Baş katibin sözləri “qardaşlar”a təsir edəcək?
Bizi izləyin

İdman

Baş katibin sözləri “qardaşlar”a təsir edəcək?

Azərbaycan Premyer Liqasında 24-cü turun oyunları eyni gündə - fevralın 28-də keçiriləcək. Millinin gərəksiz təlim-məşq toplanışına görə yaranan fasilə prinsipiallığın olmadığı çempionatı daha da maraqsız edir. Üstəlik, belə toplanışlar komandaların oyun keyfiyyətinə də təsir göstərir, məşqçilərin planlarını pozur.

Publika.az xəbər verir ki, millinin toplanışına dəvət olunan futbolçular Türkiyədən qayıtdıqdan 2 gün sonra çempionat oyununda meydana çıxmalıdır. Klubların baş məşqçiləri AFFA-nın onlar üçün yaratdığı fəsadı bu müddətdə aradan qaldıra biləcəklər?

“Qəbələ” “Qarabağ”ın qarşısını necə kəsə bilər?

Turda “prinsipial oyun” deyə biləcəyimiz qarşılaşma yoxdur. Təbii ki, bu amili şərtləndirən əsas səbəb də çempionatda intriqanın olmamasıdır. Demək olar ki, çempionatın sonunda kimin turnir cədvəlinin hansı pilləsində qərarlaşacağı bəllidir. Komandalar hazırda qərarlaşdıqları yerdən artığına iddia etmirlər. Yalnız “Qəbələ”ni istisna etmək olar. Ötən tur “Simurq”un xal itirməsi qəbələliləri ümidləndirib. Amma ümidin böyüməsi üçün mütləq bu tur qələbə qazanmaq lazımdır. Elə ona görə də “Qarabağ” - “Qəbələ” görüşünü turun prinsipial qarşılaşması hesab etməkdən başqa əlacımız yoxdur. Bəs “Qəbələ”də qərarlaşan dağınıq “Ukrayna ordusu” mobil qüvvəyə çevrilən “Köhlən atlar”ı büdrədə biləcək? Qurban Qurbanovun komandasının oyun ritmini millinin təlim-məşq toplanışı poza bilərdi. Güman ki, Qurbanov Prosineçkinin sərəncamından qayıdan futbolçulara istirahət verəcək. Amma “Qarabağ” onlarsız da olduqca güclüdür. Bir sözlə, Roman Qirqorçuk “Qəbələ”nin iddiasının böyüməsini istəyirsə, bütün bacarığını ortaya qoymalıdır. “Qarabağ”ın qarşısını yalnız və yalnız məşqçinin ağıllı taktiki gedişi ilə kəsmək olar. Qriqorçuk Ukraynadan Azərbaycana nəyə gəlib? Məşqçi bacarığını göstərib, pul qazanmağa? Biz də elə onu gözləyirik. Göstərsin!

İndiyədək keçirilən oyunların yarısında qalib gələn “Qarabağ” ardıcıl 10 matçdır meydanı qol vurmadan tərk etmir. Rəqiblərin son 3 oyununda meydan sahibi olan tərəf 3 xal qazanır. Son 8 qarşılaşmada heç-heçə qeydə alınmır.

Qarabağ - Qəbələ: 26 oyun - 13 qələbə, 7 heç-heçə, 6 məğlubiyyət, top fərqi 36:23.

Baş katib danışdı, maraq yarandı

Bu tur futbol ictimaiyyətinin diqqət mərkəzində bir qarşılaşma da olacaq. “İnter” - “Simurq” oyununu deyirik. Yox, “qardaşlar”ın oyununda heç vaxt prinsipiallıq olmayıb. Bu oyuna marağı AFFA-nın baş katibi Elxan Məmmədovun açıqlaması yaradıb. Baş katib mətbuata verdiyi açıqlamada bu komandaların oyunlarının danışılmış xarakterdə keçdiyini bildirmişdi. Elə bu qarşılaşma ətrafında da söz-söhbət gəzir. Avroliqaya vəsiqə qazanmaq istəyən “Simurq”a xal lazımdır. Futbol kluarlarında yayılan məlumata görə, “Bankirlər” “kiçik qardaş”a 3 xal hədiyyə etməyi düşünürlər. Onları bu niyyətdən yalnız baş katibin açıqlaması çəkindirə bilər. Ancaq onu da vurğulayaq ki, “İnter” rəhbərliyi heç vaxt ictimai qınağı nəzərə almayıb. Ola bilsin ki, indi də Elxan Məmmədovun dedikləri əhəmiyyətsiz sayılsın və “İnter” bilərəkdən “Simurq”a məğlub olsun. Məğlub olsun ki, “Qəbələ”nin Zaqatala klubuna çatmaq şansı minimuma ensin.

Son 3 ev oyununda qalib gələ bilməyən “İnter” ümumilikdə böyük üstünlüyə malikdir. Bakılılar artıq 5 matçdır rəqibinə uduzmur. Cari mövsüm baş tutan görüşlərdə isə qalib müəyyənləşməyib.

İnter - Simurq: 22 oyun - 15 qələbə, 4 heç-heçə, 3 məğlubiyyət, top fərqi 33:12.

Heç olmasa “Sumqayıt”ı...

Sumqayıtda baş tutacaq qarşılaşmanın isə heç bir prinsipial əhəmiyyəti yoxdur. “Neftçi” 3-cü turdan təxirə salınmış görüşdə AZAL-a qalib gəlməklə, demək olar ki, avrokuboklara vəsiqəni təmin edib. “Ağ-qaralar” üçün elə maksimum, minimum hədəf də bu idi. Ola bilsin ki, “Neftçi” rəhbərliyi turnir cədvəlində bir pillə irəliləyib bürünc yox, gümüş medal qazanmaq istəyində olsun. Kimin hansı əyarlı medala sahib olacağı isə “İnter”lə “Neftçi”nin şəxsi mübarizəsində bəlli olacaq. Güman ki, “Sumqayıt” “Neftçi”nin bu arzusuna müqavimət göstərməyəcək. Yox, iddia etmirik ki, baş katibin himayəsində olan komanda “Neftçi”yə qəsdən məğlub olacaq. Sadəcə, “Ağ-qaralar”ın bahalı futbolçularının heç olmasa “Sumqayıt”ı asanlıqla məğlub etməyə qadir olduğunu düşünürük.

Əvvəlki 10 görüşdə ikiqat üstünlüyə malik olan “Neftçi” son 2 qarşılaşmada qalib gəlib və ardıcıl 3 görüşdü meydanı qolsuz tərk etmir. “Sumqayıt”ın ev oyunlarında heç-heçə qeydə alınmayıb.

Sumqayıt - Neftçi: 10 oyun - 3 qələbə, 1 heç-heçə, 6 məğlubiyyət, top fərqi 12:24.

“Bakı”nın futbolçuları hansı iddia ilə meydana çıxsınlar?

Lənkəranda baş tutacaq qarşılamanı isə “əhəmiyyətsiz oyun” adlandıra bilərik. Bu qarşılaşmaya gərginliyi yalnız bir məqam gətirə bilər: hər iki komandanın heyətində olan gənclərin özünü göstərmək istəyi. Məhəllələrarası yarışda cayılların “biz güclüyük” iddiası adi qarşılaşmaya mübarizlik gətirdiyi kimi, bu komandaların oyununa da təsir edə bilər. Təbii ki, “Xəzər Lənkəran”la “Bakı”nın heyətində yer alan gənclərin belə iddiası olacaqsa. Cənublu gənclərin nədənsə şikayətlənməyə haqqı yoxdur. Şəraitləri şərait, məvaciblərini də vaxtlı-vaxtında alırlar. Pul üzünə həsrət qalan “Bakı”nın futbolçuları hansı iddia ilə meydana çıxsınlar? Cənublu gənclər bu qarşılaşmada məğlub olsalar, gələcək perspektivlərinə böyük şübhə yaradacaqlar.

Cari mövsüm rəqibindən qol buraxmayan “Xəzər Lənkəran” son 3 qarşılaşmada məğlub olmayıb. Lakin paytaxtın eyniadlı təmsilçisi qələbə sayında öndədir. Cənublular isə əvvəlki 30 dueldə daha çox qol vurub.

Xəzər Lənkəran - Bakı: 30 oyun - 8 qələbə, 13 heç-heçə, 9 məğlubiyyət, top fərqi 32:29.

Publika.az

Premyer Liqa, 24-cü tur

28 fevral

15:00 İnter - Simurq

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vüqar Bayramov, Munis Abdullayev.

Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Vüsal Əliyev.

AFFA nümayəndəsi: Elbrus Abbasov.

Hakim-inspektor: Rövşən Əhmədov.

Bakı. "İnter Arena".

16:00 Sumqayıt - Neftçi

Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Elşən Acalov, Xəlil Xəlilov.

AFFA nümayəndəsi: Maşallah Əhmədov.

Hakim-inspektor: Murad Məmmədov.

Sumqayıt. "Kapital Bank Arena".

17:00 Xəzər Lənkəran - Bakı

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Kamran Bayramov, Elvin Əsgərov.

AFFA nümayəndəsi: Oqtay Abdullayev.

Hakim-inspektor: Asim Xudiyev.

Lənkəran. Şəhər stadionu.

17:00 Qarabağ - Qəbələ

Hakimlər: İnqilab Məmmədov, Rza Məmmədov, Rahil Ramazanov, Elman Musayev.

Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Ramil Əhmədov.

AFFA nümayəndəsi: Telman Əzizov.

Hakim-inspektor: Məhəmməd Məmmədov.

Bakı. T.Bəhramov adına Respublika stadionu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm