“Qartallar”ın “səs”ini bütün Avropa eşitdi - REKORD
Bizi izləyin

İdman

“Qartallar”ın “səs”ini bütün Avropa eşitdi - REKORD

Avropa Liqasının 1/16 final mərhələsində “Liverpul” səddini aşan “Beşiktaş”ın bu zəfəri təkcə İstanbulda yox, bütün Türkiyədə böyük coşquyla qeyd edilib. Azarkeşlər bütün gecəni küçələrdə keçirib.

Publika.az xəbər verir ki, UEFA- da "Beşiktaş” azarkeşinin izdihamına biganə qalmayıb. Qurumun rəsmi saytının manşetində "Rekord izdiham ilə "Beşiktaş" "Liverpul"u keçdi" başlıqlı xəbər verilib. “Atatürk Olimpiya” stadionunda matçı 63324 tamaşaçı izləyib. Qurumun saytı "Beşiktaş"ın tamaşaçı sayına görə rekord qırdığını da bildirib.

"Liverpul"un fil dişi sahilili oyunçusu Kolo Ture matçdan sonra UEFA-nın saytına verdiyi açıqlamada "Beşiktaş"lılara tərif dolu sözlər yağdırıb: "Qəti şəkildə söyləyirəm, həyatımda belə bir azarkeş birliyi görmədim. Mən vicdanla söyləyirəm, futbol həyatımda gördüyüm, oynadığım ən yaxşı atmosferdir".

"Liverpul"un italyan ulduzu Mario Balotelli isə verdiyi açıqlamada "Beşiktaş" tərəfdarı ilə bağlı bunları deyib: "O qədər yüksək səs çıxardılar ki, hələ də qulaqlarım cingildəyir. Qulaqlarımın içində onların səsləri var”.

Xatırladaq ki, 2007-ci il oktyabrın 24-də “İnönü” stadionunda "Liverpul"un 2:1 məğlub etdiyi matçda “Beşiktaş”lı tərəfdarlar “səs rekordu” qırmışdı. Ancaq dünənki oyunda həmin rekord qırılıb. Bununla da azarkeşlər tarix yazıb. “Atatürk Olimpiya” stadionundakı rəsmi matçlarda tamaşaçı rekordu da “Beşiktaş”a aiddir.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm