“Rəvan” AFFA-ya necə kələk gəlir?
Bizi izləyin

İdman

“Rəvan” AFFA-ya necə kələk gəlir?

Bu il də Premyer Liqanı birtəhər yola verəcəyik. 9 komanda ilə olsa belə...

Bəs sabah? Sabah necə olacaq? Bizdə elə bil ənənə halını alıb. Mövsüm maraqlı oyunlar, sıçrayışlar, kəşflərlə yadda qalmır. Harda axmaq-axmaq işlər var, Azərbaycan çempionatında yaşanır.

Adətən futbola cavabdeh şəxsləri qınayırıq. Əvvəlcədən deyim ki, bunda da haqlıyıq. Amma çempionat iştirakçıları da az aşın duzu deyil axı...

AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan – “Şaxtyor” oyunundan sonra Qol.az saytına müsahibə verib. Onun oyunla və ya Prosineçkiylə bağlı dediklərinə toxunmaq fikrimiz yoxdur. Amma bir məqamın üstündən keçə bilmədik. Adam deyir ki, “Rəvan” AFFA-ya kələk gəlir. Düzdür, bunu lap belə - açıq-aşkar demir. Amma sözlərindən bu nəticə hasil olur.

Həmkarımızın klubların sayının artırılmasıyla bağlı sualı onu “hövsələdən” çıxardır. Əvvəlcə Məmmədovun cavabını olduğu kimi diqqətinizə çatdıraq:

“Gəlin görək, I diviziondan güclülər dəstəsinə hansı komanda çıxacaq? "Rəvan"mı? "Rəvan" bir uşaq komandasını saxlaya bilmir. Sizə bir sirr açım. Bu yaxınlarda bir hadisənin şahidi olduq: "Bakcell U-14 Elit Kuboku"nun oyunu zamanı "Rəvan" futbolçularının əynindəki formanın köhnə olduğunu gördük. Aydın oldu ki, bu formaları yuxarı yaş qrupları da geyir. Həmin formaları AFFA onlara verir. Biz araşdırmaya başladıq, şübhələndik. Hələ dəqiq bilmirik, hazırda araşdırma aparılır. Martda araşdırmanın nəticəsi bəlli olacaq. Əgər neqativ hal aşkar olunsa, layihə dayandırılacaq. Ola bilsin ki, "Rəvan" klubunun rəhbərliyi bu haqda məlumatlı deyil. Ancaq biz onlara keçən həftə rəsmən müraciət etdik. Bilsinlər ki, orda bəzi insanlar işinə belə məsuliyyətsiz yanaşırlar. Yüksək dəstədə oynamağa real namizəd "Rəvan" ola bilərdi. Ancaq bu klubun da borcları, lisenziya məsələsi ilə bağlı problemi var”.

Bunu oxuyan adamın ağlına gələn ilk fikir odur ki, “Rəvan” rəhbərliyi AFFA-nın payladığı formaları ünvanına tam çatdırmır. Baş katib sonradan iddianı yüngülləşdirsə də, ox artıq yaydan çıxmış hesab olunur. Hələ araşdırmaları davam etdirən federasiyanın hansı qərarı çıxardacağı daha maraqlı deyil. Gözlə görünən kəndə bələdçi lazımdırmı? Elxan Məmmədov, gözünlə görmüsənsə, araşdırmaya nə hacət?

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm