San-Marinodan üç idmançı gəlir
Bizi izləyin

İdman

San-Marinodan üç idmançı gəlir

San-Marinonun Olimpiya Komitəsinin rəsmiləri öz idmançılarına Bakı-2015 Avropa Oyunlarında iştirak üçün üç yer veriblər.

Publika.az xəbər verir ki, bu yerlər cüdoçular Karim Qərbiyə və Cessika Zannoniyə, stolüstü tennisçi Letizia Giardiyə verilib. Məqsəd bu üçlüyə Rio-2016 Olimpiya Oyunlarında iştirak etmək üçün vəsiqə qazanmaq imkanı yaratmaqdır.

K.Qərbi 2013-cü ildə Lüksemburqda keçirilmiş Kiçik Ölkələrin Oyunlarında 100 kq çəki dərəcəsində qızıl medal qazanıb. 23 yaşlı idmançı, həmçinin 2012-ci ilin martında Malta beynəlxalq açıq çempionatında birinci yeri tutub.

30 yaşlı C.Zannoni Kiçik Ölkələrin Oyunlarında 1999-cu və 2001-ci illərdə 70 kq çəkidə və 2003-cü ildə 63 kq çəkidə gümüş medallar qazanıb. 2014-cü ilin noyabrında Cessika İtaliya çempionatında 78 kq çəki kateqoriyasında üçüncü yeri tutub.

L.Giardi bu mövsümdə Beynəlxalq Stolüstü Tennis Federasiyasının “Cadet Circuit” yarışlarında iştirak edib və İtaliya çempionatına vəsiqə qazanmış üç San-Marino idmançısından biri olub.

Bu yaxınlarda San-Marino nümayəndə heyətinin sədri Federiko Valentini digər 21 Milli Olimpiya Komitəsinin (MOK) nümayəndələri ilə birlikdə MOK-un açıq gün tədbirində iştirak etmək məqsədilə Bakıda olub. Tədbirdə qonağa seminarlarda, idman proqramlarının təhlili və digər işlərdə son hazırlıqların gedişi barədə təqdimatlarla məlumat verilib.

F.Valentini San-Marino MOK-un internet səhifəsində yazıb: “Bildirməliyəm ki, Azərbaycandakı təkşilati işlər məni heyran edib. Bütün təşkilati məsələlər və obyektlər Avropa Oyunlarınadək vaxtında hazır olacaq. Biz idmançılar və məşqçilər üçün rahat məişət şəraitinin yaradıldığını gördük. Mən gərgin idman mübarizəsi şəraitində keçəcəyi gözlənilən bu Oyunlar barədə Bakıdan çox razı və xoş əhvali-ruhiyyə ilə qayıdıram”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm