Cəsarətli açıqlama: “Bura ehtiyatda oturmağa gəlməmişəm”
Bizi izləyin

İdman

Cəsarətli açıqlama: “Bura ehtiyatda oturmağa gəlməmişəm”

"Neftçi"nin icarə əsasında Xorvatiyanın "Hayduk" (Split) klubunda çıxış edən futbolçusu Ruslan Qurbanov klubun rəsmi saytına müsahibə verib.

Publika.az həmin müsahibəni təqdim edir.

- Ruslan, "Neftçi" azarkeşləri, futbolsevərlərimiz daim səninlə maraqlanır. Xorvatiyada, yeni komandanda özünü necə hiss edirsən?

- Əvvəlcə "Neftçi" azarkeşlərini burdan salamlayıram. Çox sağ olsunlar ki, xatırlayırlar, unutmurlar. Burda yeni olsam da, demək olar ki, mühitə öyrəşmişəm. Komandamızda əla ab-hava var. Artıq bir çox futbolçularla dostlaşmışam. Xüsusən də Artyom Milevski ilə əla münasibətimiz var.

- Yəqin ki, ilk oyuna çıxacağın günü səbrsizliklə gözləyirsən.

- Bura ehtiyatda oturmağa gəlməmişəm. İstəyirəm ki, özümü sübut edim. "Neftçi" rəhbərliyi "Hayduk"a keçidim üçün hər cür köməklik göstərdi. İndi qalır bu etimadı doğrultmaq. Bu gün Xorvatiya kuboku uğrunda oyunumuz var. 1/4 final mərhələsində cavab matçına çıxacağıq. Rəqibimiz "Vinoqradar" klubudur. Bu qarşılaşmada özümü ən yaxşı tərəfdən göstərməyə çalışacam. Məqsədim komandanın heyətində möhkəmlənməkdir.

- "Hayduk"da neçə nömrəli futbolka ilə oynayacaqsan?

- Əslində mən "Neftçi"də olduğu kimi 23 nömrəli futbolkanı istəyirdim. Amma mənə dedilər ki, istəsəm 7 nömrəli futbolkanı da götürə bilərəm. Hələ uşaq vaxtından bu nömrəli futbolka çox xoşuma gəlirdi. Ona görə də 7-ni seçdim.

- Komandanın hədəfləri barədə danışardın.

- Hazırda çempionatda 4-cü yerdəyik. Məqsədimiz avrokuboklara vəsiqəni təmin etməkdi. Ölkə kubokunda isə yalnız qələbə və maksimum nəticə üçün mübarizə aparırıq.

- Orda oyunlara azarkeş marağı nə səviyyədədi?

- Burda futbolu çox sevirlər. İnsanların futbola böyük marağı var. Ötən tur komandamızın ev oyununa çoxlu azarkeş gəlmişdi. Belə bir şəraitdə oynamaq futbolçu üçün də çox xoşdur. İstəyirəm ki, mən də öz oyunumla azarkeşlərin sevimlisinə çevrilim.

- İcarə müddəti mövsümün sonunda bitir...

- Düzdür, müqaviləm mövsümün sonuna kimidir. Bu müddətdə istədiyim oyunu nümayiş etdirə bilsəm, razılaşmanın müddəti uzanacaq. İstəyirəm ki, Azərbaycanı və "Neftçi"ni burada layiqincə təmsil edim.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm