Ad günün mübarək, Banişevski! - VIDEO
Bizi izləyin

İdman

Ad günün mübarək, Banişevski! - VIDEO

Bu gün Azərbaycan futbolunun ən görkəmli simalarından biri olan Anatoli Banişevskinin doğum günüdü. Əfsanəvi futbolçu yaşasaydı, bu gün 69 yaşını qeyd edəcəkdi.

Publika.az xəbər verir ki, Anatoli Andreyeviç Banişevski 1946-ci ilin məhz bu günü Bakıda dünyaya gəlib. O, 1964-cü ildən “Neftçi”nin uğurları üçün çalışmağa başlayıb. “Ağ-qaralar”ın heyətində olduğu zaman Rusiya klublarından dəfələrlə təklif almasına baxmayaraq, o, Bakını heç bir şəhərə dəyişmədi. Banişevski “Neftçi”nin 9 nömrəli futbolkasını 1978-ci ilə kimi daşıdı. Bu müddətdə “ağ-qaralar”ın heyətində SSRİ çempionatlarında 288 oyunda 121, SSRİ kuboklarında isə 30 oyunda 15 qol vurub.

Əfsanəvi hücumçu 1966-cı ildə “Neftçi” ilə SSRİ çempionatının, SSRİ yığması ilə dünya çempionatının bürünc, 1972-ci ildə isə Avropa çempionatının gümüş medalını qazanıb. SSRİ yığmasında keçirdiyi 50 oyunda rəqib qapılarından 19 top keçirib.

Banişevski məşqçilik fəaliyyətinə 1981-ci ildə doğma klubu “Neftçi”də başlayıb. Bir il “ağ-qaralar”da çalışdıqdan sonra Mingəçevirin “Avtomobilçi” klubunda (1984-1987), Burkina-Fasonun gənclər yığmasında (1987-1988) və “Kəpəz”də (1988) baş məşqçi olub.

O, SSRİ-nin əməkdar idman ustası idi. Müstəqillik dövründə Banişevski “Şöhrət ordeni”ylə də təltif edilmişdi. Əfsanəvi 9 nömrə 1997-ci il dekabrın 10-da uzun çəkən xəstəlikdən sonra həyatla vidalaşdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm