• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Qazaxlar bizdən ağıllı çıxdı – “Milan”da oynamış futbolçunu milliləşdirdilər

  • İdman
  • 2 Mart 2015 18:25
  • 526 Baxış
Qazaxlar bizdən ağıllı çıxdı – “Milan”da oynamış futbolçunu milliləşdirdilər

Bu gün bir xəbər diqqətimi çəkdi: “Qrasshoppers”in yarımmüdafiəçisi Aleksander Merkel Qazaxıstan millisinin şərəfini qoruyacaq. Üzdən baxanda adi oxucuya o qədər də maraqlı gəlməz. Amma məsələyə milliləşmə prizmasından yanaşanda heyrətlənməmək olmur. Bu haqda bir qədər sonra. Əvvəlcə görək bu Merkel kimdir və “Qızılqum” səhralığına necə gedib çıxıb?

Publika.az xəbər verir ki, Merkelin milliləşdirilməsini Qazaxıstan futbol federasiyasının milli komandalar departamentinin direktoru Vladimir Niderqaus bəyan edib:

“Merkel bizim komandada oynamağa razılıq verib. Bütün sənədləri tez bir zamanda qaydasına sala bilsək, o, artıq martın 28-də İslandiyayla matçda Qazaxıstan millisində debüt edə bilər”.

İndi isə Merkeli yaxından tanıyaq. Aleksander 1992-ci ildə Alma-Atada sovet almanlarının ailəsində dünyaya gəlib. 6 yaşından Almaniyada yaşayıb. Klub səviyyəsində “Milan”, “Cenoa”, “Udineze” (hazırda bu kluba məxsusdur) və “Uotford”da forma geyinib. Bundan başqa, Almaniya millisinin müxtəlif yaş qruplarında çıxış edib.

Qazaxlar Merkeli “özəlləşdirmək” üçün 2014-cü ilin əvvəlindən çalışıb. O, böyük uğurlara qazanmaq və nəyə qadir olduğunu göstərmək üçün alışıb yanır. Əlbəttə, Merkelin gəlişiylə Qazaxıstan millisinin gücləndiyini deyə bilərik. 23 yaşı olmasına baxmayaraq, A seriyasının sayılıb-seçilən klublarında təcrübə toplayıb. Son klubu “Qrasshopper” olub. İsveçrə klubunda 10 oyunda meydana çıxıb. Biz belə uğurlu siyasətə yalnız kənardan baxa bilərik.

Robert Prosineckinin yeni fəaliyyətə başladığını nəzərə alsaq, ona toxunmayacam. Hələ özünü göstərməsi üçün xeyli vaxtı var. Hərçənd Anton Krivotçuk milliyə dəvət olunanda dişin mina qatına qara xal düşən kimi xorvatın nüfuzuna bir balaca zərbə dəydi. Uzun sözün qısası qələm əhlinin artıq dalağı sancıb. Sancıb ki, bizi yenə sifarişli millinin oyunları gözləyir. Bunu zaman göstərəcək. Qayıdım mətləbə.

Berti Foqts dövründən bizə xeyli milliləşmiş miras qaldı. Cihan Özkara, Əli Gökdəmir, Ufuk Budak... Məncə kifayətdir. Kimlərsə onları müdafiə edə bilər, məsələn, Ufukun millimizə faydalı olduğunu düşünə bilər. Amma fakt göz qabağındadır. Hardadı onlar? Bəs niyə indi milliyə çağırılmırlar. Onlar hardan gəlmişdilər? Almaniyanın həvəskar komandalarından. Merkel harda oynayıb? İtaliyanın A seriyasında.

Eddi İsrafilovu misal gətirə bilərsiz. AFFA ümidimizi o qədər sarsıdıb ki, onun da nəyə qadir olduğunu şübhəylə qarşılayırıq. Onun milliyə nə verəcəyini qismən də olsa, təsəvvür edə bilmirik. Millimizin təklifini qəbul edəndən sonra heç “Qranada”nın heyətinə düşə bilmir. Bunu necə adlandırmaq olar? Bizi tapan da, bizim tapdığımız da uğursuzluğa düçar olur.

Bəlkə heç milliləşdirməyək. Niyə xalxın uşaqlarını bədbəxt edirik ki... Heç olmasa başını aşağı salıb İspaniyada, Almaniyada, bir sözlə futbolun oynanıldığı yerlərdə toplarını qovurlar. Azərbaycana çağırdıqlarımız gəlib burdakı bataqlıqda batır. Milliləşdirməni dayandırın. Onsuz da bunu bacarmırsız...

Pərviz Hikmət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR