İdman
Retro final və ya “Şəhərlilər” “Barsa”nı necə qarşılayacaq?
Birhəftəlik fasilədən sonra Çempionlar Liqasında mübarizə qaldığı yerdən davam edəcək. Bu gün 1/8 final mərhələsinin daha iki oyunu baş tutacaq. Mançesterdə və Turində futbolsevərləri yüksəksəviyyəli qarşılaşmalar gözləyir. Publika.az komandalardakı vəziyyəti dəyərləndirib və keçmişi vərəqləyib.
Bu dəfə başqa “Mançester Siti” olacaq?
Bu mərhələnin ən cəlbedici oyunu məhz “Mançester Siti” – “Barselona” qarşılaşması göstərilir. İspaniya nəhəngi qitənin ən nüfuzlu klub turnirində böyük təcrübəyə malikdir. Son İngiltərə çempionu isə bu yolda yeni addımlayır. “Şəhərlilər” tarixi ərzində ÇL-in 1/4 final həyəcanını yaşamayıb. “Barsa” isə cari mövsümdə ardıcıl 8-ci dəfə ən güclü 8 komandadan biri olmaq istəyir.
Yəqin ki, bu komandaların ötənilki sərgüzəştlərini unutmamısız. Onda ingilislər adlı-sanlı rəqibindən açıq-aşkar çəkinirdi. Qorxaq oyun nəticəsində Manuel Pelleqrininin yetirmələri hər iki oyunda Kataloniya klubuna uduzdu. Maraqlıdır ki, hər iki oyunda “Barsa”nın qollarını Messi və Dani Alves vurmuşdu.
İndi hamını düşündürən əsas sual budur ki, Pelleqrini həmin səhvlərdən nəticə çıxardıbmı? Yəqin ki, bu suala elə bu gün “Etihad”dakı matçdan sonra cavab ala biləcəyik. Çilili mütəxəssis son mətbuat konfransında meydanda tam fərqli MS olacağına söz verib. Amma bir problem var. komandanın “dayağ”ı Yaya Ture cəzalı durumda olduğu üçün komandasına kömək edə bilməyəcək. Payızda ÇSKA-yla matçda qırmızı vərəqə alan yarımmüdafiəçi 3 oyunluq diskvalifikasiya olunmuşdu. İki oyunu buraxan Ture sabiq komandasıyla ilk qarşılaşmanı da tribunadan izləyəcək. Təsadüfə bax ki, o, məhz “Nou Kamp”dakı cavab matçında “Barsa”ya qarşı meydana çıxa biləcək.
Komandalardakı son vəziyyət fərqlidir. Premyer Liqanın son turunda “Nyukasl”ı darmadağın edən (5:0) MS-nin düşərgəsində əhval-ruhiyyə olduqca yüksəkdir. Amma bu sözləri “Barselona” haqda demək çətindir. Luis Enrikenin yetirmələri La Liqanın son turunda gözlənilmədən “Nou Kamp”da “Malaqa”ya boyun əyərək, çempionluq yolunda ağır zərbə aldı. Amma hələ ki, hər iki komanda öz çempionatlarında 2-ci pillədə qərarlaşıb.
23:45 Mançester Siti (İngiltərə) - Barselona (İngiltərə)
Stadion: "Etihad Stedium"
Baş hakim: Feliks Brıx (Almaniya)
TV: AZTV, NTV (Türkiyə), NTV Plyus Futbol 1
Aralarındakı oyun: +0=0-2 (top fərqi - 1:4)
Zədəlilər: Milner (şübhəli) - Vermalen, Duqlas.
Cəzalı: Yaya Ture (Mançester Siti)
MS-nin iştirak ərizəsində dəyişiklik
Əlavə olunub: Vilfrid Boni (Suonsi).
Çıxarılıb: Stevan Yovetiç, Matiya Nastasiç.
"Barselona"nın iştirak ərizəsində dəyişiklik
Əlavə olunub: -
Çıxarılıb: -
Optimal heyətlər
MS: Hart - Sabaleta, Manqala, Kompani, Klişi - Fernandinyo, Fernando - Nasri, Silva, Milner - Aquero.
Barselona: Bravo - Alba, Maskerano, Pike, Alves - İnyesta, Buskets, Rakitiç - Neymar, Messi, Suares.
1997-ci ilə qayıdış
“Yuventus” – “Borussiya D” qarşılaşması ilk baxışdan MS – “Barselona” oyununun kölgəsində qalır. Amma bu ingilis və ispan futbolsevərlər üçün belədir. Vaxt olub ki, ÇL-in finalında məhz İtaliya – Almaniya dueli dəbi müəyyənləşdirib. Təbii ki, bu qarşılaşma nostalji duyğuları canlandıracaq. Stajlı futbol həvəskarları 1997-ci ildəki dramatik finalı yaxşı xatırlayar. Dortmund klubu tarixində ilk və yeganə ÇL kubokunu məhz “Yuventus”u məğlub etməklə qazanmışdı. Həlledici oyun Almaniya torpaqlarında – Münhendə olmuşdu.
Aşkar favorit göstərmək asan deyil. Evdə oynadığı üçün ilk oyunda “Yuventus”un üstünlüyü proqnozlaşdırılır. Turinlilər doğma azarkeşləri önündə daha inamlı təsir bağışlayır. “Qoca sinyora” sonuncu dəfə 2013-cü il aprelin 10-da evdə uduzub. Həm də Almaniya klubuna – “Bavariya”ya.
Massimiliano Alleqri və Yürgen Kloppun komandaları daxili birinciliklərdə müxtəlif hədəflər uğrunda mübarizə aparır. “Yuventus” ən yaxın izləyicisi “Roma”nı 9 xal qabaqlayaraq, çempionluğa doğru mətin addımlarla irəliləyir. Bu rahatlıq onların ÇL-ə daha çox diqqət ayırmasına imkan verir. Turinlilər 1996-cı ildən sonra qitənin ən güclüsü olmayıb. Son 19 ildə bir dəfə - 2003-cü ildə final oynayıb, vəssalam...
“Borussiya”ya gəlincə, təhlükəli zonanı yenicə tərk edən Kloppun komandası Bundesliqada ikinci dövrəyə elitada qalmaq niyyətiylə başlamışdı. Yəni vəziyyət qeyri-sabitdir. Amma hər iki komanda daxili çempionatlarda son oyunlarını qələbəylə başa vurub. Dortmund klubu ardıcıl üç qələbə sayəsində Bundesliqada 12-ci pilləyə kimi irəliləyib. Belə desək, Kloppun uşaqları hazırda yaxşı formadadır.
23:45 Yuventus (İtaliya) – Borussiya D (Almaniya)
Stadion: "Yuventus Stedium" (Turin)
Baş hakim: Antonio Mateu Laos (İspaniya).
TV: İdman Azərbaycan, NTV Plyus Futbol 2
Aralarındakı oyun: +4=1-2 (yop fərqi – 15:10)
Zədəlilər: Marrone, Bartsalyi (şübhəli), Matri (şübhəli) – Qrosskroyts, Kampl (şübhəli), Kel (şübhəli), S.Bender (şübhəli).
"Yuventus"un iştirak ərizəsində dəyişiklik
Əlavə olunub: Paolo De Çelye (Parma, icarədən qayıdıb), Alessandro Matri (Cenoa), Stefano Sturaro (Cenoa, icarədən qayıdıb).
Çıxarılıb: Kvadvo Asamoa, Sebastyan Covinko (Toronto), Federiko Mattyello (Kyevo, icarə), Romulo.
"Borussiya"nın iştirak ərizəsində dəyişiklik
Əlavə olunub: Kevin Kampl (Zalsburq).
Çıxarılıb: Yannik Bandovski (Münhen 1860), Miloş Yoyiç.
Optimal heyətlər
Yuventus: Buffon - Lixtştayner, Bonuççi, Kyellini, Evra - Poqba, Pirlo, Markizio, Vidal - Teves, Morata.
Borussiya D: Vaydenfeller - Pişek, Sokratis, Hummels, Şmeltser - Bender, Gündoğan - Blaşikovski, Kaqava, Roys - Obameyanq.
Pərviz Hikmət
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO