Pulgir, yoxsa xeyriyyəçi? – Mourinyonun “lipa” çıxardığı futbolçunun HEKAYƏSİ
Bizi izləyin

İdman

Pulgir, yoxsa xeyriyyəçi? – Mourinyonun “lipa” çıxardığı futbolçunun HEKAYƏSİ

O, güclü futbolçu, xeyriyyəçi insan kimi həmişə diqqət çəkib. Hazırda İtaliyanın “Sampdoriya” klubunda forma geyinir. Yaşının çox olmasına baxmayaraq, hələ də meydanlardan uzaqlaşmaq fikrində deyil.

Publika.az II taym layihəsində bu dəfə kamerunlu futbolçu Samuel Eto’O barədə məlumat verəcək.

Eto’Onun Avropa İttifaqında çalışan "əcnəbi oyunçular" arasında yer almamasına səbəb İspaniya pasportu daşıması olub. Karyerası ərzində 500-dən çox oyun keçirib. 2003, 2004, 2005 və 2010-cu illərdə Afrikada ilin futbolçusu adına layiq görülən Eto’O həmçinin üç dəfə dünya çempionatında və altı dəfə Afrika Millətlər Kubokunda (iki dəfə çempion olub) iştirak edib. O, 16 qolla Afrika Millətlər Kuboku tarixinin ən yaxşı bombardiridir. Bir ara onun lipa olması barədə də çox söz-söhbətlər yayılmışdı. Yaxşısı budur, onun həyatını vərəqləyək. Onda hər şeydən xəbərimiz olacaq.

Kasıb ailədən çıxan futbolçu

Samuel Eto`O 10 mart 1981-ci ildə Dualada (Kamerun) anadan olub. Kasıb ailənin övladı 11 yaşından futbola başlayıb. İstedadı hesabına sürətlə inkişaf edib. İlk kubokunu 1997-ci ildə 16 yaşında qazanıb. Onun formasını geyindiyi Kamerun millisi Kosta-Rikaya qarşı keçirilən oyunu 5:0 hesablı qələbə ilə başa vurmuşdu.

Uğursuz transferi

Samuel 1997-ci ildə “Real”a transfer olunsa da, B komandasında məşqlərə çıxırdı. Amma “Real”ın B komandası “Avropa İttifaqı” statusu olmadığı üçün onu ikinci liqaya göndərdi. Nəticədə 1997/98 mövsümünü icarə əsasında “Leqanes”də keçirdi. Onun yüksəlişi "Malyorka"dan başladı.

“Malyorka”nın ən bahalı transferi

2000-ci ildə Balear adalarına yollanan kamerunlu futbolçu “Malyorka”nın tarixində o dövr üçün ən bahalı transfer oldu. Bu transfer 7 milyon dollara başa gəldi.

Onun məhsuldar oyunundan tez bir zamanda bütün İspaniya xəbər tutdu. “Malyorka”dakı ikinci mövsümündə 11 qol vurandan sonra klub prezidenti Mateo Alemani mətbuata açıqlamalarının birində Eto`Onun oyun tərzini maraqlı xarakterizə etmişdi: "Mən şübhə edərəm ki, dünyada hansısa bir oyunçu tərəfdarlarını bu qədər məmnun etsin".

2003-cü ildə “Malyorka” finalda “Rekreativo”nu 3:0 məğlubiyyətə uğradaraq İspaniya kubokunu qazandı. Dubl edən Eto`O kubokun qazanılmasında önəmli rol oynamışdı. O, “Malyorka”da 120 oyun keçirdi və 54 qol vurdu. Bununla da klub tarixində silinməz iz buraxdı.

24 milyon avroluq transfer - ən problemli futbolçu

“Malyorka”dan “qol kral”ı kimi ayrılan futbolçu 2004-cü ilin yayında “Barselona”ya 24 milyon avro qarşılığında transfer olundu. Hətta bu transferə görə o vaxt futbol ictimaiyyəti “Real”ı qınamışdı. Madridlilər əlindən “cəvahirat” qaçırdığını sonralara anlayacaqdı...

Eto`O “Barsa”da möcüzəvi mövsümlərə imza atdı. 2006 və 2009-cu illərdə Çempionlar Liqasının qalibi oldu. 2005/06 mövsümündə 26 qolla La Liqada “qol kralı” adını qazandı.

2008/09 mövsümündə 30 qol vurmaqla 32 qolu aktivinə yazdıran Dieqo Forlandan sonra 2-ci sırada yer alan Samuel “Barselona”da həmişə problem çıxaran oyunçu olaraq göstərilib. Bununla belə, o, “Barselona” tarixində 10 ən yaxşı futbolçu siyahısına salınıb. Kataloniya klubunda oynadığı 5 mövsümdə aktivinə 108 qol yazdıran futbolçu kimi rekord qırıb.

İbrahimoviçlə dəyişdirildi

2009/10 mövsümünün əvvəlində “Barselona” “İnter”in oyunçusu Zlatan İbrahimoviçi 40 milyon avro və Samuel Eto'o qarşılığında transfer etdi. “İnter”də ilk mövsümdə A seriyasında çempionluğu, İtaliya kubokunu və Çempionlar Liqası çempionluğunu yaşayan kamerunlu “göy-qara” formayla 67 oyuna çıxdı və 33 qola imza atdı.

30 milyon avro qarşılığında Rusiya klubuna keçdi

O, 2011-ci ilin avqust ayında Rusiyanın Dağıstan bölgəsini təmsil edən “Anji”yə transfer olundu. Eto’O yeni klubuyla 3 illik müqavilə imzaladı. Rusiya klubu bu keçid üçün “İnter”ə 30 milyon avro ödədi.

Ronaldo Eto’Onu qısqandı

2012-ci ildə bu transferlə “Ronaldo Eto’Onu qısqandı” tipli xəbərlər yayılmağa başladı. Belə ki, “Real”ın məşhur ulduzu Ronaldo “Anji” komandasına transfer olan Eto’Onun ondan daha çox pul aldığını öyrənincə məvacibində artım istədiyi deyildi.

Eto’O Rusiya klubunda ildə 20 milyon avroluq müqaviləyə imza atmışdı.

Həmçinin o, “Anji”də oynayarkən ən çox qazanan futbolçu olduğu deyilirdi. Belə ki, şərəfini qoruduğu “Anji”dən həftə ərzində təxminən 548 min dollar qazanırdı.

Eto’O “Anji”dən sonra növbə ilə “Çelsi” (2013/2014), “Everton” (2014/2015) klublarında forma geydi. “Çelsi”də baş məşqçi Maurinyo ilə kəllə-kəlləyə gəldi. Portuqaliyalı mütəxəssis ona “lipa” damğası vurdu:

“Mənim komandam var, hücumçum yoxdur. “Çelsi”nin problemi bombardirinin olmamağındadır. Təkcə Samuel Eto’O var, o da 32 yox, 35 yaşındadır”. Bəlkə də bunu atmaca kimi qəbul etmək olardı. Ancaq Mourinyodan sonra Samuelin keçmiş həyat yoldaşı Anna Baranka da kamerunlunun “lipa” olduğunu söylədi: “Məncə, Samuelin 32 yox, 39 yaşı var. O, 1974-cü ildə doğulub. Onun artıq 39 yaşı tamam olub”.

İrqçi hücumlar

Eto’O karyerası ərzində bir neçə dəfə irqçi hücumlara məruz qalıb. Bu səbəbdən kamerunlu futbolçu yaşıl meydanları bir neçə dəfə tərk etmək istəyinə düşüb. Onun bu qərarına komanda yoldaşı Ronaldinyo da dəstək çıxmışdı. Lakin hakimin israrı ilə meydanı tərk etməmişdi. Bundan başqa matçda top Eto’Oda olarkən “Saraqosa” tərəfdarları meymun səsi çıxararaq onu təhqir etməyə başlamışdı. Buna görə klub tərəfdarları üzündən 9000 avro cəzalandırılmışdı. Elə günü bu gün də ispanlar afrikalı futbolçuya bu cür irqçi hücumlar etməkdə davam edirdilər.

Samuel mələk deyil

Kamerunlu futbolçunun pulgir olması mətbuatın həmişə gündəm mövzusu olub. Düzdür, Samuel mələk deyil. O, xeyli yardım fondlarının üzvüdür. Böyük xeyriyyəçilik işləriylə məşğuldur, maaşının bir hissəsini Afrikada ölümcül xəstəliklərlə mübarizə fondlarına bağışlayır. Samuel Eto'O ölkəsi Kamerunda bir xəstəxanaya 200 min dollar hədiyyə etmişdi. Bundan başqa, o, bir yardım fondu da yaradıb.

Qazandıqlarının qısa xülasəsi

İspaniya çempionu: 2005, 2006, 2009

İspaniya Kubokunun qalibi: 2003, 2009

İspaniya Super Kubokunun qalibi: 2005, 2006

UEFA Çempionlar Liqasının qalibi: 2000, 2006, 2009

Olimpiya oyunlarının qızıl mükafatçısı: 2000

Afrika Kubokunun qalibi: 2000, 2002

Konfederasiyalar Kubokunun gümüş mükafatçısı: 200

Şəxsi uğurları

Afrikanın ən yaxşı oyunçusu: 2003, 2004, 2005

Piçiçi trofeyi – La Liqanın bombardiri (2005/2006 - 26 top)

“Barselona” tarixində 10 ən yaxşı hücumçudan biridir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm