Adama oxşamaq istəyən dahi - Bütün dünya ona təskinlik verirdi
Bizi izləyin

İdman

Adama oxşamaq istəyən dahi - Bütün dünya ona təskinlik verirdi

Ötən ilin oktyabrında bütün dünya onun durumundan heyrətə gəlmişdi. İngiltərə nəşrlərindən biri onun düşdüyü acınacaqlı vəziyyəti belə xarakterizə etmişdi: “Bundan da pis yalnız tabutda olur”. Cəmiyyətdə yaranan səs-küy ona gətirib çıxartdı ki, polis məşhur futbolçunun skeletini reabilitasiya mərkəzinə gətirdi. İnsanlarda inam qalmamışdı - Pol Qaskoynun 2015-ci ilə qədər yaşayacağına.

Bəlkə, məni 19 dəfə o dünyadan çıxarıblar

Ancaq üstündən bir ay keçdi. Qəzetlərdə onunla bağlı nekroloq yerinə tam başqa bir Qaskoynun şəkilləri göründü. Nadir hallarda televiziyada görünən Pol məşhur şou proqram “This Morning”in təklifini qəbul etdi. Sifəti qızarmış Qaskoyn proqramda bir neçə suala cavab verdi, o cümlədən sərxoşluğa aludəçiliyindən də danışdı: “Son 18 ildə mən o qədər də çox içməmişəm. Bəlkə, məni 19 dəfə o dünyadan çıxarıblar”.

Bir ay paparatsilər onu məxsus olduğu cəmiyyətdə - şübhəli dostlarının və viski şüşələrinin arasında axtardılar ki, şəklini çəksinlər. Amma əbəs yerə. Əvəzində bostan bitkisinə yox, adama oxşayan Pol Milad Bayramında bacısı Lindsinin evinə gəldi, yaxınlarını bayram münasibətiylə təbrik etdi. Ertəsi gün bayramlaşma mərasimindən çəkilən şəkillər “tvitter”də idi.

Bacıoğluya hədiyyə - Messinin butsları

“Vau, dayım mənə Messinin butslarını hədiyyə etdi” - Santa Klaus geyimində olan Qaskoynla şəkil çəkdirən baçıoğlu Co yazmışdı. Bacısı Lindsi və onun ailəsi artıq uzun illərdir ki, Polun ən yaxın himayəçiləridir. Qaskoyn etiraf edir ki, məhz onların sayəsində indiyə qədər sağ qalıb. Onlar Polu ən çətin məqamda belə atmadılar.

“Məndə hər şey qaydasındadır” - Pol “The Mirror”a verdiyi müsahibədə deyib: “Trenajor zalına gedirəm, gündə 800 dəfə “jim edirəm”, düzgün qidalanıram, balıq tuturam. Kimlərsə hər şeyi başqa cür təqdim etmək istəyirlər. Amma mən mübarizə aparıram”.

Uşaqlar heyrət içində idi - Qazza alovlu nitq söylədi

Jurnalistlər onun ardınca ova çıxmışdılar. Xüsusən də mağazadan çıxarkən Polun əlində olan paketdə nə olduğu onları ciddi maraqlandırırdı. Buna nail oldular, amma kriminal nəsə tapa bilmədilər. Paketdə süd, çörək, kartof, siqaret və “The Sun”ın yeni sayı var idi.

“Bilirsiniz, özümü pis hiss edəndə, bir şüşə viski axtaranda şəhərin əsas küçəsinə çıxıb, kütləyə qatılıram. Mənə cəmiyyətin bir hissəsi olmaq vacibdir. Bu, məni xilas edir”, - Pol “Wallsend Boys”un yeniyetmələrdən ibarət komandasına baş çəkərkən etiraf edib. İndi bu komandada onun qardaşı oğlu çıxış edir.

“Uşaqlar heyrət içində idi. Qazza alovlu nitq söylədi, həvəslə avtoqraf payladı. Bizimlə ünsiyyətdə oldu və bir neçə məsləhət verdi. Bildirdi ki, həyatda ailə və dostların olması çox vacibdir. O, möhtəşəm idi!” - 15 yaşlıların məşqçisi Pol Lokir deyib bu sözləri.

Bu yaşda yeni sevgisi peyda oldu

47 yaşlı Polun həyatında yeni sevgi peyda olub. 44 yaşlı Mendi Tomas Qaskoynun reabilitasiyasında mühüm rol oynayır. Mendi ictimai xidmət sahəsində çalışır. 2 övladı var. 10 ildən artıqdır ki, Qaskoynla tanışdır. Amma onların arasında sevgi romanı son 6 ayda yaranıb.

“Tamamilə içmirəm desəm, yalan olar. Ancaq əvvəllər bu, həftələrlə, aylarla sürürdüsə, indi bir neçə gün çəkir. Mendi özümü ələ almaq üçün mənə kömək edir. Bu yaxınlarda 3 gün viskidən pəhriz saxladım. Bir kilo da çəki itirmədim, əvəzində isə 3 gün itirdim”, - Pol müsahibəsində ürəyini belə açıb.

Bütün İngiltərəni heyrətləndirən nikbinlik

Pol sağlamlığını və yaxınlarını ələ salmaqdan əl çəkib? İndiyə qədər ən məşhur 7 reabilitasiya mərkəzində müalicə almış birisi üçün bunu iddia etmək hələ ki, tezdi. Ancaq bu yaxınlarda Polun “Sport Fletch & Sav” şousunda iştirakı nikbinlik doğurur. Studiyada daha iki məşhur futbolçu Yan Rayt və Rio Ferdinand da vardı. Amma 75 dəqiqəlik verilişin ulduzu məhz Pol Qaskoyn oldu. Ciddi görkəm, düşünülmüş nitq və mükəmməl zarafatlar - fevralın 21-də veriliş efirə gedərkən bütün İngiltərə heyrət içində idi: “Bilirsiniz, bu yaxınlarda Londonda Kolin Hendri (şotlandiyalı futbolçu) ilə qarşılaşdım. Soruşdu ki, burada nə edirəm, o, elə bilirmiş ki, mən Bornmutda yaşayıram. Ona dedim ki, sən burda neynirsən? Mən səni 1996-ci ildə “Uembli”də basdırdım axı”.

Beynində ancaq bir fikir səslənir, əmr edir - iç, iç!

Şouda Qaskoyn etiraf edib ki, artıq xeyli vaxtdır hər səhər dua edir və bu, ona kömək olur. Amma eyni zamanda vurğulayıb ki, alkoqolizmə qalib gəlmək üçün ona kömək edə biləcək yeganə şəxs də elə özüdü: “Əvvəl düşünürdüm ki, bu, ziyanlı vərdişdir. Amma sonradan anladım ki, zəhlətökən ideyam dəhşətli qüvvəni qorumaq üçündür. Beyində ancaq bir fikir səslənir, əmr edir - iç, iç! İnanın, mən var gücümlə mübarizə aparıram, çünki əslində həyatı sevirəm. Qəzetlərə isə inanmayın. Onlar həmişə hər şeyi təhrif edirlər”.

Britaniya dua edir - ona çox şey vermiş adam üçün

Ötən ilin dekabrında Londonda yerləşən “Salon Pictures” kino şirkətinin nümayəndələri Polla əlaqə saxladılar. Qaskoyna onun haqqında tammetrajlı sənədli film çəkməyi təklif etdilər. Film 1990-cı ildə keçirilən dünya çempionatının 25 illiyinə həsr olunacaq. Məhz həmin çempionatda Pol özünü hamıya tanıtmışdı. Yarımfinal qarşılaşmasından sonra isə bütün dünya Qaskoyna təskinlik vermək istəyirdi. Filmin məqsədi (işçi adı “Qazza - britaniyalı quduz öküz”) onun bioqrafiyasını daha parlaq işıqlandırmaqdan ibarətdir.

Qaskoyn filmlə bağlı sirr verməməyə çalışır və yalnız zarafata salır: “Yalnız onu bilirəm ki, əsas rolu Şon Bin oynayacaq”. Britaniya dayanaraq bunun davam etməsini gözləyir və dua edir - ona çox şey vermiş adam üçün. O, həyatı sevir və indi də Britaniya üçün şou təşkil edir. Sadəcə, bu, onda həmişə alınmır.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm