"Neftçi" - "Qarabağ" oyunundan sonrakı hadisəyə görə cinayət işi açıldı
Bizi izləyin

İdman

"Neftçi" - "Qarabağ" oyunundan sonrakı hadisəyə görə cinayət işi açıldı

İldə, mövsümdə bir dənə düz-əməlli oyun izləmək şansımız olur. Onu da polislər gözdən salır. Bilmirəm kimə sərf edir. Amma onu bilirəm, yəqin etmişəm ki, artıq Azərbaycanda çempionat oyunlarına minlərlə azarkeşin gəlməsi kimlərəsə sərf etmir.

Premyer Liqanın son turunda keçirilən "Neftçi" - "Qarabağ" (0:1) oyununda baş verən insidentlə bağlı xəbər vermişdik. Oyundan sonra azarkeşlər arasında qarşıdurma yaşanmışdı. Bir neçə azarkeş Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinə aparılmışdı.

İşin maraqlı tərəfi budur ki, heç bir klub azarkeşlərə yiyə durmaq istəmirdi. Hər iki tərəf tutulanların klubla hər hansı bir əlaqəsinin olmadığını bildirirdi. İndi isə məlum olur ki, tutulan azarkeşlərlə bağlı cinayət işi açılıb. Bu gün yenə tutulanlarla bağlı hər iki klubun mətbuat xidmətiylə və 24-cü polis bölməsiylə əlaqə saxladıq.

“Neftçi”nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə insidentdə iştirak edən azarkeşlərin klubla bağlılığı olmadığını vurğuladı. Yəni “Neftçi”nin fanat qruplarından heç kimin polis bölməsinə düşmədiyini bildirdi. “Qarabağ”ın mətbuat sözçüsü Nurlan İbrahimovun fikirləri də oxşar oldu. Ağdam klubunun rəsmisi bir məqamı vurğuladı ki, tutulanlardan biri sadəcə dostunun güdazına gedib. Amma o, artıq sərbəst buraxılıb.

Hadisənin təfərrüatlarını dəqiqləşdirmək üçün Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsiylə əlaqə yaratdıq. Növbətçi hissədən saxlanılanlarla bağlı baş idarəyə müraciət etməyi məsləhət gördülər. Uzun sözün qısası, 3-4 yerə zəng vursaq da, azarkeşləri “gördüm” deyən olmadı. Öyrənə bildiyimiz sadəcə bu oldu ki, tutulduğu deyilən 9 nəfərdən 7-si azadlığa buraxılıb. İki nəfərin isə hakimiyyət nümayəndəsinə müqavimət göstərməsi iddiasıyla saxlanıldığı deyilir.

Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.2.1 (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Sonradan isə əməl Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və zor tətbiq etmə ) maddəsinə tövsif olunub. Tutulanların 3 ay həbs olunacağı istisna edilmir. Hazırda Bakı Şəhər Prokurorluğu tərəfindən ibtidai istintaq aparılır. Sonda qeyd edək ki, “Neftçi” – “Qarabağ” qarşılaşması qonaqların minimal hesablı qələbəsiylə (1:0) başa çatmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm