyini bildirib və ölkəmizi bu qələbə münasibətilə təbrik edib.

Milli komandamızın üzvü Rəsul Çunayev çətin işin öhdəsindən gəliklərini deyib və sözlərinə belə davam edib: “Çox şadıq. Bütün komanda yoldaşlarımızı, qələbədə əməyi olan hər kəsi təbrik edirəm. Çox çətin görüşlər keçirdik. Amma komanda yoldaşlarımla yüksək əzmkarlıq göstərərək, qızıl medalları qazandıq. Gələcəkdə də uğurlu çıxışlarımızı davam etdirmək niyyətindəyik”.

Komandamızın digər güləşçisi İslam Abbasov da fikirlərini jurnalistlərlə bölüşüb: “Bütün komanda yoldaşlarım kimi, mən də çox xoşbəxtəm. Ağır yarış oldu. İran və Rusiya kimi milliləri məğlub etməklə bütün dünyaya gücümüzü göstərdik. Əsasən də final görüşlərində hakimlərin haqsızlığı ilə üzləşsək də, sona qədər döyüşdük və qələbə qazandıq. Bizə yaradılan şəraitə görə, Azərbaycan Güləş Federasiyasının prezidenti cənab Fazil Məmmədov, birinci vitse-prezident Namiq Əliyevə minnətdarlığımı bildirirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm