“QIZIL OĞLANLAR”: Van Der Vaartın ulduzu niyə söndü?
Bizi izləyin

İdman

“QIZIL OĞLANLAR”: Van Der Vaartın ulduzu niyə söndü?

Ötən ilin sonlarında “Liverpul”un və İngiltərə millisinin istedadlı yarımmüdafiəçisi Rahim Sterlinq Avropanın ən yaxşı gənc futbolçusu seçildi və “Qızıl oğlan” mükafatına layiq görüldü. Bu mükafat “Qızıl top”un analoqu sayılır, amma 21 yaşadək futbolçulara verilir.

Publika.az mükafat təsis olunandan bəri tarixə düşən bütün laureatları “Qızıl oğlanlar” rubrikası altında təqdim etməyə qərar verib. İlk laureat Rafael Van Der Vaartdır. Amma əvvəlcə “Qızıl oğlan”ın yaranmasına toxunaq.

“Qızıl oğlan” mükafatı 2003-cü ildə İtaliyanın məşhur idman qəzetlərindən sayılan “Tuttosport” tərəfindən təsis edilib. Sonradan bu ideya futbol ictimaiyyətinin xoşuna gəldi və tezliklə gənc futbolçular arasında ən nüfuzlu fərdi mükafata çevrildi.

Səsvermənin obyektiv sayılması üçün italyanlar Avropanın ən populyar idman nəşrlərini də sorğu prosesində iştiraka dəvət etdilər. Hazırda Avropanın ən yaxşı gənc futbolçusunun seçiminə “Bild”, “Marca”, “France Football”, “L’Equipe”, “De Telegraaf”, “The Times” kimi ünlü resurslar qatılır.

Jüri üzvlərindən hər birinin 5 namizədə səs vermək hüququ var. Səslər müvafiq olaraq, 10, 7, 5, 3 və 1 balla ölçülür. Yekunda ən çox bal toplayan namizəd qalib sayılır. Yeri gəlmişkən, avropalı həmkarlarımız nadir hallarda seçimində yanılır. Onların seçdikləri “Qızıl oğlan”lar sonradan həqiqətən dünyasəviyyəli ulduza çevrilir. Hərçənd, etimadı doğrultmayanlar da olur. Elə bu üzdən mükafat təsis olunandan bəri – yəni son 12 ildə “Qızıl oğlan” sayılan futbolçuların sonrakı aqibətindən danışacağıq.

2003 - Rafael Van Der Vaart (Ayaks)

İlk laureat ovaxtki “Ayaks”ın liderlərindən sayılan Van Der Vaart olub. Eyni zamanda o, “Tuttosport”un etimadını doğrultmayan tək-tük futbolçulardandır. 11 il əvvəl italyanlar hardan biləydi ki, onların laureatı gələcəkdə Bundesliqada qalmaq uğrunda mübarizə aparan komandanın lideri olacaq. “Qızıl oğlan” mükafatını Rafael “Ayaks”ın ən istedadlı futbolçusu kimi almışdı. Yeri gəlmişkən, həmin vaxt Amsterdam klubunun heyətində gələcəyin ulduzları yer alırdı: Kivu, Van Der Meyde, İbrahimoviç, Pienaar, Heytinqa, Maksvell, Sneyder, De Yonq...

Bu ulduzların fonunda belə seçilməyi bacaran Rafael həmin mövsüm çempionatda 18 qolla komandasının ən yaxşı bombardiri oldu. Amma “Ayaks” 2003-cü ildə çempionluğu PSV-yə uduzdu. O heyət Çempionlar Liqasında da 1/4 finala kimi irəliləmişdi. Amma indi bu yüksəklik neçə illərdi “Ayaks” üçün əlçatmaz olub.

Maraqlıdır ki, karyerasının sonrakı illərində Van Der Vaart bir də belə məhsuldarlıq göstərmədi və yəqin ki, bundan sonra da göstərməyəcək. “Hamburq”da 3 uğurlu mövsümdən sonra “Real”a transfer olunan holland yarımmüdafiəçi Madridin də ulduzuna çevrilə bilmədi. Həmin dönəmdə “Kral klubu” hollandlara kütləvi maraq göstərsə də, heç biri komandanın liderinə çevrilə bilmədi. Bu statusu Rafael “Tottenhem”də aldı və iki il London klubunu kürəyində daşıdı.

Ondan fərqli olaraq, həyat yoldaşı Londonda rahatlıq tapa bilmədi. Bu üzdən 2012-ci ildə “Qızıl oğlan” karyerasında ən səhv qərarı verdi. Batmaqda olan “Hamburq”a xilaskar kimi qayıdan Van Der Vaart özü də batdı, ulduz statusunu itirdi. Zədə üzündən ötən il Braziliyadakı dünya çempionatını da buraxmalı oldu. Onun narıncı formadakı ən yaddaqalan nailiyyəti isə DÇ-2010-da CAR-da final oynamaq oldu.

Dosye

Rafael Ferdinand Van Der Vaart

Doğum tarixi: 11 fevral 1983 (32 yaş)

Doğum yeri: Xemskerk, Hollandiya

Amplua: yarımmüdafiəçi

Klub karyerası

2000-2005 Ayaks 117oyun (52 qol)

2005-2008 Hamburq 74 (29)

2008-2010 Real 58 (11)

2010-2012 Tottenhem 63 (24)

2012-... Hamburq 68 (16)

Milli karyerası

2001-... Hollandiya 109 (25)

Klubdakı uğurları

Ayaks: Hollandiya çempionu (2001/2002, 2003/2004), Hollandiya kubokunun sahibi (2001/2002), Hollandiya Superkubokunun sahibi (2002), Amsterdam turnirinin qalibi (2001/2002, 2002/2003).

Hamburq: İntertoto kubokunun qalibi

Real: İspaniya Superkubokunun sahibi (2008).

Millidəki uğurları

AÇ-2004: bürünc medal

DÇ-2010: gümüş medal

Fərdi uğurları

Amsterdamın ən yaxşı gənc idmançısı (1999, 2000, 2001), Amsterdamın ən yaxşı idmançısı (2001), Amsterdam turnirinin ən yaxşı oyunçusu (2002), “Qızıl oğlan” mükafatının qalibi (2003).

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm