• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Hər kəsin etirazına qarşı çıxan qız - “Başa düşmürlər ki, artıq mənim qanıma işləyib” - FOTOLAR

  • İdman
  • 23 Fevral 2015 17:56
  • 3 744 Baxış
Hər kəsin etirazına qarşı çıxan qız - “Başa düşmürlər ki, artıq mənim qanıma işləyib” - FOTOLAR

Qızların futbol oynaması bizdə birmənalı qarşılanmır. Sərtliyi və dözümlülüyü ilə daha çox kişlərə uyğun olan bu idman növüylə məşğul olan qızlara az-az rast gəlmək olar. Aysel Kazımova da belələrindəndir. Onun da futbola gəlişi çoxsaylı narazlıqlara səbəb olub. Amma yolundan dönməyib. Çünki... Səbəbini Publika.az-a müsahibəsində açıqlayıb.

O, etirazlara baxmayaraq, futboldan əl çəkmək fikrində deyil. “Qız nədir, futbol nədir” deyənlərə baxmayaraq, artıq yolunu seçən Aysel gələcəkdə məşqçi kimi də fəaliyyət göstərmək niyyətindədir.

- Aysel, söhbətə sənin təqdimatından başlayaq...

- 1993-cü il dekabrın 6-da Zaqatalanın İkinci Tala kəndində anadan olmuşam. Ailədə 5 nəfərdən ibarət idik. Amma bu yaxınlarda nənəm vəfat etdi. Atam ustadır - ev ustası, anam evdar qadındır. Qardaşım maşın rəngsazıdır. Evin 2-ci övladıyam. Qardaşım məndən 2 yaş böyükdür. Futbola 2011-ci il fevral ayında başlamışam.

- Futbol həyatına necə uyğunlaşdın?

- Futbola başlayanda inanmırdım ki, ailəm icazə verər. Qardaşım da o vaxt əsgərlikdə idi. Atam fiziki tərbiyə üzrə oxumağımı istədiyi üçün razı oldu. Beləliklə, futbol həyatım başladı. İndi Sabirabad Dövlət Sosial-İqtisad Kollecində fiziki tərbiyə üzrə 3-cü kursda oxuyuram. Atam kollecə girdikdən sonra məni futboldan çıxartmaq fikrində idi. Amma artıq çox gec idi. Çünki futbol qanıma qarışmışdı. Futbolu çox sevirəm, təbii ki, bu idmanı mənə məşqçim Şaban Şirdanov sevdirib. Yəqin ki, başqa məşqçi olsaydı, futbolu bu qədər çox sevməzdim. İndi həm “Zaqatala” FK-da 19 yaşlı qızlarda oynayıram, kapitanam, həm də ki, klubda U-13-də köməkçi məşqçiyəm.

- Sən millidə oynamırsan. Heç maraqlanmamısan ki, niyə çağırılmırsan?

- Yox, soruşmamışam. Milliyə 1994-cü ilə qədər olanları dəvət edirlər. Mən isə 1993-cü iləm. Amma güclü oyunçuları yoldaşlıq oyunlarına aparırlar.

- Adətən qızın ağır idmana getməyi kənardakılar tərəfindən də xoş qarşılanmır. Kənar təsirlərlə rastlaşmısan?

- Əlbəttə, çox olub. Hələ də etiraz edənlər var. “Qız nədir futbol nədir?” deyirlər. Amma artıq mən belə şeylərə alışmışam. Əsas olan gördüyün işi sevmək və ona bağlı olmaqdır. Futbol elə bir idman növüdür ki, azarkeş qarşısına çıxırsan və oyunun izlənilir. Ən maraqlısı da elə futboldur, kənardan deyilən heç nəyə fikir vermirəm. Əsas özümün nəyi istəməyimdir, etirazlara baxmayaraq, anam atam məni dəstəkləyir və uğurlarıma sevinirlər.

- Heç çətinlik çəkməmisən?

- Təbii ki, gördüyümüz hər işin öz çətinliyi var. Amma mən gördüyüm işdən zövq alıram. Düzünü deyim ki, oğlanların içində böyümüşəm. Gəlinciklərim də olmayıb. Ancaq oğlan oyunları oynayaraq böyümüşəm. Zədələnməyə gəldikdə isə düzdür, futbolda zədələr çox olur. Həm də klubların həkimləri də yoxdur, zədələnirik və özümüz özümüzü sağaltmalı oluruq.

- Ən ağır zədəni nə vaxt almısan?

- Bir az zədəyəmeylli oyunçuyam. Tez-tez zədə alıram və zədəli olduğum anlarda da oyunlarda oynamışam. Axırıncı dəfə məşqdə belimdən zədə aldım, hələ də müalicə edirəm.

- Səncə idmanda arzuladığın səviyyəyə nə dərəcədə çatmısan?

- Deyə bilmərəm çatmışam. Amma hər günümə şükür edən biriyəm. Şükürlər olsun ki, hər şey yaxşıdır. Məşqçi olmaq arzum var, yəqin ki, uğurlarım irəlidədir.

- İndi oynadığın və məşqçilik etdiyin klubdan maaş alırsan?

- Bəli, məşqçi kimi maaş alıram. Buna görə, AFFA-ya və baş məşqçimə minnətdaram. Yəqin ki, bilirsiniz, qız futbolçulara klublarda maaş verilmir.

- Aysel, maraqlıdır, qardaşın indi sənin idmanda olmağınla bağlı nə düşünür?

- Qardaşım çox da işlərimə qarışan biri deyil. Mənə güvənir. Amma təbii ki, bir qardaş kimi irəlidə bu işdən əl çəkməyimi istəyir. Mən isə ona deyirəm ki, “işimi sevirəm və arzularımın dalınca getmək istəyirəm”.

- Futbolda idealın varmı?

- Təbii ki... Kriştiano Ronaldo və Fabio Koentrao.

- Qızlardan ibarət milli komandanin üzvlərindən kiminlə yaxınlığın var?

- Manya Mollayeva, Suqra Xəlilova, Sevinc Cəfərzadə, Nərgiz Haciyeva, Lalə Məmmədova – adlarını çəkdiklərim elə klubumuzun üzvlərdir.

- Son olaraq belə bir sual verim, ailə qurandan sonra idmanla məşğul olmaq çətin olmayacaq?

- Heç kim gələcəkdə nə baş verəcəyini bilmir. Elə mən də... Yaşayarıq, görərik. Amma hər kəs istər ki, ailə quracağı adam onun işinə hörmətlə yanaşsın, elə mən də.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR